AZ

Misraların sevgi işığı

İslam Qəribli – 70

Görəsən, dünyanın açılmayan bir sirri qalıbmı? Axı bütün sirlər gec-tez açılır. Elə İslam Qəriblinin “Gecikmiş görüş”ü də onun sirli, sehirli könül dünyasının gizlinlərini, gec də olsa, açdı. Məhz  bu kitabından sonra filologiya elmləri doktoru, professor İslam Qəriblinin gözəl müəllim, tədqiqatçı-alim, publisist olmaqla yanaşı, həm də gözəl şair olması üzə çıxdı, onu sevənlər üçün əsl tapıntı oldu.

Adətən, istedadın, uğurun 90 faizi zəhmətə bağlıdır, deyirlər. Yaxşı müəllim, alim olmaq üçün çox çalışmaq, bilik xəzinəsini qətrə-qətrə toplamaq lazım gəlir. Amma bu ölçü, mizan, tərəzi şairlik üçün keçərli deyil. Şairlik – tanrı vergisidir, könül işidir. Ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar da “Şair ola bilməzsən, anan doğmasa şair” deyirdi. Bunları niyə xatırlayıram? Fikrimcə, alim İslam Qəriblinin şair kimi qəlbinin dərinliklərində hifz etdiyi, ən yaxınlarına belə aşkarlamadığı, “ismi pünhan”a yazdığı zərif sevgi duyğuları elə ilahi vergi təzahürləridir.    

Elmi rəhbərim professor İslam Qəriblinin tədqiqat əsərlərinin, demək olar ki, əksəriyyəti ilə tanışam. Azərbaycan romantizminin nümayəndəsi Məhəmməd Hadi haqqında silsilə yazılarını oxuyanda həmişə düşünürdüm ki, İslam müəllimin saçlarını ağardan, vaxtsız bəmbəyaz edən məhz nakam şairin dərdidir, talesizliyidir, məhəbbətinin ağrısıdır. “Gecikmiş görüş” göstərdi ki, Məhəmməd Hadi ilə İslam Qəriblini üst-üstə düşən acı eşq hekayətləri də varmış və onları yaxınlaşdıran, doğmalaşdıran, bəlkə də, elə bu hisslərmiş. Hamının qınına çəkildiyi “boz”, rəngsiz dünyamızda bütün ürəklərin saf, səmimi məhəbbətə ehtiyacı var, əslində:

O ötən günlərim bir iztirabdır,

Saçıma ələnən qırovdur, qardır,

O qədər intizar çəkmişəm ki, mən,

Ürəyim həsrətdən qabar-qabardır.

Hər ürək ürək deyil, hər ürək sevə bilmir. İslam Qəribliyə görə, məhəbbət həm də ilahidən gələn səbr deməkdir. Şairi ayaqda saxlayan da elə tanrının məhəbbətlə qoşa yaratdığı cəbr və səbrdir:

Bu nadan ağlımın dözdün cəbrinə,

Döndün sən sinəmdə qərib qəbrinə,

Səbr etdin illərlə, qurban səbrinə,

Səni əzablara yar elədim mən.

İslam Qəriblinin “ismi-pünhan”a sevgisi təmizdir, alidir, təmənnasızdır. Bu eşqdə Həzrəti Yusif səbri gizlənir:

Dünya yalan dünya, yaxşı var, bəd var,

Hər işə əndazə, hər sözə hədd var,

Bizim aramızda keçilməz sədd var,

O səddi keçməyə cəsarətim yox!

Onun bir çox şeirləri həzin mahnı təsiri bağışlayır. Əzabında nikbinlik var bu duyğuların. Buna görə də “tale qarğışı” həyatın müəyyən dönəmində “alqış”a dönür. Nə yaxşı ki, “Qəfil tutan bir qarğışdı məhəbbət”, – deyən şairin arzusu çin olur. İllər şair İslam Qəriblini əyə bilmir, əksinə, dikəldir. Ömrünün 70-ci baharını qeyd edən alim-şair İslam Qəriblini ayaq üstə saxlayan təmiz, ləkəsiz məhəbbətindən aldığı güc, ümid bu gün də onu dağ əyilməzliyində saxlayır. O taylı–bu taylı Azərbaycanda, Türk dünyasında professor İslam Qəribli ədəbiyyatşünas alim-tədqiqatçı kimi tanınır, sevilir. Tələbələri üçün o, həm də gözəl müəllim-pedaqoqdur. Özü üçünsə:

Elə zənn etmə ki, hissiz, lal daşam,

Mən dərdə ortağam, qəmə qardaşam,

Sirrim öz içimdə, sirrə sirdaşam,

Tanı bu nişanla, tanısan məni.

Çoxşaxəli elmi yaradıcılığa malik ədəbiyyatşünas alimi fərqli baxış bucağından – lirik şair kimi tanıtmaq istədim. Sizi bilmirəm, mən İslam Qəriblini lirik şeirlər müəllifi – məhəbbət şairi kimi daha çox sevirəm:

Məhəbbət sahili görünməz ada,

Kimlər baş əyməmiş bu böyük ada? 

70 illik yubileyiniz mübarək, gözəl şair, dəyərli alim, sevilən müəllim! Ömrünüzün  davamı da doğma yurd-yuvaya, torpağa, vətənə, əzizlərinizə sevgi ilə yoğrulsun!

Esmira İSMAYILOVA, 
Lənkəran Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla

Reytinq