AZ

Heydər Əliyev yolu və tarixi missiyanın uğurlu davamı

İnsan doğulduğu və öldüyü günləri özü müəyyən edə bilmir. Amma bu iki gün arasındakı ömür yolunu, həyatı necə yaşamaq insanın özündən, istedadından, ağlından, biliyindən, zəhmətindən, xarakterindən asılıdır. Dünyada nə qədər insan varsa, o qədər də tale var… Hər kəs öz ömrünü bir cür yaşayır: bədbinlik və uğursuzluq içində ömrünü başa vuran da var, bomboz, miyanə ömür sürən də var, mübarizə dolu, şərəfli qalib ömrü yaşayan da. Bir də seçilmişlər var ki, Ulu Tanrı onları Yer üzünə sanki, xüsusi missiya üçün seçib göndərir. Bu seçilmişlər xalqların və bəşəriyyətin həyatında xüsusi rol oynayır, milyonları xilas edir, cəmiyyətə xoşbəxtlik və rifah bəxş edirlər.

Heç şübhəsiz ki, XX əsrdə Tanrı­nın seçib yer üzərinə xüsusi missiya ilə göndərdiyi dahilərdən biri də müa­sir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqı istedadlı və qüdrətli xalqdır və xalqımız çoxəsirlik tarixi boyu onlarca dünya şöhrətli dahi şəxsiyyət, dövlət, hərbi, ədəbiyyat və mədəniyyət xadimləri yetirmişdir. Lakin olu öndər Heydər Əliyev onların fövqündə daya­nan, bəşər övladının min ildə bir yarat­dığı tarixi şəxsiyyətdir. 

Heydər Əliyev öz xalqı üçün iki dəfə və bir-birinə zidd ictimai-siyasi forma­siyada dövlət qurmuş, regionda tarixin gedişini dəyişə bilmiş böyük dövlət adamıdır. Ulu öndərin bütün həyatı mü­barizələrdə keçmişdir və həmişə qalib gəlmişdir. Çünki onun mübarizəsi haqq işi uğrunda, ədalət uğrunda, canından əziz sevdiyi Vətəninin işıqlı sabahı və xalqının xoşbəxtliyi yolunda olmuşdur.

1969-cu ilin 14 iyul tarixində Sovet Azərbaycanına rəhbərliyə irəli çəkilən Heydər Əliyev böyük inamla və o döv­rün tələblərinə rəğmən cəsarət nü­mayiş etdirərək, təkcə rəhbərlik etdiyi respublikaya deyil, bütün Sovetlər İtti­faqına bəyan etdi ki, bu cür yaşamaq və işləmək olmaz. Həmin vaxtlar Azər­baycan sosial-iqtisadi göstəricilərinə görə SSRİ-nin 15 respublikası arasında axırdan ikinci yerdə idi. Ölkədə rüşvət, korrupsiya, ətalət, intizamsızlıq baş alıb gedirdi, mədəniyyət və elm sahəsində deqradasiya başlamışdı, əhali, xüsusi ilə kənd adamları yoxsullğun cəngində boğulurdu. Yeni ideyalar və çağrışlarla ölkə həyatına bir dinamizm gətirən Ulu öndər qısa müddət ərzində respublika­dakı bütün sağlam qüvvələri səfərbər edib bir məqsədə – Azərbaycanın iq­tisadi qüdrətinin artmasına və Azərbay­can xalqının mili-mənəvi və sosial dir­çəlişinə yönəldə bildi. Heydər Əliyevin o illərdə irəli sürdüyü “Qoy ədalət zəfər çalsın!" şüarı həm də Ulu öndərin dün­yaya baxışının və mübarizəsinin kredo­su idi! 

Heydər Əliyevin Azərbaycana rəh­bərlik etdiyi 1969–1982-ci illər Sovet Azərbaycanının tarixinin ən parlaq, ən xoşbəxt və ən şərəfli səhifələri­dir. Bu illər ərzində Azərbaycan İttifaq dövlətinin ən geridə qalmış xammal bazası olan respublikasından yüz minlərlə insanın çalışdığı və yüksək əməkhaqqı aldığı zavod və fabriklərə malik, zəngin və qüdrətli sənayesi, inki­şaf etmiş heyvandarlıq, emal sənayesi kompleksləri, məhsuldar pambıq, üzüm və taxıl tarlaları, bağ-bostan sahələri olan şöhrətli ölkəyə çevirildi. Heydər Əliyevin həmin dönəmdə öz xalqı qarşısında ən böyük xidmətlərin­dən biri də müasir milli elitanın yaran­ması və formalaşmasına böyük qayğı göstərməsi idi. 

O illərdə Azərbaycan mədəniyyəti və incəsənəti, təhsili və elmi ən parlaq dövrünə qədəm qoydu, Rəşid Behbu­dov, Müslüm Maqomayev, Qara Qara­yev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Zeynəb Xanlarova, Vaqif Mustafazadə və s. incəsənət xadimlərinin musiqisi və bəstələri ölkə və ittifaq salonlarını aşaraq dünyanı dolaşmağa başladı. Onlarca ədəbiyyat və mədəniyyət xa­dimlərimiz məhz Heydər Əliyevin bö­yük köməyi sayəsində SSRİ-nin ən ali mükafatına – Sosialist Əməyi Qəhrə­manı fəxri adına layiq görüldü. Bütün bunların arxasında bir məqsəd, bir amal dayanırdı: doğma Azərbaycanı tanıtmaq, sevdirmək ona hörmət və şöhrət gətirmək! Ulu öndər bunu ba­cardı! 

Əslən Bakıdan olan, uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş Nikolay Baybakov deyirdi: "Mən Azərbaycanı, Azərbay­can xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımıram". Ulu öndə­rin öz Vətəninə və xalqına hədsiz sev­gisi və bağlılığı həm də onun zəngin mənəviyyatının bir göstəricisi idi. Hey­dər Əliyevin həyat və mübarizə yolu böyük bir məktəbdir, onun fəaliyyətinin hər günü bir dərslikdir. Bəzən deyirlər ki, siyasətdə səmimiyyət olmur. Amma Ulu öndər bunun əksini subut etmiş oldu. Bir müsahibəsində jurnalistin si­yasətdə ən çox önəm verdiyiniz nədir? – sualına cavab olaraq söyləmişdi: – səmimiyyət!

Ulu öndər sevgisində də, qayğı­sında da, təbəssümündə də, tərifində də səmimi idi. İntizamı, çalışqanlığı, dürüstlüyü yüksək qiymətləndirən bö­yük rəhbər bəzən ildırım kimi çaxan qəzəbində də, qılınc kimi kəsən tənqi­dində də səmimi idi. Ümummilli lider böyük amalların, böyük düşüncələrin, böyük məqsədlərin adamı idi, həsəd, qısqanclıq, qisasçılıq kimi hisslər ona yad idi. Çıxışlarından birində söyləmiş­di ki, mənə qarşı olan heç bir yaxşılığı, diqqəti, hörməti heç zaman unutmadım, əksinə mənə qarşı olan dönüklüyü, xü­susilə, qayğı göstərdiyim, irəli çəkdiyim adamların namərdliyini bağışladım, heç kimə qarşı nə kinim, nə nifrətim yoxdur, zaman onların qiymətini vermişdir. Bu yanaşma Ulu öndərin yüksək mənəvi keyfiyyətlərindən biri olmaqla yanaşı, həm də onun birləşdiricilik missiyasının təlabatından irəli gəlirdi. 

Bir sıra politoloqlar, siyasi təhlilçilər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini araşdırarkən müxtəlif dövr­lərə, mərhələlərə bölürlər. Fikrimcə, bu bölgülərin hamısı şərtidir. Ulu öndərin həyatı və mübarizəsi tamdır, bütövdür və bu şərəfli yolun hər addımı Azər­baycana xidmətdən ibarətdir. 

Böyük dövlət xadimi Heydər Əliye­vin fəaliyyətinin DTK dövrü də, Azər­baycan Kommunist Partiyası dövrü də, Moskvada rəhbərlik dövrü də, və­zifələrindən kənarlaşdırıldığı dövr də, Naxçıvan dövrü də, müstəqil Azərbay­canın dövlət quruculuğu dövrü də bir mükəmməl siyasət dərsliyinin bir-biri ilə sıx bağlı fəsilləridir. Ulu öndərin həyatı və mübarızəsi həm də hər kəs üçün bir örnək, mərdlik, ədalət, əxlaq, mənəviyyat, müdriklik məktəbidir. 

Heydər Əliyev taleyinə böyük mis­siya yazılmış xarizmatik bir lider kimi dünya siyasət tarixində öz şərəfli yerini həmişəlik müəyyən etmişdir. Xarizma­tik liderlərə xas bütün üstün keyfiyyət­lər: cazibədarlıq, cəsarətlilik, zama­nında düzgün qərarvermə bacarığı, müdriklik, resursları düzgün qiymət­ləndirmək və səfərbər etmək, yüksək intizam və təşkilatcılıq, fenomenal yad­daş, parlaq zəka və natiqlik, dərin bilik və geniş dünyagörüşü, boy-buxun, şax qamət, səliqəli geyimi, dəqiq jestləri onu duruşu, baxışı Ulu Öndər Heydər Əliyevi təkcə öz xalqının deyil, dün­yada onu tanıyan hər kəsin sevimlisi etmişdi. Ulu öndəri dünya liderlərinin hamısı tanıyırdı, hər kəs onu məftun­luqla dinləyir, ondan öyrənir, onunla hesablaşırdı. Təsadüfi deyildi ki, ABŞ, Prezidenti Bill Klinton Azərbaycan xalqının milli liderinə yüksək qiymət vermiş və söyləmişdi: Heydər Əliyev nəinki Azərbaycanı, nəinki Amerikanı, bütün dünyanı idarə etməyə qadir olan böyük dövlət xadimidir.

Bir neçə kəlmə də Ulu öndərin tarixi missiyası barədə fikirlərimi bölüşmək istəyirəm. Bu barədə müxtəlif polito­loqların çıxışlarında və məqalələrində bənzər və fərqli fikirlər olduğunu da tə­bii qəbul etmək lazımdlr. Çünki Ümum­milli liderin parlaq şəxsiyyəti, yorulmaz və çoxşaxəli fəaliyyəti, qalibiyyətli mü­barizə yolu onun yer adamından çox, Tanrının xüsusi missiya daşıyan seçil­mişlərindən olduğu qənaətini hər kəs­də yəqinləşdirir. Heç şübhəsiz ki, Ulu öndərin öz Vətəni və xalqı qarşısında ən birinci missiyası dövlət quruculuğu missiyası idi ki, bu şərəfli vəzifəni, o, iki dəfə, həm Sovet Azərbaycanını inkişaf və tərəqqi yoluna çıxarmaqla, həm də müasir müstəqil dövlətimizi qurmaqla, qoruyub möhkəmləndirməklə yerinə yetirmiş oldu.

Ulu öndərin ikinci missiyası, fikrim­cə, xilaskarlıq missiyası idi. Bu missi­yasını yerinə yetirərkən Heydər Əliyev həm ayrı-ayrı fərdləri, həm də xalqı və dövləti faciələrdən, fəlakət və məhvol­ma təhlükəsindən xilas etmişdir. Sovet höküməti zamanında Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında və Kommunist Partiyasının rəhbərliyində olarkən Ulu öndər onlarca ziyalımızı, şairi, yazıçını, bəstəkarı, alimi təhlükə­sizlik və inzibati orqanların təqibindən xilas etmişdi. İndiki “Xalq qəzeti”nin və Azərbaycan Dövlət Universitetinin 50 illik yubileylərində və Yazıçılar İttifaqı­nın qurultayında Azərbaycan dilində nitqi dilimizin, böyük ədib Hüseyin Ca­vidin cənazəsinin uzaq Sibirdən tapılıb Vətənə gətirilməsi fəlsəfi fikrimizin və mənəvi dünyamızın, Bəxtiyar Vahab­zadə, Məmməd Araz, Xəlil Rza, Sabir Əhmədov və s.kimi qələm sahiblərinin təqib və cəzalardan xilas edilməsi ədə­biyyatımızın qorunması və diri qalması yolunda Ulu öndərin xilaskarlıq missi­yasının parlaq təzahürü idi.

Hər kəs bilir ki, əgər 1993-cü ilin iyununda Heydər Əliyev Azərbayca­na rəhbərliyi öz üzərinə götürməsəydi, dövlətçiliyimizin taleyi çox qaranlıq və naümüd olacaqdı. Bunu Heydər Əliyevə ən barışmaz müxalifətdə dayananlar da, hətta Azərbaycanın düşmənləri də etiraf edirlər. Milləti yox olmaqdan, dövləti süqut etməkdən, ölkəni parça­lanıb dünya xəritəsindən silinmək təh­lükəsindən məhz Heydər Əliyev xilas etdi! Bunu heç kəs bacarmazdı, yalnız böyük Allahın köməyi ilə, öz xalqına arxalanan Ulu öndər bacardı: cəsarət, müdriklik, siyasi iradə, dövlətçilik təc­rübəsi, gərgin çalışmalar və ən düzgün zamanda ən qoğru qərarı vermək baca­rığı hesabına!

Nəhayət, Ulu öndər öz xalqı qarşı­sında üçüncü missiyası birləşdiricilik missiyası idi. Dahi dövlət xadimi və siyasət ustası Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, dövləti qorumaq, möh­kəmləndirmək, torpaqlarımızı erməni işğalından azad etmək üçün iqtisadi, siyasi, hərbi gücün mənbəyi yalnız milli ruhun gücü ola bilər, bu güc isə milli birlikdən yaranır və bu güc qarşısında heç bir qüvvə dayana bilməz. Milli bir­lik isə milli ideya ətrafında yarana və formalaşa bilər. Həmin dövr üçün ən ümumi və birləşdirici milli ideya isə Ulu öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi idi. Azərbaycançılıq ideyası qısa zamanda formalaşdı, yayıldı, hə­yatda özünə yer tutdu və 50 milyondan artıq dünya azərbaycanlılarını bir amal, bir Vətən, bir dövlət, bir bayraq ətrafın­da birləşdirə bildi. 

Dini hədislərin birində deyilir: O şəxs Allahın sevimli bəndəsidir və yeri cənnətdədir ki, həyatı boyu bir ev tiksin, bir ağac əksin və yolunu davam etdirən bir övlad dünyaya gətirsin. Ulu öndər Allahın sevimli bəndəsidir ki, Azərbay­can boyda bir ev – dövlət qurmuşdur və bütün dünya azərbaycanlıları bu dövləti özünün evi, ata ocağı bilr!

Ulu öndər Yeni Azərbaycan Partiya­sını yaratmaqla məmləkətdə həmişəya­şıl və bol meyvəli bir ağac əkmiş oldu. İndi bu partiya ölkənin ən fəal fikir, elm və milli düşüncə adamlarını öz ətrafına birləşdirib.

Heydər Əliyevin oğlu və siyasi varisi cənab Prezident İlham Əliyev ata vəsiy­yətini yerinə yetirərək onun arzu etdiyi, planlaşdırdığı, lakin yerinə yetirməyə imkan tapmadığı bütün tarixi missiyala­rı yerinə yetirdi. Bu missiyanın başın­da isə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ərazi bütövlü­yümüzün və suverenliyimizin tam təmin olunması dayanırdı. 

Bəli, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə xoş sevincli günlər yaşadıq. Bu sevincli günlərə qədər isə 30 ilə yaxın yol gəl­dik, ilk günlərdə çox bərkə-boşa düş­dük, ağrıdıq, çətinliklərdən keçdik.

Ümummilli lider Heydər Əliyev doğru olan yolu bizə göstərdi, söylədi, inandırdı ki, uğurumuz bir yerdə yum­ruq kimi birləşərək güclü dövlət qur­maqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq ona inanırdı, çünki öz lideri­ni çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə xilaskar kimi onu çağırdı, O gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə- parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağalt­dı. Eynən mahir bağbanın qasırğadan sınmış fidan tingini sarıyaraq təzədən bitişdirdiyi kimi, böyütdü milləti böyük xilaskar. Sonra tamamlayıb başa çatdı­ra bilmədiyi işləri özü kimi inandığı vari­sinə – cənab İlham Əliyevə həvalə etdi.

Cənab İlham Əliyev 2003-cü ildə pre­zident kimi ilk andiçmə mərasimində bü­tün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq. İyir­mi bir ildir həmin yolla uğura doğru, işığa doğru, haqqa doğru gedirik. 

Biz bu illər ərzində başqa xalqla­rın, bəlkə də, 100 illərlə keçə bilmə­diyi yenilənmə, tərəqqi, özünüdərk, milli- psixoloji transformasiya yolu keçdik. Bizi bu yolda qətiyyətlə, mə­tin addımlarla inamlı qələbələrə apa­ran Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut erdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, Kosmos klubunun üzvü olduq, “Avroviziya” mahnı müsabiqə­sinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına, onlarca beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərə evsahibliyi etdik, uğurlar qa­zandıq. Bu ilin payızında isə dünyanın ən böyük forumlarından birinə – COP 29-a evsahibliyi edəcəyik.

Bu illər ərzində milli-psixoloji trans­formasiyamızda, heç şübhəsiz ki, Birin­ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Meh­riban xanım müstəqil Azərbaycan döv­lətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və onu mühüm dövlətçilik atributuna çevirdi.

Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Ulu öndə­rin adını daşıyan Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda huma­nizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

Ulu öndər Heydər Əliyev zama­nında böyük səylər göstərsə də, hə­min dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güc­lərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nü­fuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gər­gin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bü­töv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Yəqin ki, tədqiqatçılar Azərbayca­nın 44 günlük Zəfər yürüşü fenome­ninin müxtəlif aspektlərini araşdıra­caq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formu­lu çox sadədir: müzəffər Komandan + müzəffər Ordu+ müzəffər Xalq. Qələ­bənin uğur simvolu isə heç şübhəsiz ki, “Dəmir yumruq”dur – düşmənin başını ilan başı kimi əzən “dəmir yumruq!”

Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı cənab Ali Baş Komandandır!

Cənab Prezident 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqı­nın maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təm­kinini pozmadı, yüksək intelkekt, savad və diplomatik peşəkarlıq nümayiş etdir­di. Azərbaycanı bir daha dünyaya tanıt­dı, hər kəsə də öz yerini göstərdi. 

...Bu gün Ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bü­tövlüyü təmin olunmuşdur. Qarabağ torpaqları işğaldan azad edilmişdir. Üç­rəngli Azərbaycan Bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, bütün Qarabağda dalğalanır. Xalqın torpaq həsrətinə son qoyulmuş­dur. Zamanında Ulu öndər tərəfindən cənnətə çevrilən Qarabağın ikinci əbədi dirçəlişi və yüksəlişi başlamışdır.

...İndi Heydər Əliyevin ruhu şaddır, çünki siyasi varisi Ali Baş Komandan İlham Əliyev onun bütün vəsiyyətləri­ni və arzularını Azərbaycan xalqının dəstəyi ilə, böyük fədakarlıq və qəhrə­manlıqla həyata keçirib.

Ümummilli liderin müqəddəs yolunu Zəngəzur dağlarının zirvələrinə qədər ləyaqət və hünərlə davam etdirən Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini Şə­hidlər xiyabanından xalqımıza verərkən dedi: “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik"! Bəli, biz Şuşanı da, Laçını da, Xankəndini də azad etdik, indi o tor­paqlarda böyük bərpa- quruculuq işləri gedir, məcburi köçkün soydaşlarımızın həsrətinə son qoyulmuşdur.

Tarixi missiya isə davam edir, qarşı­da bizi daha da böyük, daha da qüdrətli Azərbaycan uğrunda yeni zəfərlər gözlə­yir. Yaxın vaxtlarda böyük sülh müqavilə­sini də imzalayacağıq, bütün kommuni­kasiyalar, o cümlədən, Zəngəzur dəhlizi də açılacaqdır. Bölgənin yeni həyatı, in­kişafı, sabitliyi, əməkdaşlığı və tərəqqisi başlayacaqdır. Ulu öndər Heydər Əlliye­vin dediyi tarixi sözlər həyatda növbəti dəfə təsdiqini tapacaq, "Azərbaycan dün­yaya Günəş kimi doğacaqdır"!

Musa URUD,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,YAP İdarə Heyətinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
Mənbələr
Şərh ()
Bağla