AZ

Heç vaxt unudulmayacaq tarix - 9 May!

9 may 1945-ci il. Tərəqqipərvər bəşəriyyət bu tarixi heç vaxt unutmayacaq və onu canları, qanları, həyatları hesabına yazan milyonlarla qəhrəman insanın xatirəsini həmişə əziz tutacaq. Həmin gün İkinci Dünya müharibəsində əldə olunan böyük Qələbənin müjdəsi verildi. Bəşəriyyət uzunillik müharibədən, dağıntılardan, iztirablardan, məhrumiyyətlərdən, aclıqdan, səfalətdən qurtulmuşdu. Buna görə də illər bizi 1945-ci ilin 9 Mayından uzaqlaşdırsa da, bu əlamətdar tarixin önəmi azalmır. Bu gün İkinci Dünya müharibəsində qazanılan qələbənin 79-cu ildönümüdür.  Qələbə günü İkinci Dünya müharibəsində iştirak etmiş əksər dövlətlərdə, o cümlədən də Azərbaycanda dövlət səviyyəsində bayram kimi qeyd olunur.

Nüvə silahının tətbiq olunduğu ilk və yeganə müharibə

İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixində ən böyük və ən qanlı savaşlardan biridir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, bu müharibə dünya tarixinə nüvə silahının tətbiq edildiyi ilk və yeganə müharibə kimi düşüb. Müharibədə həmin vaxt dünyada mövcud olan 73 dövlətdən 62-si və dünya əhalisinin 80 faizi iştirak edib. Döyüşlərə 1.700 milyon insan - dünya əhalisinin dörddə üçü  qatılıb.  Hərbi əməliyyatlar 40 dövlətin ərazisində və dünyanın bütün okeanlarının sularında aparılıb. 

Müharibə 50 milyondan çox insanın həyatını alıb, təxminən 100 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb. İkinci Dünya müharibəsində antifaşist koalisiyasının hərbi itkiləri 16 milyon, mülki itkiləri 30 milyon nəfər, faşist blokunda birləşən müttəfiqlərin isə hərbi itkiləri 9 milyon, mülki itkiləri 8 milyon nəfərdən çox olub. Antifaşist koalisiyasında ən çox hərbi itkini Azərbaycanın da daxil olduğu keçmiş SSRİ verib - 11 milyon nəfər. Müharibənin sonunda SSRİ-nin əlində 3 486 206 hərbi əsir olub. 1956-cı ildə sonuncu əsir ölkəsinə yola salınıb. SSRİ-nin əsir düşərgələrində saxlanılan əsirlərin 518 520 nəfəri ölüb. 2 967 686 nəfər ölkəsinə qaytarılıb. Müharibənin iştirakçı dövlətlərə vurduğu maddi zərər 4 trilyon dollar təşkil edib. Müharibə dövründə SSRİ, ABŞ, Böyük Britaniya və Almaniyanın sənayesi 652 min təyyarə, 286 mindən çox tank, özüyeriyən artilleriya və zirehli avtomobil, 1 milyon top, 4,8 milyondan çox pulemyot (Almaniya daxil deyil), 53 milyon tüfəng, karabin, avtomat və başqa silahlar istehsal edib.

Böyük Qələbəyə gedən yolda Azərbaycanın əvəzsiz rolu

Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 9 May - Qələbə gününün dövlət səviyyəsində bayram kimi qeyd olunması heç də təsadüfi deyil. Düzdür, İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda gedib. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi,  Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Sirr deyil ki, dəhşətli müharibənin ən böyük cəbhəsi Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı açılmışdı. Buna görə də müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. 

Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin  130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...

İkinci Dünya müharibəsi illərində Azərbaycanda arxa cəbhənin qəhrəmanlığı da hər cür xoş sözə layiqdir. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı ildırımsürətli müharibə planı hazırlanmışdı. Müharibənin ilk illərində ittifaqın bir sıra şəhərləri və oradakı müəssisələr, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başladı. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən vacib təchizatçısı olub. Faşist Almaniyasının ən mühüm planlarından biri məhz Bakını tutmaq idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparıldı. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradıldı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olundu. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. 

Bütün dünyada ədalətsiz müharibələrə, faşizmə “yox” deyilməlidir

İstənilən müharibənin ağır nəticələrə, humanitar fəlakətə gətirib çıxartdığı hamı tərəfindən etiraf olunsa da, bir sıra hallarda İkinci Dünya müharibəsində əldə olunan Qələbənin əhəmiyyətini azaltmaq cəhdlərinin şahidi oluruq. Bəzi ölkələrdə 9 Mayın bayram kimi qeyd olunmasına xitam verilməsi, İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidələrin təhqirlərə, digər belə vandalizm aktlarına məruz qalmaları, eləcə də faşizm ideologiyasının fetişləşdirilməsi, müharibə illərində bu ideologiyaya xidmət göstərənlərin, müxtəlif  lagerlərdə insanlıq əleyhinə cinayətlər törədənlərin əməllərinin təqdir olunması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ coğrafiyasında, o cümlədən də MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Belə hallar müharibə və işğalçılıq ideologiyasını təbliğ edən ölkələrdə xüsusilə geniş yayılıb. Məsələn, Ermənistanın davranışları buna əyani nümunədir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəlladı və canisi, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. Ermənistanın hazırkı, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin həmin canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti, cəmiyyətin əhval-ruhiyyəsi əvvəlki kimi qalır. İkinci Dünya müharibəsində ermənilərin iştirakını və itkilər vermələrini inkar etmək mümkün deyil. Onların da arasında ümumi Vətən təəssübkeşliyi ilə yaşayan insanlar olub. Belə isə bəs nə üçün Armavirdə erməni kilsəsinin yaxınlığında onlara deyil, faşist caniyə xatirə lövhəsi vurulub? Bu ölkədə bir tərəfdən Qələbə günü qeyd olunur, digər tərəfdən isə faşizmə xidmət göstərmiş bir caninin abidəsi önünə gül qoyurlar. Burada məntiq haradadır? Əslində, faşist cəlladına İrəvanda abidə ucaldılması üç onillik ərzində ölkəmizə qarşı işğalçılıq siyasəti aparmış, 44 günlük müharibədən sonra isə revanşizm iddiaları sərgiləyən Ermənistan dövlətinin və cəmiyyətinin yanaşmalarını, xislətini əks etdirir. Tərəqqipərvər bəşəriyyət Ermənistan dövlətinin faşizmi fetişləşdirmək, bu ideologiyanı təşviq etmək cəhdlərini qınamalıdır. Son illərdə Yaxın Şərqdə müharibələr səngimək bilmir. Rusiya-Ukrayna müharibəsi, Qəzzada yaşanan insanlıq faciəsi yeni reallıqlar yaradıb. Bəşəriyyət  sürətlə daha təhlükəli dünya müharibəsinə sürüklənir. Ən dəhşətli məqam ondan ibarətdir ki, son vaxtlarda müxtəlif dövlətlərdən nüvə təhdidlərinin anonsunu eşidirik. Bütün bunların bir səbəbi də müharibə ideyalarını təbliğ edən fəaliyyətlərin qarşısının vaxtında alınmamasıdır. Bütün dünyada ədalətsiz müharibələrə, faşizmə “yox” deyilməlidir.

Azərbaycanın həssas yanaşması

Burada da Azərbaycanın yanaşması müsbət nümunə kimi diqqət çəkir. Bəli, müstəqilliyimizin ilk illərində respublikamızda da 9 May - Qələbə gününü gözdən salmaq cəhdləri müşahidə olunub. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyü 9 Mayın bayram təqvimindən silinməsinə cəhdlər göstərib. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Ancaq diletant rəhbərliyin belə ağlasığmaz münasibətini Azərbaycan cəmiyyəti heç vaxt qəbul etmədi və müdrik siyasətçi  Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonra 9 May bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Elə bu günlərdə Prezident İlham Əliyev “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb. Sərəncama əsasən, bəlli kateqoriyadan olan 3 minə yaxın şəxs birdəfəlik ödəmə alacaq.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
1
Mənbələr
Şərh ()
Bağla