AZ

Vətən üçün şəhid olan Cəmil

Cəmil Anar oğlu Qurbanzadə 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı Vətən naminə mərdliklə döyüşüb qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 19 yaşında qan töküb torpağı Vətən edən igid Cəmil Astara şəhərində dünyaya göz aşıb. Həyatı dərk edən gündən Azərbaycanın müqəddəs parçası olan Qarabağın düşmən tərəfindən işğalına qarşı barışmaz mövqe ortaya qoyub. Həmişə ” Müharibə başlansa ön sırada mən gedəcəyəm, yağıya qan uddurub əsir torpaqların, şəhid Vətən övladlarının qisas alacağam”- deyib.

44 günlük haqq savaşımız başlananda Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşmış Cəmil orta məktəbin sonuncu sinfində oxuyub. O, könüllü ərizə yazıb ön cəbhəyə, erməni dığalar ilə döyüşə getmək istəyib. Amma Cəmilə bildiriblər ki, hələlik ehtiyac yoxdur. Sən dərslərini yaxşı oxu. Lazım gəlsə, gedərsən...

Köksündə əsl qəhrəman ürəyi döyünən Astara elinin Vətən sevdalısı şəhər 2 saylı tam orta məktəbini bitirib 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında əsgər yaşına çatıb və ordu sıralarına yola düşüb. Xidmət zaman ilk gündən fəallığı, nizam-intizamı ona hörmət qazandırıb. Həmçinin onun igidliyi, mərdliyi, dürüstlüyü bütün əsgər yoldaşlarına nümunə olub. Hər daşına, qayasına vurğun Vətənini canından artıq sevməklə göz-bəbəyi kimi qoruyub. Və rəşadət, şücaət qanında-iliyində olan Cəmil Qurbanzadə tərxis olmağına 18 gün qalmış özünü düşmənə göstərə bilib. Belə ki, Müzəffər ordumuzun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması zamanı gözünü qırpmadan, ölümə meydan oxumaqla döyüşə girib. Nəticədə Cəmil kimi qeyrətli oğlanların sayəsində yağı darmadağın edilib. Torpaq uğrunda axıtdiğı qanı ilə Cəmil Vətənə olan məhəbbətini möhürləyib. Bununla əbədiyyətə qovuşan igidin şərəfli ölümü ona milyonların ürəyində əzəmətli adidə ucaldıb. Həm də bütün Azərbaycanın əzizinə dönərək adı tarixə düşən Cəmil Qurbanzadə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

İndi Astara şəhər qəbiristanlığında sevdalandığı Vətən adlı sevgilisinin sinəsinə ədədi baş qoyan Cəmil xalq tərəfindən hər an, hər yerdə böyük ehtiramla xatırlanır, onun şərəfli, qısa ömür yolunu gənclərə örnək bilirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla