AZ

NATO-nun iki “qırmızı xətti”, Rusiyanın atom bombası hədəsi...- TƏHLİL

Rusiya dövlət başçısının andiçmə mərasimi bitdi və ertəsi gün Ukrayna daha şiddətlə raket atəşinə tutuldu. Ukraynanın altı şəhəri 55 raket, 21 “Şahed” dronunun hücumuna məruz qaldı. Bu gün isə Rusiya nasizm üzərində qələbənin 79-cu ilini qeyd edir, amma iki ildən çoxdur ki, guya Ukraynada da “denatsifikasiya” adı ilə “xüsusi əməliyyat”keçirir, əslində isə provaslav, slavyan Ukraynaya qarşı başlatdığı işğalçı müharibəni davam etdirir. Bu zaman sual yaranır: real nasist kimdir? Müharibənin zaman məsafəsi uzanır və hiss olunur ki, 2024-cü il daha şiddətli xarakter alacaq. Elə bu gözlənilən şiddətə görə qarşılıqlı olaraq NATO və Rusiya bir-birinə mesaj olaraq xəbərdarlıqlar ünvanlayırlar. Kreml nüvə silahını işə salacağı, alyans isə canlı qüvvə ilə Ukraynaya yardım edəcəklərinin istisna olmadığını vurğulayırlar. Bu mənada İtaliyanın “ La Repubblica” qəzeti bu günlərdə belə bir məlumat yayıb ki, NATO ölkələri “ konfedensial şəkildə və rəsmi məlumat olmadan” Rusiya üçün minimum 2 “qırmızı xətt” müəyyənləşdirib. Bu xətlərin keçildiyi halda, NATO mümkündür ki,  Ukraynadakı müharibəyə birbaşa qoşularaq canlı qüvvə ilə Rusiyaya qarşı çıxsın. Nədi o “qırmızı xətlər”?
 
“La Repubblica” qeyd edir ki, 1-ci qırmızı xıtt Ukrayna müdafiə xəttinin ölkənin şimal-qərbində, yəni Belarus Respublikası istiqamətində yarılmasıdır. 2-ci xətt isə Rusiyanın Baltika ölkələrinə, Polşaya və ya Moldovaya hərbi müdaxiləsi hesab edilir. Həm də məsələ yalnız canlı qüvvə ilə həmin ölkələrə daxil olmaqdan getmir, hətta Qərbin reaksiyasını yoxlamaq məqsədilə qeyd olunan ölkələrə raket zərbələri endirildikdə. Məsələ burasındadır ki, belə bir məlumat yalnız italyan nəşrində deyil, həm də eyni gündə nüfuzlu “Financial Times”nəşrində də yer alıb. Nəşr bildirir ki, NATO xüsusi xidmətləri Rusiyanın bütün Avropa ərazilərində irimiqyaslı təxribat hazırlığı planları barədə xəbərdar ediliblər. Məlumata əsasən Rusiyanın planları koordinasiya edilib və miqyası böyükdür.
 
Rusiyanın məqsədi Estoniyanın Narva və ya İsveçin bir adasını ələ keçirməkdir. Polşa əks-kəşfiyyatının rəhbəri Yaroslav Strojik ölkə mətbuatına verdiyi müsahibədə bildirib ki, “Putin hazırda NATO ölkələrindən birinə, konkret olaraq Baltikyanı ölkələrdən birinə qarşı “mini hərbi əməliyyat” keçirməyə hazırdır. Məsələn, Narvaya və ya İsveçin bir adasına”. Hər halda xüsusi xidmət orqanının rəhbəri müəyyən informasiyaya əsaslanmasa belə bir məlumatla çıxış etməz. Ona görə də, NATO ölkələri və ümumiyyətlə bəşəriyyət dərk etməlidir ki, Rusiya Ukrayna üzərində qələbə çalarsa yalnız postsovet məkanına deyil, ən azı Şərqi Avropaya təsir və təzyiqini artırmış olacaq. Təəssüf ki, imperiya ambisiyaları yalnız Putinin deyil, bütövlükdə Rusiya cəmiyyətinin təfəkkürünə yerləşib. Deməli, Ukraynaya hərtərəfli yardım, həm də NATO ölkələrinin təhlükəsizliyinə zəmanətdir.
 
Rusiya özü də bu mərhələdə xeyli çətinliklərlə üzləşib.  BBS-nin verdiyi məlumata görə müharibə başlayandan 52.155 həlak olmuş hərbiçilərin adları müəyyənləşdirilib. Son iki həftədə 1052 Rusiya  hərbiçisinin öldyü dəqiqləşdirilib. Bunların əksəriyyəti müqavilə ilə hərbi xidmətə gələnlərdir. Rusiya Ordusunda müqavilə ilə gələnləri çox qısa müddətdə hərbi hazırlıq keçdikdən sonra cəbhəyə göndərirlər, ona görə də ölüm halları “kontraktnik”lər arasında daha çoxdur. Eyni zamanda müharibəyə cəlb edilmiş məhbuslr arasında da ölüm sayı 1300 nəfəri keçib.
 
Rusiyanın elə bölgələri var ki, orada pul qazanmaq çox çətindir və ya mümkün deyil. Məhz həmin regionlardan olanlar hərbi xidmətə gəlir yeri kimi baxır və çıxış yollarını cəbhəyə getməkdə görürlər.
 
Bu günkü Qələbə paradında nümayiş etdirilən hərbi qüvvələr belə çıxır ki, elə parad üçündür, göz qırmaq məqsədi daşıyır. Elə bu çətinliklərlə üzbəüz qaldığı üçün Kreml son günlər nüvə silahı ilə təlimlərə başlamaq haqqında göstərişlər verib. Moskva zəiflədiyini hiss etdikcə atom bombası ilə hədələrini artırır. 
 
Moderator.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
Mənbələr
Şərh ()
Bağla