AZ

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur

Böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşduran Heydər Əliyev kimi Ümummilli Lideri, Onun siyasətini uğurla davam etdirən, adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran cənab İlham Əliyev kimi Prezidenti var

Bu gün yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərdən bəhs edirik. Bu fikri sözlə ifadə etmək nə qədər asan olsa da, ona nail olmaq üçün böyük səylər, qətiyyət göstərildiyini, hansı faciələrdən, təhlükələrdən xilas olduğumuzu təhlil etdikdə Lider amilinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu daha dərindən dərk edir və qiymətləndiririk. Bugünkü qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanı müstəqiliyinin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Həmin illərdə hakimiyyətsizliyin hökm sürməsi ölkəni uçurumun bir addımlığına gətirib çıxarmışdı. Azərbaycan «Olum, ya ölüm» dilemması qarşısında qalmışdır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, torpaqlarımızın biri-birinin ardınca işğalı xalqın səbir kasasını doldurdu. Xalq təkidlə Xilaskarını - Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü reallıqların başlanğıcı oldu.

Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev öncə ölkədə ictimai-siyasi sabitliyin yaradılmasına səy göstərdi və qısa müddətdə Azərbaycan sabitlik məkanına çevrildi. Sabitliyin və normal iqtisadi mühitin yaradılması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyaya geniş yol açdı ki, bu da Azərbaycanın malik olduğu imkanların təqdimatında, ümumiyyətlə, ölkəmiz haqqında məlumatın əldə edilməsində əhəmiyyətli rol oynadı.  Dövlət başçısı İlham Əliyev çıxışlarında müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqlarını diqqətə çatdırarkən bu mühüm məqamı xüsusi vurğulayır ki, bütün planlarımızı həyata keçirmək üçün güclü maliyyə imkanlarımız olmalı idi: «Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı.»

Reallıq budur ki, o vaxt atılan addımlar və qəbul edilən qərarlar bu gün müstəqil iqtisadi siyasət aparmağa və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləməyə imkan verir. 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar.

Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmağa çağırış edir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam.» Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin etdi. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə xilaskarlıq missiyası xüsusi olaraq önə çəkilir. Xilaskarlıq missiyası Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik qabiliyyəti, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi Liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Ümummilli Lider daim çıxışlarında bu məqamı xüsusi qeyd edirdi ki, indiki gənc nəsil Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını bilməlidir. Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixində keçirilən II Qurultayında Ümummilli Lider bildirmişdir: “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi… biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanılmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.»

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə icrasına başlanmış neft-qaz layihələrinin bugünkü miqyasına diqqət yetirmək kifayətdir. Azərbaycan uğurlu enerji diplomatiyası ilə dünyanın diqqətindədir. Regional çərçivədə başlayan əməkdaşlıq hazırda beynəlxalq miqyas alıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, icra olunan layihələr imkanlarımızı böyük dərəcədə genişləndirdi və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Azərbaycanın üstünlüyünü ondadır ki, təbii sərvətlərimiz var. Bu mühüm məqam da diqqət göstərilən məsələlər sırasındadır ki, o qədər ölkələr var onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Sual yaranır- O sərvətlərdən bütün ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə, yox. Ölkəmizdə bu sahədə görülən işlər həm iqtisadiyyatımızı gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar, o cümlədən keçmiş məcburit köçkünlər bu imkanlardan faydalandılar. Keçmiş məcburi köçkünlər Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin idarə edilməsində şəffaflıq kriteriyalarının qorunmasında, vəsaitlərin təyinatı üzrə xərclənməsində şəffaflığı yüksək səviyyədə qoruyur. Fondun yaradılması Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir.

Ulu Öndər Heydər Əliyev neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirirdi. Bugnümüzün reallıqları bu fikrin təsdiqidir. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açır. Eyni zamanda, neft-qaz layihələrimiz beynəlxalq mövqelərimizi gücləndirdi. Azərbaycanın nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Geosiyasi imkanlarımız artdıqca dostlarımızın da sayı artır.

Göründüyü kimi, uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və böyük investisiyalar məkanına çevrilən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli istifadəni təmin etmək üçün biri-birindən önəmli addımlar atır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 310 milyard dollardır.

Ölkəmizin iqtisadi imkanları digər sahələrdə mühüm addımların atılmasına stimul verdi. Güclü ordu formalaşdırıldı. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib. 44 gündə 30 ilin işğalına son qoyan rəşadətli ordumuz hansı imkanlara malik olduğunu təsdiqlədi. Təbii ki, bu uğurlar Ulu Öndərin yaratdığı möhkəm təmələ əsaslanır. Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Ordusu bir guünlük antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etdi. Azərbaycan Bayrağı hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Azərbaycan Silahlı Qüvvələri bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Ordu quruculuğu bütün dövrlər üçün öz aktuallığını qoruyur. Tarixi Zəfərimizdən sonrakı dövrün hədəflərini açıqlayarkən cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə yanaşı, ordu quruculuğunu əsas vəzifə kimi qarşıya qoydu. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri birici yerdə dayanır. Ümummilli Liderin Fərmanı əsasında 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələr Günü kimi təsis edilib. İstər bu bayram ərəfəsində keçirilən hərbi paradlar, istərsə də Beynəlxalq Müdafiə sərgiləri ordumuzun malik olduğu imkanların təqdimatında öz sözünü deyir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkm təməl xarici siyasət sahəsində qazandığımız uğurlarda da özünü qabarıq şəkildə büruzə verir. Belə ki, hazırda beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Azərbaycan MDB məkanında birinci ölkədir ki, 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilmişdir. 2019-cu ildə isə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi. Quruma 4 illik sədrlik müddətimiz ölkəmizin artan beynəlxalq nüfuzunun təqdimatı oldu. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan həm ikilərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrini genişləndirməklə yeni dostlar qazanır. Tarixi Zəfərimizdən sonra xarici siyasət uğurlarımızın miqyası daha da genişlənir. Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider hər bir ölkənin özünü təsdiqləməsində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkirdi. Azərbaycan hazırda İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu fəaliyyət göstərir. Türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir.

Ulu Öndər Heydər Əliyevin xidmətləri sırasında bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması ön cərgədə dayanır. Partiyanın hansı zərurətdən yarandığı məlumdur. Bu, o dövr idi ki, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, Ümummilli Liderin bu müraciətə müsbət cavabı bugünkü uğurlarımıza yol açdı. Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı, YAP Sədri İlham Əliyev «Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik» söyləyərək onu da vurğulmışdır ki, çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib Onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında mühüm dönüş nöqtələrindən biri oldu. Belə ki, partiyanın yaranmasından 7 ay sonra Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tədəbi ilə hakimiyyətə qayıtdı.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən ən mühümü 2003-cü ildə xalqa tarixi müraciətidir. Ulu Öndər 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində bildirmişdir: “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Məhz bu birlik Azərbaycana davamlı uğurlar qazandırdı, dünya birliyinin layiqli üzvünə çevirdi. Ümummilli Lider müraciətində bu məqamı xüsusi qeyd etmişdi ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Son 20 ildən artıq dövrün xronologiyasını nəzərdən keçirdikdə Azərbaycanın möhkəm təməl üzərində möhtəşəm uğurlara imza atdığını böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi tariximizin Zəfər səhifələridir. Bu səhifələrin sayı hələ bundan sonra daha da artacaq. Növbəti Zəfərimiz Qərbi Azərbaycana qayıdışımız olacaq. Bunu tarixi ədalət tələb edir. Azərbaycan hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir.

Cənab İlham Əliyev qazandığımız uğurlardan bəhs edərkən daim Ümummilli Liderin rolunu önə çəkir. 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bildirdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur.

Son 20 ildən artıq dövrün reallıqları sübut edir ki, Azərbaycan hər bir çağırışı yüksək səviyyədə yerinə yetirir. Dövrün tələblərinə uyğun olaraq atılan addımlar, təkmil islahatlar gələcəyə doğru daha böyük inamla addımlamağa stimul verir. Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu möhtəşəm uğura imza atmaq üçün Azərbaycan böyük yol keçdi. bunun üçün əsl zamanın yetişməsini gözlədi. Ölkəmiz Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində zirvələrə doğru irəlilədi və bu gün də irəliləyir. Müzəffər Ali Baş Komandan torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini şərəflə yerinə yetirdi. Günümüzün reallıqları dövlət başçısı İlham Əliyevin «Mən nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm» çağırışının təsdiqidir. Zəfərdən Zəfərə doğru addımlayan Azərbaycan bu ilin fevralında müstəqililk tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərini keçirdi. Xalqın böyük dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bir daha bu vədi açıqladı: «Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.» Bu vədin davamı olaraq isə onu da vurğuladı ki, təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: «Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.»

Heydər Əliyev yolunun uğurları davamlıdır. Hər bir çağırış, hədəf uğurlu gələcəyimizə yönəlir. Azərbaycanın hər bir hədəfə yüksək səviyyədə nail olması günümüzün gerçəkliyidir. Çünki Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşduran Heydər Əliyev kimi Ümummilli Lideri, onun siyasətini layiqincə davam etdirən, adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran cənab İlham Əliyev kimi Prezidenti var. Azərbaycanı daim zəfərlər müşayiət edəcək.

Yeganə Əliyeva, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla