AZ

Ömrünü xalqına bağışlayan Dahi Lider



Müstəqil Azərbaycanın memarı və qurucusu, ən mürəkkəb və çətin vəziyyətlərdə düzgün yolu tapmağı bacaran, xalqına bağlı olduğunu Azərbaycanın varlığı naminə göstərdiyi tarixi xidmətləri, sədaqəti, əməli fəaliyyəti, lider qətiyyəti ilə təsdiqlədi. Azərbaycanlı adı ilə həmişə fəxr edib öyünən ümummilli lider Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanın qüdrətlənməsi, müstəqil ölkə kimi dünyada tanınmasına həsr etdi. Müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində, Azərbaycana ilk rəhbərliyi dövründə digər müttəfiq respublikalar kimi, Sovetlər Birliyinin tərkibində olan, Moskvadan idarə edilən Azərbaycanda milli hərbi kadrların hazırlanması Ulu Öndərin ən böyük arzusu idi. O dövrdə sarsılmaz iradə, qətiyyət, cəsarət və hər şeydən öncə böyük risk tələb edən bu istəyin gerçəkləşməsi üçün baza kimi, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradan Ulu Öndərin uzaqgörən siyasəti sonrakı illərdə bəhrəsini verdi. Sovet rejiminin, kommunist ideologiyasının hakim olduğu bir zamanda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb etsə də, Ulu Öndər qətiyyəti ilə bu «qırmızı xətti» də keçə bildi. Cəsarət tələb edən bu cür təşəbbüsün müəllifi yalnız xalqının gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr etmək istəyini reallaşdırmaq gücünə malik Heydər Əliyev kimi öndər ola bilərdi. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan Hərbi Liseydə minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır.
«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir» ideyası ilə azərbaycanlılardan ibarət hərbi kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşan Ulu Öndər bildirirdi ki, Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir. Ulu Öndərin əmin olduğu həqiqət bu idi: «Xalqla ordunun birliyi dövlətin varlığının təməl prinsipidir.» Ermənistanın torpaqlarımızı işğal etdiyi zamanlarda «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» söyləyən ümummilli lider Heydər Əliyev iftixar hissi ilə bildirirdi ki, respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını, sərhədlərimizi qoruyan qüdrətli Silahlı Qüvvələrimiz vardır. Bir zamanlar Hərbi Liseyin partaları arxasında əyləşən kursantlar, sonralar Qarabağ uğrunda gedən döyüşlərdə təcrübəli zabitlər kimi vuruşdular. 2016-cı ilin Aprel döyüşlərində də C.Naxçıvanski adına Hərbi Liseyin məzunları böyük hünər və rəşadət göstərdilər. Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı fəxri adına yüksələn üç zabitdən ikisinin bu təhsil ocağının yetirməsi olması çox qürurvericidir.

…20 iyul 1990-cı ildə Moskvadan doğma Vətəninə qayıtdıqdan sonra bir gün Bakıda qalan, yaranmış vəziyyətlə əlaqədar ata-baba yurdu Naxçıvana dönən, az sonra həmyerlilərinin tələbi ilə Naxçıvan MR Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev ordu quruculuğu ilə bağlı islahatlarını burada da davam etdirdi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı illərində Naxçıvanı qorumaq üçün səylərini artıran ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikanın parlamentində SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın Naxçıvanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Məsələ ilə bağlı Naxçıvan MR Ali Məclisinin Rəyasət Heyəti tərəfindən 2 yanvar 1992-ci ildə qəbul olmuş «Keçmiş SSRİ-nin silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki hissələrinin statusunun müəyyən edilməsi və onların yerli dövlət hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra məsələlər haqqında» qərarda qeyd olunurdu ki, hərbi hissələrin komandanlıqları yuxarıda göstərilənlərin hamısı, sərəncamlarında olan hər bir şey haqqında beş gün müddətində muxtar respublika Ali Məclisinə yazılı məlumat təqdim etməli və Ali Məclisin icazəsi olmadan respublika ərazisindən, hərbçilərin şəxsi əşyaları istisna olmaqla, heç bir şey aparılmamalıdır. Belə də oldu. Adı çəkilən hərbi hissələrin texnikası və hərbi avadanlıqları muxtar respublikada saxlanılaraq yeni yaradılan hərbi hissələrə verildi.

1993-cü ildə ölkədə baş verən məlum hadisələrlə əlaqədar xalqın tələbi ilə Bakıya qayıdan, əvvəl Azərbaycan Respublikası Ali Sovetinin Sədri, sonra Prezident kimi ölkədə sabitlik naminə önəmli addımlar atan Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı islahatlar nəticəsində Silahlı Qüvvələrimiz gücləndi. Müxətlif təmayüllü, ixtisaslı kadrların hazırlandığı ali hərbi məktəblər yaradıldı. Qonşu ölkələrlə hərbi sahədə yaradılan əməkdaşlıqlar gücləndirildi.

Ermənistan üzərində tarixi Zəfərimizin başlanğıcı adlandırılan 2016-cı ilin Aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü, qüdrətini göstərdi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji əhəmiyyətə malik mühüm ərazilər işğaldan azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Naxçıvanın müdafiə qüdrətinin artırılmasına, təhlükəsizliyinin təminatına göstərilən diqqət də yüksək səviyyədə təşkil edildi. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Ümumqoşun Ordunun hərbi texnika və avadanlıqlarla təchizatına diqqət artırıldı. Naxçıvan Muxtar Respublikası ərazisində həyata keçirilən Günnüt əməliyyatının uğurla başa çatması, düşmənin işğalı altında qalan 11 min hektar ərazinin azad olunması Silahlı Qüvvələrimizin qüdrətini göstərməklə Naxçıvanın etibarlı müdafiəsinin, hərbi potensialının gücləndirilməsinin də nümunəsi idi. Bu islahatlar sonradan Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirildi.

Ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə oldu. Hərbçilərimizi Vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran, hərbi hissələrin modernləşdirilməsinə kompleks yanaşan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində davam etdirdiyi siyasət Silahlı Qüvvələrimizin şəxsi heyətinin mübarizə əzmini və döyüş hazırlığını yüksəltdi. Aparılan islahatların nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyada ən güclü 50 ordusu sırasında çəkilir. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin heyrət doğuran qəhrəmanlığı, düşməni ən yüngül silahlarla darmadağın edərək Şuşanı işğaldan azad etməsi hərbçilərimizin qəhrəmanlıq dastanına çevrildi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq» sözlərinin təsdiqi hazırda dünyanın ən tanınmış hərbi məktəblərində Azərbaycan hərbçilərinin döyüş təcrübələrinin öyrənilməsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu şanlı Qələbənin qazanılmasının əsasında təkcə ən müasir silahların deyil, qəhrəman hərbçilərimizin Vətənə bağlılıq duyğularının dayandığını dəfələrlə vurğulayıb. Dövlət başçımızın bu sözləri Silahlı Qüvvələrimizin əsgər və zabitlərin qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təzahürüdür: «Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.» Bu dəyərləndirmə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin müdrik şəxsiyyət Heydər Əliyevin siyasətinə, ata vəsiyyətinə sadiqliyinin ifadəsidir.


Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
aia.az




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla