AZ

Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək

Hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir.

Azərbaycan beynəlxalq ticarətdə əsas qovşaq ölkədir. Qədim “İpək yolu”nun üzərində yerləşən ölkəmizdə indi müasir, modern  İpək yolları işləyir desək, yanılmarıq. Məhz Prezident cənab İlham Əliyevin meqalayihələri Avropanın enerji xəritəsini dəyişir və qələbə yollarını Azərbaycana aid edir. Neft kəmərləri, qaz dəhlizləri təhlükəsizliyimizi təmin edir, həyatımızın firavanlığını daha da yüksəldir.
Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda deyib ki, Bolqarıstanla fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Azərbaycanla Bolqarıstan arasında əlaqələrin zəngin tarixi vardır və ölkələr arasında  münasibətlər yüksələn xətlə inkişaf edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edib. Təbii ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib. Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi.

Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Mühüm enerji potensialı ölkələrimiz arasındakı əlaqələrin əsasında dayanır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Və bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
Mənbələr
Şərh ()
Bağla