AZ

Rusiyanın pulu ilə Ukraynaya silah alınır

Avropa İttifaqına (Aİ) üzv ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş dövlət aktivlərindən əldə edilən gəlirləri Ukraynaya silah almaq üçün istifadə etmək barədə prinsipial razılığa gəliblər.

"Cebhe.info" xəbər verir ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ Moskva Mərkəzi Bankının 207 milyard avro dəyərində aktivlərini dondurub. İldə üç milyard dollardan çox gəlir gətirən bu aktivlər Belçikada klirinq mərkəzində (Euroclear) və Avropadakı digər seyflərdə saxlanılır. 

Bu puldan istifadə olunmayıb, çünki Aİ üzvləri Belçika qanunlarına əsasən tətbiq edilən 25 faizlik vergiyə etiraz ediblər. Belçika bu vergidən imtina etməyə razılaşıb. Lakin Aİ-nin qəbul etdiyi bu qərar hələ də üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Aİ səfirlərinin qəbul etdiyi qərar Ukraynanın yaydan əvvəl silah alışı və yenidən qurulması üçün təxminən üç milyard avro almasına yol açıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial mediada yazıb:

"Bu pul üçün Ukraynanı və bütün Avropanı daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha yaxşı istifadə ola bilməz". 

Amma bəziləri deyir ki, qərar kifayət qədər uzağa getmir. Digər mərkəzi banklar kimi, Rusiya Mərkəzi Bankı da qızıl-valyuta ehtiyatlarının bir hissəsini əsas valyutalar, qızıl və dövlət istiqrazları kimi likvid aktivlərə yatırıb. Bu ehtiyatların təxminən yarısı Qərbdə saxlanılırdı. Rusiya Mərkəzi Bankı Qərbdə təxminən 300 milyard dollarlıq aktivin dondurulduğunu təsdiqləyib. Bunun 207 milyard avrosu avroya yatırılıb. Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl ölkəsinin yenidən qurulması üçün dünyada ələ keçirilən milyardlarla dollar dəyərində Rusiya aktivlərindən istifadə etməyə çağırıb. 

Avropa Şurasında danışıqlara sədrlik edən Belçikanın sosial şəbəkələrindəki məlumata görə, saziş nümayəndələrin adi iclasında prinsipcə qəbul edilib. Aİ uzun müddətdir ki, dondurulmuş aktivlərdən əldə edilən gəlirlərin Ukraynanın yenidən qurulması xərclərini ödəmək üçün istifadə edilməsini müdafiə edir. Daha sonra planlar Kiyevin hərbi xərclərini əhatə etməklə genişləndirildi. 

G7 ölkələrinin dəstəyini alan və ABŞ-ın 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqləməsindən sonra ortaya çıxan plan Ukraynanın Rusiya ilə müharibədə “ilişib qaldığı” və kursun dəyişməsinə ümid etdiyi bir vaxtda açıqlanıb. Ukrayna ordusunun döyüş sursatı, əsgərləri və hava hücumundan müdafiəsi ciddi şəkildə azaldılıb və onun bu il ərzində məğlub ola biləcəyi ilə bağlı şərhlər verilməyə başlanıb. Bununla belə, ukraynalı nazirlər bildirirlər ki, Aİ təkcə faiz gəlirlərini göndərməməli, həm də Rusiyanın aktivlərini tamamilə müsadirə etməlidir. Aİ ölkələrinin və Avropa Mərkəzi Bankının rəsmiləri aktivlərin tamamilə müsadirə edilməsinin faydasız presedent yarada biləcəyi və ya avronun etibarlı valyuta kimi reputasiyasına xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla