AZ

Azərbaycanda alimlik və elmi təcrübənin “fəlsəfi formulu”

III məqalə

Alimliyin komanda identikliyi

Hər tarixi dövrün özünəxas alimlik identikliyi ola bilər. XVI əsrdə italyan filosof Cordano Bruno yazırdı ki, “elm insan ruhunu qəhrəman etməyin ən yaxşı yoludur”. XX əsrdə isə akademik İ.İ.Artobolevski deyirdi: “Alimin vəzifəsi yalnız elmi təd­qiqatı inkişaf etdirməkdən ibarət deyildir, həm də elmin cəmiyyətin, dünyanın bütün insanlarının rifahı üçün istifadə edilməsi uğrunda çalışmaqdan ibarətdir”! 

Bu fikirlər dövrün dəyişməsi ilə alimlik haqqında təsəvvürlərin yeniləşməsini ifadə edir. C.Brunonun dövründə dini ehkamlarla mübarizə əsas yer tuturdu. XX əsrdə alimlik üçün şəxsi yaradıcılıqla yanaşı, ictimai faydalılıq ön sıraya çıxmışdı. XXI əsrdə isə alimlərin komanda formasında fəaliyyəti daha çox önəm kəsb etməyə başlamışdır.

Buna görə də indi fəlsəfi və elmi təd­qiqatlarda kollektiv komandanın yaradılmasına böyük əhəmiyyət verilir. Faktiki olaraq elmi araşdırmalar kollektiv xarakterlidir. Yaradıcı komandada fəaliyyət isə getdikcə daha çox dərəcədə alimliyin identikliklərindən biri kimi özünü göstərir. Azərbaycanda mövcud elmi təcrübə yaradıcı komandada fəaliyyətin vacibliyini göstərir. Burada əsas olaraq AMEA-da yaradıcı kollektivlərin elmi fəaliyyəti önə çıxır. 

Məsələnin mahiyyəti ondan ibarətdir ki, müasir araşdırmalara görə, yaradıcı komanda formalaşdırmaq asan proses deyildir. Burada qarşıya müxtəlif təbiətli çətinliklər çıxır. Onları aradan qaldırmaq üçün isə universal kriteriyalar mövcud deyildir. Çünki hər cəmiyyətin öz elmi təcrübəsi mövcuddur ki, o da konkret formada tarixən təşəkkül tapmışdır. Buna görə də, komanda formasında uğurlu fəaliyyət bu məsələyə yaradıcı yanaşmanı tələb edir. 

Azərbaycanda yaradıcı komanda yaratmanın öz təcrübəsi var. O, əsasən AMEA-da formalaşmışdır. Hazırda onun institutlararası əməkdaşlıq, problem üzrə əməkdaşlıq və layihələr üzrə əməkdaşlıq kimi formaları mövcuddur. Bu formaların hər birində də fərqli yaradıcılıq mühiti meydana gələ bilər. Məsələn, institutlararası əməkdaşlıqda yaradıcı komandanın formalaşmasında rəsmi tərəf üstünlük təşkil edir. Konkret araşdırma istiqaməti olan institutlar çox sayda mövzular üzrə ortaq araşdırma qrupları yarada bilər. Onların fəaliyyəti institutlar arasında əməkdaşlıq şərtlərinə uyğun olmalıdır.

Digər əməkdaşlıq forması olan problemlər üzrə tədqiqat komandalarının yaradılması artıq fərqli seçim tələb edir. Burada başlıca meyar seçilən problem üzrə ixtisaslaşmadan ibarət olur. Bu cür formalaşan tədqiqat komandaları mövzunu öncədən müəyyən edilmiş metodologiya ilə araşdıra bilər. Lakin bu zaman onların vahid metodoloji mövqeyə gəlməsi mühüm şərtdir. 

Nəhayət, konkret layihə forması getdikcə daha çox yer tutmağa başlayır. Bu formada layihədə tədqiqatın metodologiyası öncədən məlum olur. O, müxtəlif məzmunda ola bilər. Lakin komandaya daxil olanların hər biri məhz həmin formada tədqiqat aparmağı bacarmalıdır.

Belə çıxır ki, komanda kimi tədqiqat aparmanın müxtəlif formalarının olmasına baxmayaraq, ümumi şərtlər də vardır. Bu, tədqiqat komandasının yaradıcılıq qabiliyyəti ilə əlaqəlidir. Bütün variantlarda alimlər üçün ortaq yaradıcı mühitin formalaşması şərtdir. Bu cür mühit olmasa, komanda kimi tədqiqat elmi qəbul edilmir. 

Deməli, alimliyin komanda identikliyində fəaliyyətdə yaradıcı aspekt identikliyin əsas faktoru sayılır. Bununla yanaşı, komanda daxilində fəaliyyətin etik və komunikativ aspektləri də yeni səviyyədə əhəmiyyət kəsb edir. İndi filosoflar əmindirlər ki, komanda fəaliyyətində alimlik üçün sırf yaradıcı aspektlə mənəvi, etik və əxlaqi tərəflər də mühüm əhəmiyyət daşıyır. Bu da onu göstərir ki, komanda fəaliyyətində alimliyin identikliyi hər bir halda kompleks xarakterli olmalıdır. Bu kompleksə daxil olan kriteriyalar fərqli təbiətə malik olsalar da, onları birləşdirən şərtlər mütləq mövcud olmalıdır. Azərbaycanda həmin şərtlər hansı faktorlardan ibarət ola bilər? 

 Yaradıcı və psixoloji mühit 

Bu iki şərt alim identikliyi üçün tarixən çox mühüm olmuşdur. Komanda tərkibində isə müstəsna əhəmiyyət kəsb edir. Əgər əvvəllər alim yaradıcılıqla tək məşğul olurdusa və yaratmaqla biliyi paylaşmaq fərqli formada reallaşırdısa, komanda formasında eksklüziv olaraq, yaradıcılıqla psixoloji uyğunluq və ortaq elmi dil bir-birini tamamlamalıdır. 

Bu üç faktor hazırda müxtəlif elm sahələri nümayəndələrinin alimlik identikliyində əsas yeri tutur. Araşdırmalar göstərir ki, burada ünsiyyətlə biliyin paylaşılmasının harmoniyası mütləq şərtdir. Bu iki faktoru birləşdirsək, alim idendikliyində müasir mərhələdə elmi təcrübənin ötürülməsi məsələsinin xüsusi yer tutduğu qənaətinə gələrik. Bununla belə bir nəticə alınır ki, kollektiv yaradıcılıq, psixoloji uyğunluq, ortaq elmi dil və biliyin paylaşılması müasir alim identikliyinin kompleks şərtləridir. Bu üç identiklik faktoru isə elmi təcrübənin ötürülməsi mexanizmi vasitəsilə potensialdan aktuallığa, nəzəridən praktikliyə, mənəvi dəyərdən (və tələbatdan) konkret davranışa çevrilə bilir. Bu tezisin işığında Azərbaycanda elmi təcrübənin ötürülməsinə biliyin paylaşılması mexanizmi kimi baxmaq maraqlıdır. Məsələni bir az da konkretləşdirərək AMEA-da elmi biliyin paylaşılmasının yeri və roluna fəlsəfi nəzər salmağın faydası vardır.

Azərbaycanda biliyin paylaşılması ənənəsi

Ziyalı və alim identikliyi üçün bu faktorun Azərbaycanda tarix boyu əhəmiyyəti böyük olmuşdur. Elm tariximizə bu günün reallıqları işığında baxsaq, həmin aspektdə çox sayda faktlar üzə çıxır. Azərbaycan ziyalıları həmişə elmi, mənəvi, əxlaqi, sosial və maarifləndirici şəxslər kimi cəmiyyətdə ön sırada olmuşlar. Bu, Azərbaycan alimliyi üçün norma kimi qəbul edilmişdir – ziyalısansa, ictimai miqyasda öndə olmalısan! Həm də mühüm şərt gözlənilməlidir: dövlətin, cəmiyyətin xeyrinə öndə olmalısan. Alim bu mənada toplumun və dövlətin diriliyini, birliyini qoruyan sosial kəsim olmalıdır! Bu şərt indi də çox önəmlidir. Azərbaycan aliminin ziyalılığı müstəqil dövlətinin və fəzilətli toplumunun yanında olması ilə sıx bağlıdır. Ənənədən gələn özəllikdir ki, alim ən çətin məqamlarda “el”-in, yəni dövlətin yanında olmuşdur. 

Azərbaycanda toplum üçün (el üçün) hər ehtiyac yarananda alimlər müdaxilə etmiş, ziyalılar xilaskar rolunu oynamışlar. XX əsrdə bunun parlaq nümunəsini Azərbacyan Demokratik Respublikasını quranlar və ulu öndər Heydər Əliyev göstərmişlər. Demokratik Respublikanın qurucuları yüksək təhsil almış, dərin elmi tədqiqatlar aparmış, mənəvi-əxlaqi keyfiyyətlərinə görə əsl Azərbaycan ziyalısı olmuşlar. 

Ümummilli lider Heydər Əliyev ayrı bir fenomendir. Ulu öndər dərin elmi təfəkkürü, Azərbaycan tarixi, dünya siyasəti barədə geniş məlumatlı, xalqın psixologiyasına, adət-ənənəsinə dərindən bələd olan dahi şəxsiyyət idi. Heydər Əliyev mənəvi-əxlaqi keyfiyyətləri və davranışları ilə nümunə olan Azərbaycan ziyalısı, bilicisi və lideri idi. 

Bizdə ziyalılıq toplumun yaradıcı və mənəvi-əxlaqi enerjisini özündə birləşdirən şəxsiyyətlərdə təcəssüm etmişdir. Tarixin hər bir dönəmində cəmiyyətin yükü onların çiyninə düşmüşdür. İndiki mərhələdə Azərbaycan alimlərinin identikliyində bu ənənənin saxlanması çox vacibdir. Yəni ənənədən gələn davranış nümunələri və biliyin paylaşılması mexanizmləri bütün gücü ilə işləməlidir. Biz konkret nəyi nəzərdə tuturuq?

Azərbaycanda alimliyin gözəl nümunələri vardır. Həmin nümunlərdə yaradıcılıqla cəmiyyət üçün faydalı olmaq harmoniyada olmuşdur. Böyük alimlərimizin biliyinin indiki dövrdə paylaşılması çox vacibdir. Onların təcrübələrinin öyrənilməsi müasir mərhələdə alimlik identikliyinə müsbət təsir göstərər. 

Eyni zamanda, indi yaşayan Azərbaycan alimlərinin elmi təcrübəsinin yeni nəslə ötürülməsi biliyin paylaşılmasının əsas məqamlarından biri olmalıdır. Bununla iki məqsədə çatmaq olar. Birincisi, Azərbaycanda fəlsəfi və elmi təfəkkürün məzmun və mahiyyətini daha dərindən dərk etmək mümkündür. İkincisi, biliyin paylaşılması mexanizminin icrası hazırda fəaliyyətdə olan alimlər arasında ünsiyyəti inkişaf etdirər. Alimlərarası ünsiyyət faktoru komanda formasında tədqiqat aparmaqda önəmli yer tutur.

Məsələnin bu tərəfinin mənəvi cəhətini V.Q.Belinski yaxşı ifadə etmişdir. O yazırdı ki, “şagird müəllimi rəqib deyil, nümunə kimi görsə, heç zaman ondan üstün olmayacaq.” Azərbaycanda ziyalılıq və alimlik ənənəsinin işığında bu fikir dərin məna daşıyır.

Alimlərin elmi münasibətləri

Burada bir məsələni xüsusi qeyd etmək gərəkdir. Adətən, alimlərin yaradıcı münasibətləri onların yazdıqları məqalələr və əsərlərin başqaları tərəfindən oxunması formasında reallaşır. Vahid komandada fəaliyyət zamanı isə ünsiyyət forması dəyişir – yaradıcı adamlar birbaşa ünsiyyətdə biliklərini paylaşırlar. Bu paylaşımın uğuru onların nə dərəcədə ortaq elmi təfəkkür tərzinə malik olmasından xeyli dərəcədə asılıdır. Əgər Azərbaycanda elmi təcrübənin ötürülməsi mexanizmi daim inkişaf etsə, nəsillərin yeniləşməsi zamanı öncəki mərhələ ilə əlaqə kəsilməz. Əksinə, təcrübənin əxz edilməsi ilə alimlərin düşüncələrini birləşdirən çox faktorlar meydana çıxar. Bu da bütün hallarda komanda yaradıcı fəaliyyətində müsbət nəticələr verər. 

AMEA bu baxımdan geniş imkanlar məkanıdır. Bu qurumda çalışmış tanınmış alimlərin zəngin tədqiqat və bilik təcrübəsi vardır. İndi həyatda olan akademiklərimizin də elmi tədqiqat təcrübəsi çox yararlıdır. Bütün elm sahələrində gənc Azərbaycan alimləri üçün nümunə ola biləcək yaradıcı ziyalılarımız vardır. Onların elmi təcrübələrinin sistemli və davamlı öyrənilməsi vacibdir. Biliyin paylaşılması yaradıcılığın inkişafına təkan verdiyi kimi, alimin sosial məsuliyyətini daha dərindən dərk etməsinə yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan alimlərinin təcrübəsinin öyrənilməsi milli ideya kimi dövləti məsələlərin də dərkində çox yararlı olacaqdır. Çünki Azərbaycan alimləri həmişə dövlət və xalqın inkişafı üçün çalışmışlar və bu təcrübənin gənc yaradıcı insanlar tərəfindən dərk edilməsi vacib məsələdir. 

Nəhayət, müasir mərhələdə Azərbaycan alimlərinin identikliyində dünya miqyasına çıxmaq mühüm rol oynayır. Məsələ ondan ibarətdir ki, qloballaşma dövründə özünə qapalı olan elm və elmi fəaliyyət ola bilməz. İndi qarşılıqlı əlaqələr o dərəcədə inkişaf edir ki, komanda yaradıcı fəaliyyəti bir ölkə hüdudlarına sığışmır. Dünyanın müxtəlif ölkələrinin alimləri vahid proqram və ya layihə üzrə əməkdaşlıq edirlər. Avropada bununla bağlı nəhəng araşdırma komandalarının yaradıldığı məlumdur. Obrazlı desək, alimlər üçün bütün dünya “silikon vadisi”dir. Bu prosesdən kənarda qalmaq, təbii ki, zərərlidir. Ona görə də Azərbaycan alimliyində beynəlxalq miqyasda araşdırmaçı olmaq keyfiyyəti identikliyin mühüm faktorudur. 

Bu baxımdan da AMEA-nın son illərdəki fəaliyyəti diqqəti çəkir. Təşkilatın beynəlxalq əlaqələri getdikcə daha sürətlə inkişaf edir və genişlənir. Bununla AMEA alimlərin beynəlxalq miqyasda identifikasiyası istiqamətində də faydalı işlər görür. Bu prosesin davam edəcəyi və yeni səviyyəyə yüksələcəyi şübhə doğurmur.

Beləliklə, alim identikliyi hazırda çox əhəmiyyətli məsələyə çevrilmişdir. Müasir dünyanın özəllikləri və elmin bütövlükdə cəmiyyətdə yeri və rolunun yeni səviyyəyə yüksəlməsi, bu problemə fərqli məzmun verməkdədir. İndi elmi siyasətdən, siyasəti isə mənəviyyatdan ayrı tutmaq XXI əsrin reallıqları prizmasında vəziyyətə adekvat görünmür. Buna görə də müstəqil dövlət üçün alim identikliyinin kompleks halında təmin edilməsi strateji əhəmiyyət daşıyır. Bu prosesdə dövlət-cəmiyyət-alim birliyi xüsusilə önəmlidir! 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla