AZ

Əfqanıstanda yaşayan azərbaycanlılar

Soydaşlarımız bu ölkədə necə və nə vaxt məskunlaşıblar?

Azərbaycanlıların nisbətən sıx məskunlaşdıqları əcnəbi ölkələrdən biri də Əfqanıstandır. Rəsmi statistikaya görə, Əfqanıstan ərazisində soydaşlarımızın sayı 400 min, qeyri-rəsmi mənbələrə görə isə 2 milyon nəfərə çatır. Bəs azərbaycanlılar Əfqanıstanda nə vaxtdan yerləşib? Bu və digər maraq doğuran məsələlərə aydınlıq gətirmək üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı ilə görüşüb söhbət etdik:

– Azərbaycan kökənli əhalinin Əfqanıstanda məskunlaşması barədə tarixi mənbələr nə deyir?

– Əfqanıstanda yaşayan Azərbaycanlıların bu bölgəyə gəlişi əsasən XI–Xll əsrlərə təsadüf edir. Məsələn, qədim türk tayfaları sayılan əfşarlar bura səlcuqlarla birlikdə XI əsrdə gəliblər. Daha sonra, Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736-1747) Qarabağ bölgəsindən qacar, şahsevən, bayat, otuziki və digər tayfaların Mərv, Qəndəhar, Qəznə bölgələrinə köçürülmə prosesi davam edib. Həmin dönəmdə Qarabağdan bir çox aillələrin Mərv şəhərinə köçməsi də tarixi faktdır. Lakin burdakı qarabağlılar özbək–əfqan hərbi münaqişələri (1750-ci illər) səbəbindən oradan Herat şəhərinə köçməyə məcbur olublar. Məhz Mərv şəhərindən Herata gəldikləri üçün burada artıq mərvilər kimi tanınıblar. 

Qarabağdan köçürülən soydaşlarımızın bir hissəsi öz dillərini unudaraq dəri (dari) dilində danışsalar da, mərvilər öz ana dilini – Azərbaycan dilini qoruyub saxlayıblar. Mərvilər hazırda daha çox Əfqanıstanın Şəkiban adlı bir qəsəbəsində yaşayır və sayları təqribən 18 min nəfərdən ibarətdir. Onlar  öz dillərini, mədəniyyətlərini və etnik kimliklərini saxlaya biliblər. Onu da qeyd edək ki, Səfəvilər, Əfşarlar, Qacarların hakimiyyəti illərində həmyerlilərimiz yüksək zümrələrdə təmsil olunublar. Mərv, Herat, Qəndəhar və digər ərazilərdə əyalət hakimləri arasında azərbaycanlılarln daha çox olduğunu tarixi mənbələr təsdiq edir.  

– Məlumdur ki, Əfqanıstanda qızılbaşlar da çoxdur. Onlar ölkə Konstitusiyasında rəsmi olaraq etnik qrup kimi tanınırlar. Hətta bu ölkənin dövlət himnində qızılbaşların adı qeyd olunur...

– Qeyd edək ki, XVII əsrin əvvəllərində Səfəvi hökmdarı I Şah Abbas tərəfindən imperiyanın şərq sərhədlərini qorumaq və etnik dayaq yaratmaq məqsədilə Əfqanıstan ərazisində bir çox etnoslar, xüsusilə də qızılbaşlar məskunlaşdırılıb. Bu proses yuxarıda qeyd etdiyimiz kimi 1737-ci ildən sonra Nadir şah və Abdallı Əhməd xan Durrani (ilk əfqan şahı) tərəfindən də davam etdirilib. Bu gün Əfqanıstanda yaşayan qızılbaşlar ölkənin ən təhsilli kəsimi sayılır və bir çox yüksək dövlət vəzifələri məhz onlara həvalə olunub. 

Əfqanıstanda indi qızılbaşların sayının 400 minə yaxın olduğu bildirilir. Onların böyük əksəriyyəti fars və tacik əhalisi ilə əhatə olunduqları üçün hazırda dəri və tacik dillərində danışırlar. Öz dillərini qoruyub saxlayanlar da var. Qızılbaşlar Əfqanıstan konstitusiyasında rəsmi olaraq etnik qrup kimi tanındığı üçün onların adı dövlət himnində çəkilib. 

–  Çağdaş Əfqanıstanda Azərbaycan mənşəli toponimlərə də rast gəlinir. Bu barədə də məlumat verərdiniz...

– Əfqanıstanda yaşayan azərbaycanlı soydaşlarımız öz kimliklərini toponimlərdə yaşadaraq, doğma Azərbaycandan “apardıqları” Qarabağ, Bayat, Şəki, Əfşar yer adlarını öz yaşadıqları məntəqələrə veriblər. Bundan başqa hazırda orada Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Otuzikilər, Şahsevən kimi toponimlər  mövcuddur. Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 kilometr şimalda, Baqram avia-
bazasının 20 kilometr cənub-şərqində yerləşir. Burada təxminən 20 min soydaşımız yaşayır. Qarabağ adını daşıyan ikinci yaşayış məntəqəsi isə Qəznə vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir və əhalisinin sayı 60 minə yaxındır. Mərvilərin yaşadığı qəsəbələrdən biri Şəki-Ban adlanır. 

– Əfqanıstandakı soydaşlarımızın Azərbaycan dövlətindən, xalqından umduqları nədir?

 – Əfqanıstanda baş verən siyasi proseslər, azərbaycanlı soydaşlarımızın ağır durumu xalqımızı narahat edir. Taliban rejiminin əhalinin mədəni-intellektual təbəqələrinə, xüsusislə də türksoylu xalqla qarşı mənfi münasibəti yerli sakinlərdə narazılıq doğurur. Təəssüf ki, talibançılar şəhər və əyalət mərkəzlərində məskunlaşan türksoylu əhaliyə qarşı təqib və təzyiqləri günbəgün artırırlar.  

Talibanın artan təhdidləri türksoylu əhalinin məcburi mühacirətinə səbəb olur. Əfqanıstanda məskunlaşan soydaşlarımızın taleyinə biganə qalmamalıyıq. Burada yaşayan yüz minlərlə Azərbaycan kökənli əhali Bakıdan siyasi və mənəvi dəstək umur.  

Hazırda Əfqanıstanda yaşayan Azərbaycan kökənli əhalinin ölkəmizlə elm, mədəni və humanitar sahələrdə əlaqələrinin genişləndirilməsi olduqca vacibdir. Unutmayaq ki, milli geosiyasi maraqlarımız  Mərkəzi Asiyanın əhəmiyyətli dövlətlərindən olan Əfqanıstanla qarşılıqlı inam və etimad əsasında tərəfdaşlığı zəruri edir. 

Pünhan Əfəndiyev,
Məsaim Abdullayev
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla