AZ

Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir



Bu gün artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 101 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir. Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyatın ritmini dəyişdi. Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikildi, nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər. Heydər Əliyevə qədər respublikanın birinci şəxsi, eləcə də digər vəzifə sahibləri kabinetdən kənara nadir hallarda çıxırdılar. Onlardan fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. İndi biz həmin anları, yalnız bizə miras qalmış videokadrlardan görürük və bu qiymətli kadrlar Ulu Öndərin birinci hakimiyyəti dövrünün müəyyən məqamlarını özündə yaşadır, bizi xəyalən həmin illərə qaytarır. Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. . Təbii ki,ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi. Ulu Öndər haqqında yalnız xoş təssüratlarla danışmaq olar. Bəli bu bir reallıqdır ki, Heydər Əliyev xalqın xilaskarı və müstəqil Azərbaycanın banisidir. Sevindirici haldır ki, bu gün Ulu Öndərin yarımçıq qalan işləri, onun layiqli siyasi varisi İlham Əliyev cənabları tərəfindən şərəflə, ləyaqətlə, uğurla davam etdirilir. Sonda onu deyə bilərəm ki,xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.

Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla