AZ

HEYDƏR ƏLİYEV FONDU - 20 İL GÖZƏLLİKLƏR İÇİNDƏ 

Ayinəsi işdir kişinin, lafa baxılmaz”...

Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyini düşünəndə istər-istəməz Ziya Paşanın bu misralarını xatırlamalı oldum. 20 ildir ki, dua və gözəlliklər içində tutduğu yola əzm və sədaqətlə xidmət edən bu fond xalqımızın tarixi taleyində müstəsna rolu ilə seçilir. Saysız-hesabsız əmək verilən layihələr, ürək qoyulan işlər, əməllə sözün, ruhla canın vəhdətindən hasilə gələn nəcib işlər sırası... Bəli, artıq sözə nə hacət... “Ayinəsi işdir kişinin”...

Məlum bir qanunauyğunluğun dərki Heydər Əliyev Fondunun, onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bəlkə də həyat kredosu kimi müəyyənləşib: milli yaddaşla bağlı görülən işlər, mədəniyyət və sənətin aliliyinə inam, dil, təhsil sahəsində qazanılan uğurlar sosial tərəqqidə daha böyük rol oynayıblar. Ona görə bu gün cəmiyyətimizdə “yaddaş işi”ni və rolunu, ədəbiyyat və sənət, məktəb və təhsil, mədəniyyət və milli-mənəvi dəyərlərə hörmət nümunəsini Heydər Əliyev Fondu yerinə yetirir. Bu, artıq dövlət və xalq qarşısında cavahdehlik hissidir, milli tarix və tale qarşısında qeyrət nümunəsidir, vətəndaşlıq borcunun bütün nəsillərə eyni miqyas və səviyyədə ötürülməsi hissinin aliliyindən doğan məziyyətdir. 

Heydər Əliyev ideyaları ilə bütövlənən amal

Heydər Əliyev Fondunun yaranması ideyası nə zaman yaranmışdır? Ulu Öndər Heydər Əliyev 30 oktyabr 1997-ci ildə, Azərbaycan yazıçılarının X qurultayında fondun yaranması ilə bağlı fikirlərini səsləndirmiş, niyyətini açıqlamışdır: “Burada fondun yaranması haqqında da fikir söyləndi. Mən bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki, bir fond yaransın, - “Heydər Əliyev Fondu” - və bu fonddan mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürəm ki, doğrudan da, belə bir fondun yaranması zəruriyyəti gəlib çatıbdır...” 

Amma Fondun yaranması nə az, nə çox, düz yeddi il sonra gerçəkləşdi. Həm də Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram nümunəsi olaraq... Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılan bu Fond Heydər Əliyev siyasi kursunun və şəxsiyyət obrazının əsas cizgilərini özündə ehtiva edir: iqtisadi, siyasi və mədəni inkişafa xidmət, elm, təhsil, texnika, idman, mədəniyyət və digər sahələrdə dinamikaya nail olmaq, dünya siyasi arenasında böyük nüfuz, xalqa, mənəvi dəyərlərə söykənmə, siyasi-sosial fəaliyyətdə elmi fikrin nailiyyətlərinə əsaslanma, xalqın və cəmiyyətin inkişafında elm və intellektdən faydalanma, milli genetik ruhun qorunması, yenilikçilik, təşəbbüskarlıq keyfiyyəti və maarifpərvərliyə çağırış və s., və i.

Bu mənada, “Heydər Əliyev Fondu” elə Ulu Öndərin  arzu və niyyətinin çin olduğu bir hadisədir. İyirmi ildir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyət və humanitariya sahəsində geniş fəaliyyəti ilə bütün dünyada tanınmış, Cənubi Qafqazın ən böyük təşkilatı kimi nüfuz qazanmışdır.

Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirmişdir. Milli dövlətçilik ideyalarına sadiqlik, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinin inkişafında, xalqımızın mənəvi irsinin qorunması və təbliğində, yeni nəslin tərbiyəvi istiqamətdə yetişməsində əsaslı rol oynamaq gücü, azərbaycançılıq ideallarına sədaqət, dünyanın harasında olursa olsun milləti və dövləti layiqincə təmsil etmək əzmi və s. Ulu Öndər Heydər Əliyevin önəm verdiyi ən mühüm məqam xalqın milli-mənəvi irsi, mədəniyyət abidələri, dəyərlərinə sahib çıxmaq idi. Heydər Əliyev Fondu də xalqın məfkurə necəliyini müəyyənləşdirən bütün nüanslara daim həssaslığı ilə seçilir. 

Məlumdur ki, Heydər Əliyev hər zaman tarixi məkanlara, abidələrə, qədim tikililərə diqqət yetirmişdir. Hələ 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin büstü bərpa edilmiş, Mirzə Şəfi Vazehin məzarı sahmana salınmış, qəbirüstü abidəsi düzəldilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurucularından olan Fətəli xan Xoyskinin itib-batmaqda olan məzarı tapılmış, qəbrinin üstü götürülmüş, büstü ucaldılmışdır. Eləcə də Həsən bəy Ağayevin heç kimə məlum olmayan məzarı tapılmış, büstü ucaldılmış və axirət evinin ətrafında abadlıq işləri aparılmışdır. Xalq şairi Nəriman Həsənzadə “Seçilmiş əsərləri”ndə yazır ki, “bu barədə Heydər Əliyevi məlumatlandıranda tapşırmışdır ki, elə indidən geri qayıdıb, orada keşik çəkilsin. Səhər isə Tbilisi cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Fətəli xan Xoyskinin də qəbrinin Mirzə Fətəli Axundzadənin büstünün yanına köçürülməsini təmin etmişdir. Fətəli xan Xoyskiyə xüsusi məhəbbəti olan Ulu Öndər 1996-cı il mart ayının 9-da Gürcüstanda olarkən Fətəli xan Xoyskinin büstünün açılışında iştirak etmişdir”.

Heydər Əliyev Mirzə Fətəli Axundzadənin ikimərtəbəli möhtəşəm mülkünü erməni, erməniqarışıq gürcü ailələrindən geri aldırmış, onu bərpa etdirmiş, mənzilləri məişət əşyaları və eksponatlarla zənginləşdirmiş, adına layiq ev-muzeyi yaradılmışdır. Sonralar bu ünvan gürcüstanlı azərbaycanlıların Mədəniyyət Mərkəzinə çevrilmişdir.

Bu nəcib davranış, dəyərlərə sahiblik əzmi onun siyasi kursuna varislik edənlər tərəfindən davam tapdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev irsinə sadiq olaraq Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və orada xiyabanın yaradılması barədə təşəbbüs irəli sürdü. 

Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atmışdır. Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.

Bu gün Heydər Əliyev Fondu xalqımızın tarixi taleyində mühüm işlərə imza atmağa davam edir. Yeni çağırış və reallıqlar qarşısında Fondun üzərinə götürdüyü bu məsuliyyət onun ənənəvi fəaliyyətinə davam xarakteri daşıyır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilməsi, Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilməsi, eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. 

Bəli, Yaradılana münasibətdə Fondun özü də yaradıcı mövqe tutur. Çünki Heydər Əliyev Fondu üçün qurub yaratmaq, həyatın universal başlanğıcına bərabər amildir. Ruhun təntənəsi kimi sakral bir dəyərdir. 

Sabahlı gələcək, sağlam nəsil uğrunda...

Hər bir xalqın gələcəyi təbii ki, təhsil proseslərindən asılıdır. Eynşteynin təbirincə desək, bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. 1916-cı ildə nəşr edilmiş “Demokratiya və Təhsil” əsərində amerikalı ictimai xadim və filosof Con Dyui yazırdı ki, ən geniş anlamda təhsil həyatın sosial davamı üçün bir vasitədir. Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır, həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır. Müasir təhsil müəssisələri cəmiyyətin mədəni irsinin nəsildən nəslə ötürülməsinə şərait yaradır və insanları onların iqtisadi və sosial statuslarını müəyyən edəcək  peşəkar bilik və bacarıqlarla təmin edir. Eyni zamanda, təhsil müddətində uşaq və yeniyetmələrdə mənəvi ideallar, davranış stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşır. İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir. 

Bəlkə buna görə bu gün təhsilimizlə bağlı Heydər Əliyev Fondu ən həssas məqamları hədəf alır, ən vacib proseslərin əsas hərəkətverici qüvvəsi olmaqdan, çiynini ağır yüklər altına qoymaqdan çəkinmir. Heydər Əliyev Fondunun son iyirmi ildə maariflənmə yönündə apardığı islahatlar dalğası bu gün böyük qürurla onlardan bəhs etməyə əsas verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilməkdə olan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı bu mənada, görülən işin əhəmiyyəti ilə ləyaqətli bir əməl cizgisi kəsb edir.

Yeni məktəb binalarının inşası, respublikamızın ucqar əyalətlərində belə yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi, uşaqların tərbiyəsi, onların qidalanmasının təşkili, sağlamlığının və keyfiyyətli təhsilinin təmin edilməsində yeni bilik və texnologiyaların istifadə edilməsinə şərait yaradılması Fondun maarifə, gənc nəslə, sabahlı gələcəyə hesablanmış diqqəti kimi bütövlükdə ölkəmizin sağlam gələcəyə aparılması strategiyasının çalarlarını ehtiva edir. Bura həmçinin Fondun həyata keçirdiyi layihələr çərçivəsində “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramını əlavə etsək, daha dolğun mənzərə yaranar. 2021-ci il, martın 5-də, Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. Və o ölkələrdə ki bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

Sonrakı əksər tədbirlərdə ölkə başçısı bu məsələyə dönə-dönə qayıtmış, yeni nəslin formalaşmasında vətənpərvərlik amilinin vacibliyini vurğulamışdır: “Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”. Heydər Əliyev Fondunun məktəb, maariflənmə, təhsilin əhəmiyyətini önə çəkmək baxımından gerçəkləşdirdiyi islahatların əsasında da məhz, bu qayəyə, bu amala xidmət dayanmışdır. 

Otuz ildən artıqdır ki, rejimlər dəyişib, təhsildəki ehkamlar, ideoloji və estetik çərçivələr dağılıb, qondarma, süni qanun və stereotipləri real-əməli mündəricə əvəz edib. Təhsildəki dəyişmə siyasətini məhz, bu anlamda qəbul etmək lazımdır. Onu hər yeni dövrün ideologiyası ilə yazmaq, yaxud yenidən təftiş etmək mənasında deyil, daha çox elmi meyarların dəqiqləşmə prosesinin aparılması kontekstində dərk etməyə çalışmaqla. Bütün dövrlərdə həm mənəvi-əxlaqi, həm də elmi-nəzəri-metodoloji cəhət tarixə, yaddaşa münasibətdə bir-birini tamamlayıb. Dəyərlərə yanaşmada çox böyük uğurlar maddiləşib təhsil sistemimizdə. Əsas məsələ bu uğurları yeniliklərlə cilalayaraq növbəti epoxa və nəsillərə daşımaqdır. Çünki elmin bütün sahələri əvvəlcə təhsil şəbəkəsində mərkəzləşir, daha sonra ondan ayrılıb müstəqil mövcudluğunu yaşayır. Bu gün Heydər Əliyev Fondunun təhsilə ayırdığı diqqətin nəticəsidir ki, elmi-pedaqoji təfəkkür, kadrlar, proqram və dərs vəsaiti - hər biri özünü yenidən yaratmış məfkurə, ideologiya, məzmun və forma işığında idrak edilir. Xüsusilə, Zəfər tariximizdən sonra daha kamil, daha müasir təhsil konsepsiyası və proqramı yaradılır. Tədris və təlimdəki yenilənmə ilk növbədə, bu amili nəzərə alaraq aparılır, təşkilati iş, elmi-pedaqoji fəaliyyət bu strategiyanı hədəf almaqla qurulur.

Milli mədəniyyətin, mənəvi-əxlaqi dəyərlərin təbliği

Ulu Öndər Heydər Əliyev daim öz çıxışlarında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Şərq və Qərb şəcərəsi barəsində daim fikirlər söyləmiş,  bu həqiqətləri müstəqil Azərbaycanda həyata keçirməyin, gerçəkləşdirməyin yollarını göstərmişdir. Heç təsadüfi deyil ki, həmin ənənə zəminində bu gün müstəqil Azərbaycan dünya sivilizasiyasına inteqrasiya yollarında artıq qlobal mədəni tədbirlərin yer aldığı daimi ünvanlardan birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin səyi və sərəncamları ilə bir-birinin ardınca keçirilən və dünyanın ən məşhur, nüfuzlu, intellektual elitasını bir araya gətirmək gücündə olan Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq forumları, Nizami Gəncəvi forumları, Beynəlxalq Nəsimi festivalı və s. kimi geniş marağa səbəb olan tədbirlərə ev sahiblik etməsi Azərbaycanın sorağını bütün dünyaya yaymışdır. Elə son olaraq, 1-3 may tarixlərində Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin qlobal arenaya inteqrasiyasında, milli həmrəyliyin qazanılmasında, o cümlədən, dünya mədəniyyəti ilə qaynayıb-qovuşmaqda önəmli faktlardan sayılmalıdır. Bu vəhdətdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna rolu və xidməti var.  Onun YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi geniş fəaliyyəti Qərb və Şərqin Azərbaycanda ünvanlanan vəhdətini nişan vermək baxımından simvolik məna kəsb edir.

Bu gün Azərbaycan milli mədəniyyətinin inkişafı ilə bağlı çox mühüm nailiyyətlərin altında Heydər Əliyev Fondunun adı yer alır. Azərbaycan muğamının, xalçasının dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək qiymətə layiqdir. Məhz bu fəaliyyət sayəsində Azərbaycanın ənənəvi musiqisi olan muğam UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun aktiv fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr milli mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. Torpaqlarımızı bərpa etdikdən sonra Şuşada böyük Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların erməni vandalizminə məruz qalmış malikanəsinin bərpa işlərini ölkənin birinci xanımı Mehriban Əliyevanın təəssübkeşliyi və rəhbərliyi ilə, Heydər Əliyev Fondu həyata keçirir. Hər il çoxsaylı mədəniyyət və ictimaiyyət xadimlərinin, xarici qonaqların iştirakı ilə Şuşada Vaqif Poeziya günləri və Xarıbülbül festivalının keçirilməsi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşir.

20 il Dua və Gözəlliklər içində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun əsas amalı xeyriyyəçilik və humanizm kimi ali dəyərləri meyara çevirməkdir. Buna görə cəmiyyətdə böyük nüfuz və ehtiram qazanmış, insanların ümid yerinə çevrilmişdir. Əlbəttə ki, Fond bundan sonra da ölkəmizə, xalqımıza şərəflə xidmət edəcək, Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinin qorunmasında, milli mədəniyyətinin təbliğində yorulmaz və gərəkli fəaliyyətini davam etdirəcəkdir. Çünki hər işi, hər addımı insanların sonsuz dua və alqışlarını qazanaraq irəliləmək olan bir təşkilatın ictimai və milli-mənəvi həyatımızdakı missiyası ancaq və ancaq Yola davam etmək olmalıdır.

Əslində, zamanın sabitliyi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında olan birbaşa əlaqənin tarixdə məlum ibrət dərsi və hikməti var. Əgər zamanla həmkarlığın ötəri deyilsə, zamanla aranda əbədi halallıq və etibar varsa, onda qalıcı və xeyirxah işlərə imza at! İllər keçər və sən bitməz-tükənməz bəhrə götürərsən... Bu gün dəyərlərin salamat qalması və mənəvi ekologiyanın gələcəyə bütöv şəkildə adlaması üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər mədəni yüksəlişə nail olmağın göstəricisi kimi tarixə daxil olur. 

Bəhrələri isə qabaqdadır - yaxın və uzaq gələcəkdə...

ELNARƏ AKİMOVA, 

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla