AZ

O, AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN, SUVERENLİYİNİN TƏMİN OLUNACAĞINA ƏMİN İDİ

Bu gün anadan olmasının 101-ci ildönümü tamam olan Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, siyasi irsi vətənimizin tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. O, müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, ideoloji əsaslarını yaratmışdır. Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir

Ümummilli liderin vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsi oldu.

Müstəqilliyimizin ilk illərindəki xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyü, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması problemi Ümummilli Lider Heydər Əliyevi qayğılandıran ən mühüm məsələ idi. O, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin mütləq təmin olunacağına əmin idi. Zamana bir neçə cari il kimi deyil, bütöv bir strateji dövr kimi baxmaq müdrikliyinə, uzaqgörənliyinə malik olan Ulu Öndər fərqində idi ki, bu problemin həlli qısa müddətin işi deyil. Bunun üçün uzun illər ardıcıl şəkildə hazırlaşmaq, addım-addım irəliləmək, ən əsası ali hədəfdən geri çəkilməmək mühümdür. Böyük dövlət adamı yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etməyin mümkünlüyünü vurğulayırdı.  Heydər Əliyevin formalaşdırdığı zəngin dövlətçilik irsinin varisliyi həm əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, həm də dövlətimizin, xalqımızın təkamül yolu ilə yeni strateji dövrdə də ən böyük hədəfinə doğru irəliləməsi baxımından taleyüklü məsələ idi. Ulu Öndərin mənəvi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu strateji dövrün Lideri kimi dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirdi. Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində XXI əsrin güclü Azərbaycanını qurdu. Ulu Öndərin 2003-cü ilin Prezident seçkisi ərəfəsində xalqımıza müraciətində ifadə olunan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" inamını möhtəşəm şəkildə doğrultdu. Ata vəsiyyətini yerinə yetirərək dövlətimizi, xalqımızı ən böyük arzusuna - azad Qarabağa, Şərqi Zəngəzura qovuşdurdu. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdi. Şuşada, Xankəndidə bayrağımızı ucaltdı. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə nail oldu. 

Bu gün Azərbaycan regionda yaranmış yeni reallıqların müəllifidir. Bölgəmizdə heç bir layihə, proses Azərbaycanın iştirakı olmadan həyata keçirilə, uğur qazana bilməz. Ölkəmiz qlobal proseslərə geniş təsir imkanlarına malikdir və bu imkanlar getdikcə genişlənir. Böyük güc mərkəzləri Azərbaycanın dövlət maraqları, xalqımızın mənafeyi ilə bağlı bütün məsələlərdə ölkəmizlə hesablaşır, Prezident İlham Əliyevin rəyini, mövqeyini mütləq nəzərə almalı olurlar. Bunun bir səbəbi bu mövqeyin, rəyin strateji xarakter daşıması, ümumilikdə bəşəriyyətin faydasına olması, sülhə, dayanıqlı inkişafa, ölkələr və xalqlar arasında əməkdaşlığa xidmət etməsi, zaman-zaman özünü doğrultması ilə bağlıdırsa, digər səbəbi də Azərbaycanın müstəsna geopolitik mövqeyi, nüfuzu, proseslərə təsir imkanları ilə əlqədardır. Bu gün Azərbaycan türk dünyasının əsas mərkəzlərindəndir. Azərbaycan son illər Qoşulmama Hərəkatının sədri olmuş dövlət kimi bu qurumun timsalında böyük bir qlobal güc mərkəzi formalaşdırmışdı. Azərbaycan dünyanın müxtəlif qütbləri arasında iqtisadi, mədəni, siyasi kommunikasiya bağıdır.

Dövlətimizin bu gün gəlib çatdığı mərhələ, qısa müddət ərzində əldə olunmuş tarixi nailiyyətlər, bəlkə də çoxlarına təəccüblü görünür. Amma bu nəticələrin əldə olunacağına hər kəsdən çox məhz Prezident İlham Əliyev əmin idi. 2003-cü ildə Ulu Öndər Azərbaycanın gələcək taleyini böyük ümidlərlə Ona - layiqli siyasi varisinə etibar edərkən cənab İlham Əliyevin bu ümidləri doğruldacağına, Heydər Əliyevin bütün arzularını yerinə yetirəcəyinə qəlbən inanırdı. Azərbaycan Prezidenti davam etdirdiyi milli-strateji inkişaf kursunun işıq saldığı gələcəyi görürdü. Bu gün Azərbaycan dövlətinin gəlib çatdığı məqam dövlətimizin başçısının illər öncə gördüyü gələcəkdir. Qarşıda isə bizi daha böyük gələcək, Azərbaycanın daha qüdrətli çağları gözləyir.

Akif Abdullayev,

Anar Məmmədov,

Mais Dadaşov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla