AZ

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Azərbaycanın Polşadakı səfirliyində geniş qeyd edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdənbildiriblər ki, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, səfirliyin əməkdaşları, eləcə də bu ölkədə akkreditə olunan Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının rəhbəri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Polşanın ilk paytaxtı və dini mərkəzi olan Qnezno şəhərindəki Azərbaycan-Polşa “Dostluq” abidəsi də ziyarət edilib. Qeyd edək ki, “Dostluq” abidəsinin üzərində Ümummilli Lider Heydər Əliyevin Polşa və polyak əsilli Roma Papası II Yan Pavelin Azərbaycan haqqında səsləndirdiyi fikirlər əks olunub.

Tədbirdə səfir N.Qurbanova, Qnezno şəhərinin meri Mixal Povalovski, Polşada akkreditə olunan Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi N.Nağdəliyev, həmçinin səfirliyin əməkdaşları, yerli mətbuat nümayəndələri və meriyanın təmsilçiləri iştirak ediblər.

Əvvəlcə şəhərin mərkəzi parkındakı abidə üzərinə əklil qoyulub.

Səfir N.Qurbanova çıxışında Ümummilli Liderin mənalı həyatı və çoxşaxəli fəaliyyəti haqqında məlumat verib, müstəqil Azərbaycanın yenidən qurulmasında Ümummilli Liderin misilsiz xidmətlərindən söhbət açıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayan səfir Ulu Öndərin hakimiyyəti illərində qazanılan nailiyyətləri, o cümlədən Polşa ilə əlaqələrin qurulmasındakı tarixi rolunu qeyd edib.

Qnezno şəhərinin meri M.Povalovski də çıxış edərək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi köklərə əsaslandığını vurğulayıb.

Tədbir çərçivəsində yerli televiziyaya müsahibə verən N.Qurbanova sözügedən abidə barədə məlumat verib, Ümummilli Liderin fəaliyyətindən bəhs edərək ölkələrimiz arasında münasibətlərə toxunub.

Bu tədbirlərlə yanaşı, səfirlikdə Varşava İqtisadiyyat Məktəbinin Xarici Əlaqələr üzrə Tələbə Elmi Klubu tərəfindən təşkil olunmuş “Fəaliyyət diplomatiyası” təşəbbüsünün iştirakçıları üçün mühazirə təşkil olunub.

Qeyd edək ki, bu təşəbbüs tələbələri və orta məktəblərin şagirdlərini bir araya gətirərək onların diplomatiya və beynəlxalq əlaqələrə dair biliklərini genişləndirməyə yönəlib.

Tədbirdə müasir Azərbaycanın inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətləri barədə məlumat verən səfir N.Qurbanova bütün bu nailiyyətlərin dahi şəxsiyyətin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu qeyd edib. Vurğulanıb ki, məhz bu siyasətin nəticəsində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan nüfuzunu artırıb və təkcə özünün deyil, qonşu ölkələrin də inkişafına vacib töhfələr verib. Azərbaycanın bir çox irimiqyaslı layihələrə imza atdığını söyləyən səfir əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası, o cümlədən “Əsrin müqaviləsi” barədə məlumat verib.

Dahi rəhbərin digər ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi siyasətini xüsusilə vurğulayan diplomat bu kontekstdə Azərbaycan ilə Polşa arasında əməkdaşlıq münasibətləri barədə məlumat verib, iki ölkə arasında tarixi əlaqələrdən bəhs edib. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman dərin hörmət və ehtiramla yad edildiyi diqqətə çatdırılıb, tələbələrin sualları cavablandırıb.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
50
Mənbələr
Şərh ()
Bağla