AZ

Dejavü

Psixologiya elmində dejavü anlayışı var.

İlk dəfə baş verən bir hadisəni daha əvvəl yaşadığımız, yaxud ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini yaradan vəziyyət belə adlanır. Hərdən bizə elə gəlir ki, həyatda bir çox hadisələr təkrarlanır, əvvəllər gördüklərimizlə yenidən rastlaşırıq. Ötən həftənin sonlarında Azərbaycanda tanınmış partiyalardan birinin qurultayı keçirildi. 10 il əvvəl partiyanın sədrliyindən gedən şəxs yenidən namizəd oldu, postuna döndü. Halbuki 10 il əvvəl postundan ayrılanda prosesin adını “gənclərə yol açmaq” qoymuşdular. Dedilər, amma etmədilər. Gənclərin yolu bağlı qalınca özləri həmin yeri tutdular. Bununla da bizi 10 il geriyə qaytarmış oldular. Bundan sonra o adamların hərəkətlərini izləyərkən dejavü yaşayacağıq, bizə elə gələcək ki, bu filmi nə vaxtsa görmüşük.

Elə futbolumuzda da belədi. Tovuzda keçirilən “Kəpəz” – “Sumqayıt” oyununun 54-cü dəqiqəsində Azərbaycan premyer-liqasının daha bir əcaib, eyni zamanda da utandırıcı səhnəsi yaşandı. “Sumqayıt”ın israilli yarımmüdafiəçisi Roy Kehat dirəkdən dönən topu “çərçivə”yə göndərməyə tələsəndə Ehtiram Şahverdiyevin ayağına təpik vurub yerə sərildi. “Sumqayıt”ın xeyrinə penalti vermək həvəsiylə alışıb-yanan, 54 dəqiqə bunun üçün fürsət gözləyən baş hakim Tural Qurbanov dərhal “nöqtə”ni göstərdi. Yaxşı ki, VAR-da əyləşən hakimlər onu və futbolumuzu növbəti biabırçılıqdan xilas edib, Qurbanovu monitora baxmağa çağırdılar. Hakim də baxıb gördü ki, həmin epizodda tam tərsi baş verib, israilli Ehtiramın ayağına zərbə vurub. Bundan sonra penalti ləğv edildi, “Kəpəz” cərimə zərbəsi vurmaq hüququ qazandı.

15-20 il əvvəl də belə idi. Mükafat qazanmaq uğrunda yarışan komandaların hərəsinin bir sevimli hakimi var idi. Sponsordan aldıqları pulların bir qismini hakimlərə xərcləyənlər asanlıqla nəticə qazanırdı. “Nəmər”i qəbul edən hakim də “sifarişçi”yə söz verirdi ki, futbolçularınız rəqibin cərimə meydançasına girən kimi özlərini yeri atsınlar, mən dərhal penalti verəcəm, narahat olmayın. Sağ olsunlar, AFFA-da oturanlar hakimliyimizi də, futbolumuzu da irəli aparmaq əvəzinə geriyə dartırlar. İndi də 20 il əvvəl olduğu kimi, hakimlərimizin əksəri gözləyir ki, “Sumqayıt”ın futbolçuları rəqibin qapısının həndəvərində yerə yıxılsınlar. Kimsə Samir Abasovun futbolçularına toxunan kimi dərhal fit səslənir, hakimin əli “nöqtə”ni göstərir. Əksi baş verəndə isə hakimlərin gözü və qulağı tutulur, heç mübahisəli epizoda baxmaq üçün monitora baxmağa da getmirlər.

54-cü dəqiqədə oxu daşa dəyən Tural Qurbanov etdiyini etdi, “Kəpəz”in futbolçularını hər xırda epizodda əsəbləşdirib, özündən çıxardı. Ta o vaxta kimi ki, ikinsi sarı vərəqə verib, onu “qırmızı”ya çevirməyə məqam yetişsin. Beləcə Gəncə təmsilçisini azlıqda qoymaqla “Sumqayıt”ın işini asanlaşdırsın. Hər şey plan üzrə gedirdi. “Sumqayıt” növbəti 3 xalı hesabına yazacaq, turnir cədvəlinin ikinci pilləsindəki yerini rəqiblərin oyunundan asılı olmayaraq qoruyacaqdı. Lazım olan qol vurulmuşdu, rəqib də azlıqda qalmışdı. Amma belə yerdə deyirlər ki, Tural Qurbanov saydığını saysın, gör “Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriges nə sayır. 29 yaşlı qapıçı əsas vaxta əlavə olunmuş dəqiqələrdə yerinə yetirilən künc zərbəsi zamanı “Sumqayıt”ın cərimə meydançasına qədər gəldi. Bayrağın yanından havalandırılan topu başıyla komanda yoldaşına ünvanlamaqla vacib qolun məhsuldar ötürməsini verdi. “Kəpəz”in qazandığı bir xal turnir cədvəlində ciddi mənada nəyisə dəyişməsə də, “Sumqayıt”ın itirdiyi iki xalın dəyəri böyük idi. Azlıqda qalan “Kəpəz” də son saniyəyə qədər mübarizə aparmaqla bunu bacardı.

Hə, biz bütün bu dejavüləri yaşamışıq. Həm də onu görmüşük ki, avrokuboklara “dartılan” komandalar orda təsnifat mərhələsinin elə birinci oyunundaca əsl səviyyəsini ortaya qoyur, əli ətəyindən uzun Azərbaycan çempionatının gələn mövsümünə hazırlaşmağa başlayır. Allah betərindən qorusun!

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla