AZ

Dövlətçiliyin xilaskarı, xalqın sevimlisi –Ulu Öndər Heydər Əliyev

Bəşəriyyətin illər sonrakı tarixində mövqeyini müəyyənləşdirməyi bacaran şəxsiyyətlərinin yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışılanda  bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: Yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır?  Əlbəttə ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür.  Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar - Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri təsdiqləyən faktlarımız isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. “Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır”. Bəli, bu qiymətli kəlamın sahibi də elə nadir siyasətçilərdəndir ki, onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız deyil, bütün region xalqları, böyük İslam və türk dünyası faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. 

” Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”.  Bu fikrin müəllifi adını tarixə qızıl hərflərlə həkk etmiş Ümummilli Lider Heydər Əliyevdir. Bir dövləti müstəqil etmək, həmin dövlətin ərazisində yaşayan insanların qəlbini sevindirmək hər kəsin işi deyildir. XX əsrin ikinci yarısında Heydər Əliyev bunu bacardı. Özünün qətiyyətli iradəsi, misilsiz siyasi bacarığı ilə o, zirvələri fəth etdi, tarixdə yeni bir era yaratmağa nail oldu. Heydər Əliyevi ucaldan əsas xüsusiyyətlərdən biri də onun dəyişməz əqidəli olması, xalqına, onun adət - ənənəsinə, əxlaq və mənəvi prinsiplərinə qırılmaz, möhkəm tellərlə bağlılığıdır. SSRİ kimi bir dövlətin ali rəhbərliyində öz imzasını qoyan  tarixi şəxsiyyətdir Heydər Əliyev. O öz bacarığı, uzaqgörənliyi, siyasi savadı ilə Azərbaycan xalqının və  bütövlükdə türk dünyasının həmişə qürur mənbəyi olmuşdur. Onun polad kimi əyilməz möhkəm iradəsi, düzgün qərar qəbul etmək bacarığı hamını heyran qoymuşdu. “ Bir xalqı məhv etmək üçün əvvəl onun dilini məhv etmək lazımdır” deyən Heydər Əliyev  Azərbaycan dilini həqiqi dövlət dili səviyyəsinə qaldırmışdır. 

Heydər Əliyev düz 31 il bundan əvvıl, yəni 1993 - cü ildə ilk dəfə Azərbaycanın prezidenti seçilmişdi. Həmin zamanlarda xalqımızın başına gələn 20 Yanvar faciəsi, Xocalı faciəsi, cənnət diyarım Qarabağın gözəl guşələrinin işğalı hamı kimi müdrik rəhbərimizi də sarsıtmışdı. Ancaq o, ailəsinə və özünə qarşı edilən hədə - qorxulara məhəl qoymayaraq bacardığı qədər vətəndaşlarımızın hüququnu müdafiə etməyə çalışırdı. Bu səbəbdən də onun prezident seçilməyi qədirbilən Azərbaycan xalqını sevinc və fərəh dünyasına qərq etmişdi. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” demişdir Ulu Öndər.

Heydər Əliyevin Azərbaycan üçün, Azərbaycan xalqı üçün etdiklərindən günlərlə, aylarla danışmaq olar. Tarixdə iz qoyan şəxsiyyətlərdən olmaq, xalqın sevimlisinə çevrilməyi  bacarmaq hər insana nəsib olmur. O, bənzəri olmayan bir ömür yolu yaşadı və sabaha başlanan bir yol yaratdı. Bu yol, bu iz, bu cığır onun bizlərə bəxş etdiyi gözəl və işıqlı yoldur. Bu izlərin davamçıları bizik, Azərbaycan gəncləridir. Onun ürəyində bir arzu vardı. Ömür vəfa etmədiki, müdrik rəhbərimiz gözəl Qarabağımızı azad etsin, işğal altında olan torpaqlarımızı geri qaytarsın. Ancaq mən bu sözləri deyərkən Heydər Əliyevin xalqımıza bəxş etdiyi ən böyük töhfə, ən layiqli davamçı haqqında düşünürəm. “ Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”, - deyən Ulu Öndərin arzusunu İlham Əliyev reallaşdırdı. Cəmi 44 günlük müharibədə  30 illik həsrətə son qoyuldu. Nəyi,  nə zaman və necə edəcəyini bilən müdrik liderin rəhbərliyi altında 2023-cü ilin sentyabrın 20 -də antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat 44 dəqiqə ərzində mənfur düşmən ağ bayraq qaldıraraq Azərbaycan ordusu qarşısında diz çökdü. Erməni qatilləri əli – qolu qandalda Bakıya “ çay içməyə” gətirildilər. Biz bu günü səbirsizliklə gözləyirdik. Şükürlər olsun, bu günü gördük. Zəfər paradını Xankəndində qəbul edən Ali Baş Komandanımız tariximizin ən parlaq səhifəsi olan qələbə gününü bizə yaşatdı. Bəli, 8 Noyabr – “Zəfər” günüdür, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə Nida qoyulduğu gündür. Bəli, Heydər Əliyev müasir və müstəqil Azərbaycanın tarixini yazdı. Onun layiqli davamçısı İlham Əliyev isə bu tarixin ən parlaq qızıl səhifələrinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsini əlavə etdi.

 Bu gün Azərbaycan xalqı hansı bir səviyyədə uğurlu bir sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu. O, Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan bir lider kimi mübarizlik rəmzinə çevrildi.  Hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bildi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Ulu Öndər, İlham Əliyevin simasında bütün Azərbaycan gəncliyinə inanırdı. O, demişdir:“Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”. Beləliklə, gənclərlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi, müxtəlif fərman və sərəncamların imzalanması, qanunların qəbul edilməsi, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi və Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayında Partiya sədrinin birinci müavini vəzifəsinə seçilməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı. Gənclər dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə çalışdılar. Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” deyən ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycan gəncləri gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar. 

Odur ki, düzgün strategiya üzərində qurulan Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının bəhrəsi sayılır.

Son olaraq qeyd edim ki, Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və onun tərəfindən əsası qoyulan zəngin siyasi kurs ölkənin inkişafının təməl daşını təşkil edir.

Kəmalə Ələkbərova,

YAP Yevlax rayon təşkilatının fəalı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla