AZ

Kaxaber Sxadadze: “Qəbələ” təkcə böyük klub deyil, həm də…”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ardıcıl iki oyunda qələbə qazanmağımız müsbət məqamdır. Aşağı liqaya düşsək də, futbolçular peşəkar olmalıdırlar. Onlar həmişə maksimum bacarıqlarını göstərməlidirlər. Əvvəlki kimi çalışdığımızı oyunçular da görürlər. Buna görə şadam. “Qəbələ” təkcə böyük klub deyil, həm də yaxşı gənc futbolçular yetişdirir. Sevinirəm ki, bu gənclər özlərini yaxşı göstərirlər”.

Kaxaber Sxadadze gənc futbolçuların çıxışına da qiymət verib: “Sağ cinah müdafiəçimiz Eşqin Əhmədovu kim tanıyırdı? O, oyunun ən yaxşısı idi. İbrahim Ramazanov bu səviyyədə ikinci dəfə mərkəz müdafiəçisi kimi oynadı. Bugünkü matça gəlincə, qırmızı vərəqəyə qədər də oyuna nəzarət edirdik. Standart vəziyyətlər və topu müdafiəçilərin arxasına atmaqlarını nəzərə almasaq, rəqib qapımız önündə heç nə yarada bilmədi. Yaxşı oynadıq, müdafiədə diqqətli olduq, hücumda imkanlarımızdan yararlandıq. Qırmızı vərəqədən sonra rəqibi tam sıxmaq lazım idi. Qol vurmalı idik, bunun üçün çox sayda imkanlar da oldu. Amma ən önəmlisi odur ki, qalib gəldik”.

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Rəqibi təbrik edirəm. Bu gün bizdən yaxşı oynadılar. Birinci hissədə biz öz səviyyəmizə uyğun çıxış etmədik. Çoxlu top itirdik. Həmçinin meydanda futbolçular arasında əlaqə daha yaxşı olmalıydı. İkinci hissənin əvvəlində komanda yaxşı təsir bağışladı. İrəlidə rəqibə yaxşı təzyiq edirdik. Buna baxmayaraq, azlıqda qaldıq, bir nəfər azlıqda mübarizə aparmaq da çox çətindir. Bura qələbə üçün gəlmişdik. Lakin təəssüf ki, çoxlu səhvlərə yol verdik, bunun da qarşılığında məğlub olduq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
3
arena.az

4Mənbələr