AZ

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Bakı, 8 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, eləcə də həssas əhali qruplarından olan şəxslər iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətini xalqımızın rifahının yüksəldilməsinə, ölkəmizin gələcəyinin qurulmasına həsr edib. O, Ümummilli Liderin cəmiyyətin həssas kateqoriyadan olan nümayəndələrinə daim xüsusi qayğı ilə yanaşdığını, onların sosial müdafiəsi məsələlərini diqqət mərkəzində saxladığını vurğulayıb.

Qeyd edilib ki, Masallı sakinləri hər zaman bu sosial dəstək tədbirləri ilə əhatə olunublar. İmtiyazlı kateqoriyadan olan digər şəxslər kimi, rayon ərazisində yaşayan ahılların da sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, ictimai faydalı fəaliyyətə qoşulması, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev qeyd edib ki, Agentliyin regional filialları tərəfindən hazırda 3 min 448 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Masallı rayonu üzrə isə hazırda 61 vətəndaşa evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 21-i əlilliyi olan şəxslərdir.

Ahıl şəxslər çıxışlarında daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə təşəkkür ediblər.

Tədbirin yekununda region üzrə 20-ə yaxın əlilliyi olan şəxsin 200-ə yaxın əl işinin nümayiş olunduğu “Ulu zirvə” adlı satış sərgisi təşkil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla