AZ

“Zirə” daha şanslıdı, qalan iddialıların taleyi öz aralarındakı oyunlardan asılıdı” - Tərlan Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Avrokuboklara vəsiqə qazanmaq uğrunda “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi” arasında qızğın mübarizə davam edir.

“Futbol+”in əvvəlki sayında bu komandaların son üç tur üçün təqvimini nəzərinizə çatdırmışıq. Hər halda, turnir cədvəlindəki indiki durum və mümkün ssenarilər ilə bağlı mütəxəssis fikri də maraqlıdı. Dünənki “Neftçi” – “Kəpəz” oyunundan əvvəl Tərlan Əhmədovun da fikirlərini öyrəndik:

"Dörd komandadam kimin Avropa Liqasına, kimin isə Konfrans Liqasına gedəcəyi bəlli olmasa da, hər birinin şansı var. Düşünürəm ki, bu məsələlər komandaların öz aralarında keçirilən oyunlarda bəlli olacaq. Düzdü, "Zirə" üçün "Qarabağ"la oynamaq çətin olacaq. Lakin son turlarda "Qarabağ" da sabit oynamır. Son 4 oyunun ikisində məğlub olub, birində bərabərə qalıb, digərində isə "Neftçi" üzərində böyükhesablı qələbəyə sevinib. Artıq futbolçular da bilir ki, komanda çempiondu, buna görə də əvvəlki motivasiya yoxdu. Hər halda, "Qarabağ" da çalışır ki, çempionatda uğurlu nəticələrin davamını gətirsin. Buna görə də "Zirə" üçün bu oyun çətin olacaq. Amma "Kəpəz" və "Səbail" ilə qarşılaşmalarda uğurlu nəticə əldə etmək mümkündü, hətta “Zirə” həmin oyunlardan maksimum xal götürə biıər. Əsas məsələ "Qarabağ"a qalib gəlməkdi. Nə qədər çətin də görünsə də, indiki durumda mümkünsüz deyil. Avropa yolunda "Zirə"ni yalnız "Qarabağ"la çətin oyun gözləyir. Qalan üç klubla müqayisədə "Zirə" daha şanslıdı. "Sumqayıt"ın isə "Səbail" və "Sabah" ilə ağır oyunları var. "Qəbələ" nə qədər son oyunda qalib gəlsə belə, artıq itirəcəyi heç nə yoxdu. Amma bunu da “Sumqayıt” üçün rahat oyun saymaq olmaz. Son oyunlara baxsaq, komanda Samir Abasov olmadığı müddətdə "Qarabağ" üzərində qələbə qazandı. Lakin Abasov gələndən sonra azlıqda qalan "Kəpəz"lə bərabərə qaldı. Oyuna baxanda görmək olurdu ki, komandanın motivasiyası aşağıdı. “Kimyaçılar” baxımlı futbol nümayiş etdirmədilər. "Qarabağ"la matçda rəqibin buraxdığı qol imkanları, hakimin vermədiyi aşkar penalty var idi. Düzdü, qalib mühakimə olunmur. Amma liderə qalib gələndən sonra “Kəpəz”ə qarşı elə sönük oynamaq “Sumqayıt”ın qeyri-sabitliyini göstərir. Bu baxımdan da qarşıdakı 3 turda rahat 9 xal qazanacaqları inandırıcı deyil. Baxmayaraq ki "Qəbələ" sonuncu yerdədi.

"Sabah"ın avrokubok şanslarına gəlincə, nə qədər "Qəbələ"nin elitanı tərk edəcəyini desələr də, buna inanmıram. Hər halda, onları premyer-liqada saxlayacaqlar. Ümumilikdə "qırmızı-qaralar"ın itirəcəyi heç nə yoxdu. Ona görə də futbolçular artıq meydana rahat çıxır. Düşünürəm ki, digər komandalara nisbətən "Sabah"ın şansı daha aşağıdı. Çünki "Qəbələ" ilə səfər qarşılaşmasının ardından "Sumqayıt" və "Neftçi" ilə ağır oyunları var. Məhz bu oyunlarda artıq bəlli olacaq ki, kimlər mükafatçılar sırasına düşür. "Neftçi"nin son turlarda göstərdiyi oyunlar elə də ümidverici deyil. Bakılıların da son turlarda maksimum nəticə qazanacağını düşünmürəm. Ortada komandanın məşqçilərinin işi, futbolçuların oyunu yoxdu. İki dəfə məşqçi dəyişikliyi oldu. Hər ikisi klubu fiaskoya aparıb. Üç tur qələbə qazana bilməyən "Qarabağ" gəlib "Neftçi"yə 5 qol vurur. "Ağ-qaralar"ın məşqçi korpusu düzgün taktika seçə, normal nəticə əldə edə, klubu kökləyə bilmirsə, deməli, o məşqçilərdən nəyisə gözləmək də çətindi. Amma yenə də ümid edək ki, "Neftçi" adına uğurlu nəticə olar və mükafatçılar sırasından kənarda qalmaz. Çünki "Neftçi" ən ağrılı yerimizdi. Amma onlarda məşqçi işi qətiyyən görünmür. Getdikcə daha da geriləyirlər. Hətta Adrian Mutunun vaxtındakından da pis futbol oynamağa başlayıblar. Burda məşqçilərin və məşqçi korpusunun gördüyü iş, transferlər - hamısı özünü büruzə verir. Demək olar ki, komandanın potensialı yoxdu. Bu heyətlə mükafatçılar sırasına düşsələr, Konfrans Liqasına və ya Avropa Liqasına gedəsi olsalar da, orda uğurlu nəticə əldə edəcəkləri qeyri-mümkün görünür. Hər halda, "Sabah", "Sumqayıt" və "Neftçi"nin öz aralarındaki oyunlarda hər şey aydın olacaq. "Zirə" üçün isə onu deyə bilərəm ki, "Qarabağ"ı keçsələr, vəzifənin öhdəsindən gəlmiş olacaqlar".

GÜNAY SÜLEYMANOVA 
Seçilən
63
1

1Mənbələr

Şərh ()
Bağla