AZ

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Arif

Bakı, 10 may, AZƏRTAC

“Mövsümün əvvəlindən dörd komanda Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparırdı. Bunlar “Qaradağ Lökbatan”, “Şamaxı”,”İmişli” və MOİK idi. Lakin “hərbçilər” daha sonra rəqiblərindən geri qaldılar. Hətta “Karvan” da yüksək yerlər uğrunda vuruşurdu”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov I Liqadan elitaya vəsiqə qazanmaq uğrunda gedən mübarizə barədə danışarkən deyib.

Mütəxəssis “Qaradağ Lökbatan”ın Premyer Liqaya yüksəlmək şanslarının daha çox olduğunu bildirib: “Onlar son turda səfərdə “İmişli”dən xal almaqla öz yerlərini möhkəmləndirdilər. Növbəti rəqibləri ikinci sırada qərarlaşan “Şamaxı” olacaq. Əslində hər iki kollektiv elitada oynamağa layiqdir. Lakin öz aralarında baş tutacaq matçdan sonra hər şey bəlli olacaq”.

Onun sözlərinə görə, “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar: “Bölgə təmsilçisi mövsümə Vüqar Əsgərovla başlasa da, müəyyən nəticələrdən sonra onunla yollar ayrıldı və bu posta Ramiz Məmmədov gətirildi. Əlbəttə ki, komandanın hədəfi Premyer Liqada oynamaqdır. Lakin vəsiqə qazana bilməsələr, bunu faciə kimi qələmə vermək də düzgün çıxmaz. İstəyirəm ki, birinci yeri tutan kollektiv əsas liqada olsun. Bu zaman hər şey daha yaxşı olar”.

54 yaşlı məşqçi bildirib ki, I Liqada təmsilçilərinin stadionlarında ot örtüyünün əlverişsiz olması komandaların oyunlarına mənfi təsir edir: “İmişli” komandasının heyətində keyfiyyətli oyunçular var. Lakin meydanın yaxşı durumda olmaması futbolçuların özlərini göstərməsinə mane olur”.

Qeyd edək ki, “Qaradağ Lökbatan” 53 xalla I Liqada liderdir. “Şamaxı” isə 51 xalla ikinci sırada qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
11
Mənbələr
Şərh ()
Bağla