AZ

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Hazırda Azərbaycan siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə dünya birliyində nüfuzlu ölkələrdən biri hesab edilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 2020-ci il noyabrında Ermənistan üzərində cəmi 44 gün ərzində qazanılan tarixi Qələbə və üç il sonra Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri Azərbaycanı dünyada bütöv, suveren dövlət kimi tanıtdı. Bunu Prezident İlham Əliyevə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarından ünvanlanan təbrik teleqramları da təsdiqləyir. Azərbaycan Ordusunun dünyanın 50 ən güclülərindən biri olması da həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiyanın nəticəsidir. Ən əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun uğurlu davamıdır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanan İlham Əliyev andiçmə mərasimindəki nitqində Heydər Əliyev siyasi kursuna sadiqliyini bildirərək demişdir: “…Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

1be7577f1bd518123a1f0a7a021cfa3e.png

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Tanınmış hüquqşünas deyib ki, son 21 ildə qazandığımız bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir. Hələ 1969-cu ildə respublikaya rəhbər təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər müttəfiq respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməyən Ulu Öndər istər Azərbaycan KP MK-nın birinci katibi işləyərkən, istərsə də ondan sonra Kremldə yüksək səviyyəli vəzifələrdə çalışarkən, Azərbaycan xalqını, onun mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Milli ideologiyanın, azərbaycançılığın inkişafı daim prioritet vəzifə olmuşdur. Heydər Əliyev hələ sərt sovet rejimi dövründə dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur. Hələ mürəkkəb və çətin sovet rejimində həyatını riskə ataraq Azərbaycan dilinin-ana dilimizin qorunmasında xüsusi fəallıq göstərmiş və buna nail olmuşdu.

Ç.Qənizadə xatırladıb ki, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. O vaxtlar dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Müdrik şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən, öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Heydər Əliyev həyatını riskə qoyaraq, Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Kremlin rəhbər xadimləri müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə inadından əl çəkmirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri ilə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll etmişdi. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Hüquq müdafiəçisi SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk illər yaranmış vəziyyətdən də söhbət açaraq deyib ki, hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos siyasi gərginliyik getdikcə ağırlaşdırırdı. Vəziyyət o həddə çatmışdı ki, ölkədə silahlı münaqişə başlanmış, qardaş qardaşla üz-üzə dayanmışdı. Azərbaycanın mərd və qəhrəman övladlarının qanı bahasına bərpa edilmiş müstəqilliyimiz yenidən itirilmək üzrə idi. Belə bir vəziyyətdə xalqı öz arxasınca apara biləcək dövlət idarəçiliyində zəngim təcrübəsi olan liderə böyük ehtiyac yaranmışdı. 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdan bu lider-ulu öndər Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail oldu. Həmin ildən başlayaraq, bütün sahələr üzrə köklü islahatlara start verildi. Qanunsuz silahlı birləşmələr ləğv edildi, nizami ordu yaradıldı. Digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider ana dilimizi - Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Ç.Qənizadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, uğurlu sosial inkişaf strategiyası, insan hüquq və azadlıqların müdafiəsi, əfv sərəncamlarının imzalanması, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımların xalq tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdıraraq deyib ki, ölkədə sosial müdafiə tədbirlərinin güclənməsinə, 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artmasına imkan yaratdı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edib. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi.

“Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycana İlham Əliyev kimi praqmatik düşüncəli, yüksək intellektə malik lideri miras qoymasıdır”-deyə tanınmış hüquqşünas bildirib. Ulu Öndər onun ən layiqli siyasi varisi İlham Əliyevə inandığını iyirmi bir əvvəl - 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciətində bildirmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ç.Qənizadə deyib ki, bu inam artıq 21 ildir özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi isə tariximizin ən şanlı səhifəsidir. Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Ulu Öndər Heydər Əliyevin ideyaları bir-birinin ardınca həyata keçilməsi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Ən əsası isə torpaqlarımız işğaldan azad edildi. Bu, Ümummilli Liderin ən böyük arzusu idi. Bu arzunu onun ən layiqli varisi Prezident İlham Əliyev reallaşdırdı. Dövlət başçımızın dediyi kimi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq