AZ

Bakı-Tiflis-Qars dəmiryolunun 2-ci mərhələsi başladı...

Image

Akif Nəsirli: “Azərbaycan Prezidentinin Bolqarıstan prezidenti ilə görüşdə bu fikri işlətməsinin əsas səbəbi ondan ibarətdir ki, Bolqarıstan da bir Avropa ölkəsi kimi bu layihədən yararlanacaqdı”

“Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək...” 

Bu fikirləri Prezident İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatında bildirib. 

“Artıq bundan sonra Azərbaycan üzərindən nəqliyyat dəhlizi saha cəlbedici görsənəcək” 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Bakı-Tiflis-Qars dəmiryolu əsasən Azərbaycanın Avropaya çıxışını təmin edən əsas yoldur. Bu yol yalnız Azərbaycanın Avropaya çıxışını təmin etmir, həm də Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən biridir. Hazırda ikinci mərhələdə Bakı-Tiflis-Qars dəmir yolunun yükötürmə qabiliyyətinin bir neçə də artırılması üçün işlər görüldü. Bu işlər artıq başa çatdı. Azərbaycan Prezidentinin Bolqarıstan prezidenti ilə görüşdə bu fikri işlətməsinin əsas səbəbi ondan ibarətdir ki, Bolqarıstan da bir Avropa ölkəsi kimi bu layihədən yararlanacaqdı.  Bakı-Tiflis- Qars dəmir yolu Şanxaydan Strasburqa qədər uzanan nəqliyyat dəhlizinin əslində bir hissəsidir. Burda arada bir Xəzər dənizi var. Xəzər dənizinin üzərindən də keçid mümkündür. Növbəti mərhələdə, gələcəkdə  yəqin ki, biz  “Zəngəzur dəhlizi” açıqlandan sonra Bakı-Tiflis-Qars dəmiryoluna  alternativ olaraq Naxçıvan ərazisindən Türkiyəyə keçməklə daha bir dəmir yolu xəttinin açılışını müşahidə edəcəyik. Artıq bundan sonra Azərbaycan üzərindən nəqliyyat dəhlizi daha cəlbedici görsənəcək. Hesab edirəm ki, Xəzər dənizi üzərindən  Şərqdən Qərbə, Qərbdən Şərqə gedən qatarları gəmi-bərələr vasitəsilə dənizin o tayına və bu tayına daşımaq olar. Əvvəllər bu təcrübədən sərnişin qatarlarının hərəkətini təmin etmək üçün istifadə edilirdi...”-deyə A.Nəsirli qeyd etdi. 

A.Nəsirli hesab edir ki, Azərbaycan ərazisindən yükdaşımaların cəlbediciliyi bu sistem qurulandan sonra daha da artacaq. A.Nəsirlinin sözlərinə görə, hazırkı mərhələdə gəmi bərələrin işə salınması, Xəzərin bu tayından o tayına qatarları daşıyan böyük ölçülü gəmilərin hazırlanması, dövriyyəyə buraxılması mərhələsi elə də uzaqda deyil.  

A.Nəsirli əlavə etdi ki, Xəzər üzərindən kommunikasiya təmin edildikdən sonra artıq, tutalım, Şanxaydan yükləri vaqonlara yükləyib düz Starasburqa, yəni Avropanın paytaxtına qədər aparmaq mümkündür. “Bunu hazırda Bakı-Tiflis-Qars dəmir yolu üzərindən də etmək olar. Amma məsələ burasındadır ki, bu layihənin əleyhinə qüvvələr var, onun cəlbediciliyini zəiflətmək üçün müxtəlif oyunlar qurulur. Məsələn, Avropa və Amerika Azərbaycan üzərindən Çinin Avropaya çıxmasını istəmir. Regionda “Zəngəzur dəhlizi”nin açılmasının qarşısını alan heç də təkcə İran və Ermənistan deyil, həm də məhz Amerika və Avropadır. Özlərini sülh “göyərçini” kimi göstərən Avropa və Amerika Cənubi  Qafqazda gərginlyin qalmasında ona görə maraqlıdır ki, məhz Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin cəlbediciliyi aşağı düşsün. Yəni guya hər an bizim Ermənistanla müharibə ehtimallarımız olduğunu tirajlayırlar. Guya Ermənistanla Azərbaycan yenidən müharibə edə bilər, bu regionda qarşıdurma həmin ərazidən keçən dəmir yoluna da zərər vura bilər. Avropa mətbuatında yayılır ki, müharibə vaxtı Ermənistan Azərbaycanın böyük şəhərlərini vurub, bu şəhərlərin yaxınlığından keçən dəmir yolunu da Ermənistanın vurma ehtimalı böyükdür. Bu cür məlumatlar yayırlar. Bununla demək olar, Qərb və ABŞ mətbuatı Azərbaycanın əleyhinə çıxışlar edir ki,  Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat dəhlizi qeyri-cəlbedici görünsün, Çin burdan Avropaya çıxmağa ehtiyat edib çəkilsin.  Bu gün Çin Avropa və Amerika  ilə iqtisadi rəqabətdədir. Bir sıra hallarda   Qərb və Amerika Çinə məğlub olur. Ona görə də siyasi alətlərdən yararlanıb bizim regiondan Çinə qarşı istifadə edirlər. Yəni Çin burdan Avropaya çıxaraq öz iqtisadiyyatının şaxələndirilməsini inkişaf etdirə bilməsin,  Avropaya çıxışı yalnız Rusiya istiqamətindən olsun. Bu müəyyən mənada məhdud bir çıxışdır. Yəni Rusiyanın istədiyi formada çıxışdır. Rusiya ilə Çin müttəfiq görünsə də, onlar arasında da müəyyən fikir ayrılıqları var. Artıq bildiyiniz kimi, Çin də sanksiyaların müəyyən bir qisminə qoşuldu. Yəni konkret Bakı-Tiflis-Qars dəmir yolunun gələcək perspektivinə inanıram və onun alternativi olan “Zəngəzur dəhlizi”nin perspektovlərinə inam bəsləyirəm. Sadəcə olaraq, müəyyən zaman lazımdır ki, dünyadakı bu konfliktlər səngisin, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın, ölkələr bu yolun təhlükəsizliyinə təminat olduğuna inansın. Bu inam yaranandan sonra Bakı-Tiflis-Qars dəmir yolu, bayaq qeyd etdiyim kimi, Şanxaydan Strasburqa qədər uzanan yolun bir hissəsi kimi tanınacaqdı. Hətta alternativ “Zəngəzur dəhlizi” də onunla bərabər inkişaf edəcək və bu yüklərin daşınmasından Azərbaycan kifayət qədər gəlir əldə edə biləcək. Həm də özünün Avropaya çıxış imkanları genişlənəcək”-deyə A.Nəsirli vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
Mənbələr
Şərh ()
Bağla

Reytinq