AZ

Şirkətlərdə daha çox hansı işçilər ixtisara düşür?

Bəzən şirkətlərdə işçilərin ixtisara salınması gedir. Bu zaman şirkət işdən çıxarılacaq işçilərlə bağlı seçim etməli olur. Hansı işçilər qalacaq, hansılarla yolları ayıracağını müəyyənləşdirir. Şirkətlər bu proses zamanı bir çox nüansları nəzərə alırlar. O nüanslar hansılardır? Şirkətlər daha çox hansı işçiləri ixtisar edir?

Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, ixtisar prosesi konkret qayda-qanun ilə tənzimlənməlidir:

“İxtisar barədə işçilərə məlumat verilməli, sonra bu prosesə başlanılmalıdır. Prosesə başlayan zaman ən düzgün yol lazımsız funksiyaların ləğvi, iş analizinə görə vəzifə bölgüsünün düzgün aparılmasıdır. Yəni, ixtisar zamanı işçinin faydalılıq əmsalına baxmaq lazımdır. İşçi şirkətə nə qədər fayda verir, həmin işçi ixtisar olarsa, şirkət nələr itirəcək və hansı hallar ilə qarşılaşa bilər. Bütün bunlara baxıldıqdan sonra ixtisar prosesinə başlamaq olar. Ən düzgün yol budur.

Gözəyarı ixtisar aparmaq olmaz. Çünki biz lazımi işçiləri ixtsar edə bilərik ki, bu da onsuz da vəziyyəti pis olan şirkətin vəziyyətini daha da çətinləşdirər”.

İdarəetmə üzrə təlimçi Ahmet Kandemir bildirir ki, ixtisar şirkətin düşdüyü maddi çətinliklərdən xilas olmaq üçün iş yükündə azaltma etməsidir:

“Şirkət kiçilirsə, mağazalarının bağlayırsa, burada işçilər ixtisar olunur, şirkətə əmək sərf etmiş insanlar, başqa filiallara yönəldirilir. Amma ümumiyyətlə, ixtisar maddi problemləri azaltmaq üçündürsə, prinsip olaraq maaşı yüksək olan insanlardan ixtisara başlamaq lazımdır. Yəni, kimin şirkətdə maaşı çoxdursa, faydalı olsa belə, onu digər uyğun maaşlı kadrlarla əvəz etmək olar. Bu tərəfdən ixtisarı qiymətləndirmək lazımdır”.

Təlimçi deyir ki, ixtisar son vaxtlar rəhbərlərin işləmək istəmədiyi insanları işdən uzaqlaşdırmaq üçün qanuni bir vasitə halına gəlib:

“Rəhbərin işçidən xoşu gəlmirsə, işlərində anlaşılmazlıq olursa, ixtisar adı altında onu işdən çıxara bilir. İxtisar edən zaman ilk olaraq onun nəticələrini araşdırmaq, sonra ixtisar edəcəyimiz şəxslərin gördükləri işi şirkət daxilində və ya kənardan gələcək işçilərdən daha aşağı maaşla əvəzlənə bilməsinə baxmaq lazımdır. Yüksək maaş alan işçini ixtisar edən zaman şirkətin də işinin geriləməsinə səbəb olmamaq lazımdır. İşçinin savadı, şəxsi keyfiyyətləri ilə yanaşı onun aldığı maaş burada əsas faktor olmalıdır”. 

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla