AZ

Görüşdən 1 gün sonra başlayan plan:Paşinyanı kim devirmək istəyir?

İrəvanda etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan deyib ki, onların növbəti addımı parlamentdə Paşinyana etimadsızlıq səsverməsi və onun istefasına nail olmaqdır.

“Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. 

Paşinyan yenə susarsa, biz dinc itaətsizlik aksiyaları təşkil edəcəyik”. 

Baqrat Qalstanyan parlament fraksiyalarının deputatları ilə Nikol Paşinyanın istefası prosesinə başlamaq məsələsini müzakirə edib. Müzakirələrdə “Ermənistan” fraksiyasının deputatları Artsvik Minasyan, Seyran Ohanyan, Qarnik Danielyan, İşxan Saqatelyan iştirak ediblər. Onlara “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan da qoşulub. Baqrat Qalstanyan İrəvanda və Ermənistanın bölgələrində tətillər və dinc itaətsizliyə çağırıb. 

Qeyd edək ki, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Baş nazir postuna Baqrat Srbazanın namizədliyini təklif edib. Lakin Oskanyana təşəkkür edən arxuiyepiskop belə bir siyasi iddiasının olmadığını deyib. Etirazçılar Nikol Paşinyanın bu gün istefasına nail olacaqlarını bildirir. Amma Paşinyana qarşı impiçment elan etmək üçün deputatların əksəriyyətinin səsi lazımdır. Çünki Ermənistan parlamentli respublikadır. 

Ermənistan qanunvericiliyinə görə, parlament üzvlərinin ən azı üçdə biri impiçment üçün qanun layihəsini təklif edə bilər. Eyni zamanda, layihə müəllifləri eyni vaxtda yeni Baş nazir vəzifəsinə namizəd irəli sürməlidir. Parlament müxalifəti çoxluğa malik deyil və Baş nazirin seçilməsi yalnız parlamentin Paşinyanın özünü seçdiyi prosedura uyğun olaraq mümkündür. 

Yəni müxalifətə impiçment təşəbbüsü ilə çıxış etmək üçün minimum 36 səs lazımdır. 

Hazırda aksiyaların əsas dəstəkçisi olan sabiq prezident Robert Köçəryanın tərəfdarlarından ibarət “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur.

Eks-prezident Serj Sarkisyana bağlı olan “Şərəfim var” fraksiyası 6 mandata malikdir.

Lakin Serj Sarkisyan aralarında olan siyasi ziddiyyətlər səbəbindən R.Köçəryanın başlatdığı hərəkatı dəstəkləmir. Serj Sarkisyanın müalicə üçün Almaniyaya səfər etməsinin də arxasında məhz bu məqamın dayandığı güman edilir. Hətta Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası da susmağa üstünlük verib. “Şərəfim var” fraksiyasından yalnız bir deputat aksiyaçılara qoşulub və Paşinyanın impiçmenti prosesində iştirak etməyə razılıq verib. 

Yəni Paşinyanın impiçmenti üçün 30 deputat məsələ qaldırmağa hazırdır ki, onların da sayı ümumi mandatların üçdə birindən azdır. Bu səbəbdən, Paşinyanın impiçmenti mövcud hüquqi prosedurlar baxımından real görünmür. Üstəlik, Paşinyanın istefa verməsi hələ hakimiyyət dəyişikliyi demək deyil. Çünki növbədənkənar parlament seçkilərində müxalifətin qalib gələcəyini söyləmək çətindir. 

Ermənistan qanunvericiliyinə əsasən, 5 faizlik seçki barajını keçən siyasi qüvvələr parlamentə düşmək imkanı qazanır. Hazırda Nikol Paşinyanın ən azı 680 min nəfər sabit elektoratı var. İrəvanın “Respublika” meydanında etiraza isə 20 min nəfər insan qatılıb. Son sosioloji sorğular Köçəryanın siyasi reytinqinin 3 faizdən də aşağı olduğunu göstərir. Ona görə də növbədənkənar seçkilərin keçirilməsi hələ müxalifətin qələbə çalması anlamına gəlmir. Növbəti Baş nazir hakim komandanın digər nümayəndəsi də ola bilər. Köçəryan indiki halda daxili sosial bazaya kifayət qədər arxayın olmadığına görə daha çox kiləsinin və Rusiyanın dəstəyinə ümid edir. 

Rusiya Prezidenti Vladimir Putinin mayın 8-də Nikol Paşinyanla görüşünün müsbət siyasi atmosferdə keçdiyi deyilsə də, bir gün sonra aksiyaların kütləvi təşkili tərəflər arasında bir sıra məsələlərə dair ciddi fikir ayrılığının qalmasından xəbər verir. Eyni zamanda, İrəvanda baş verənlər Kremlin Rusiya Prezidentinin Ermənistan-Azərbaycan şərti sərhədindən və “Zvartnos” hava limanından qoşunları çəkməyə razılıq versə də sona qədər güzəştə getmək istəmədiyinə işarədir. 

Yəni ikibaşlı mövqe tutan Rusiya hakimiyyəti digər tərəfdən, öz nümayəndələrini aksiyaya dəstək vermək üçün “Respublika” meydanına göndərib. Bu da perspektivdə Rusiya-Ermənistan münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla