AZ

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü


ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
“Səfir Libbi doktor Qubad İbadoğlu ilə ev dustaqlığına buraxıldıqdan sonra görüşüb. Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır. Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyi davam edəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, Qubad İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.
Aprelin 18-də Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. 4 gün sonra – aprelin 22-də isə Qubad İbadoğlu Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ev dustaqlığına buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
Mənbələr
Şərh ()
Bağla