AZ

Ulu Öndərin Rusiyadakı şah əsəri -BAM

BAM - Baykal-Amur magistralı… Ötən əsrdə inşa olunmuş bu dəmir yolunun sayəsində Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya, Vyetnam, Hindistan və digər Cənub-Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. Bu mənada dünya dəmir yolu tarixinin ən irimiqyaslı layihələrindən olan BAM-ı Rusiya Federasiyasının şah damarı adlandırmaq olar.

Mürəkkəb iqlim və geoloji şərtlərdə həyata keçirilən bu dəmir yolunun  inşası  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1974-cü ildə inşasına başlanılmış BAM-ın tikintisində və istismara buraxılmasında Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə ciddi dönüş yaranıb. Belə ki, Ulu Öndər Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış edib,  tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail olub. Məhz bundan, daha doğrusu, Ulu Öndər bu problemə əl qoymasından sonra BAM-ın tikintisində sözün həqiqi mənasında canlanma yaranıb. Hətta Üumummilli Lider öz qətiyyəti, əzmi, bacarığı, yüksək təşkilatçılıq keyfiyyəti ilə BAM-ın təhvil müddətini 2 ilə yaxın qısaltmağa nail olub.

Bu işdə Ümummilli Liderə mane olmaq istəyənlər, Onun fikirlərinə şübhə ilə yanaşanlar da olub. SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov xatirələrində yazırdı ki, bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır: “Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi... Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.

Qeyd edək ki, çətin şərtlərlə icra edilən 4324 kilometr uzunluğundakı BAM-ın tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa edilib. Göründüyü kimi,  Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən öz bənzərsiz fəaliyyəti ilə BAM-ın timsalında Rusiya iqtisadiyyatında dərin izlər qoyub. Bu baxımdan BAM-ı Ulu Öndərin Rusiyadakı şah əsəri kimi dəyərləndirmək olar.

Bu nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Elə  2008-ci il iyulun 18-də BAM-ın Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala  Ümummilli Lider Heydər Əliyevin adının verilməsi, burada Onun xatirə lövhəsinin açılması bunu bir daha sübut edir. Hətta ötən il Ulu Öndərin 100 illiyi sözügedən ölkədə xüsusi ehtiramla qeyd  olunub. Bu il aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin BAM-ın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə də Ulu Öndərin bu sahədə gördüyü işlər bir daha minnətdarlıqla xatırlanıb. 

“Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır” deyən və onu “əsrin tikintisi”nə nəzarət edən,  reallışdıran  dahi şəxsiyyət kimi xarakterizə edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb: “Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi”. Putin, həmçinin vurğulayıb ki, Ulu Öndərin bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir: “Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər”. Şübhəsiz, BAM-ın  50 illik yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin xatirəsinə, eləcə də dahi liderin  simasında Azərbaycana yüksək ehtiramın daha bir ifadəsi idi.

Ulu Öndər BAM-ın 25 illiyinin keçirilməsi üzrə Təşkilat Komitəsinə ünvanladığı təbrikdə yazırdı: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

Ulu Öndərin təbrik məktubunda bu fikirlərə də yer ayırmışdı: “Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olmuşdur. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi”.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı bugünkü müttəfiqlik münasibətlərinin əsasını məhz Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Bu mənada iki ölkə arasında müşa­hidə olunan bütün bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti dayanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
Mənbələr
Şərh ()
Bağla