AZ

Samir Abasov sözünü çatdırdı: "Belə olmayacaq"

"Sumqayıt" avrokuboklara getmək yolunda daha bir mühüm addım atmış oldu.

Söhbət 34-cü turda əldə olunan qələbədən gedir.

Doğma meydanda "Səbail"i qonaq edən "kimyaçılar" 2:1 hesablı qələbə ilə 3 xalı aktivinə yazdırdı.

Bununla da xallarının sayını 54-ə yüksəldən "Gənclik şəhəri" ikinci sıraya yüksəlmiş oldu.

Hər zaman çılğınlığı ilə seçilən meydan sahiblərinin baş məşqçisi Samir Abasov bu dəfə təmkinli duruşu ilə diqqət çəkdi.

90 dəqiqə matçı ayaqüstə izləyən mütəxəssis epizodlara sakit reaksiya verirdi.

Hətta hakimlərlə bağlı narazılığı olanda belə bunu çox sakit formada referilarə çatdırırdı.

Tez-tez köməkçiləri ilə məsləhətləşən Abasov zaman-zaman futbolçularına da tapşırıqlar ötürürdü.

Amma hər biri çox sakit formada.

Qısası, qarşımızda heç alışmadığımız Samir Abasov vardı.

Oyundan sonrakı mətbuat konfransında bəndənizin "maraqlıdır, bu qədər sakit olmağınızın arxasında nə dururdu" sualına çalışdırıcı belə cavab verdi:

"Mən də öz təzyiqimlə onları yükləmək istəmirdim. Həmin ərafə deyil ki, mən coşum, hirslənim. İstəmədən özümü cilovlamışam".

Davamında maraqlı açıqlamaları, çılğın hərəkətləri ilə sevilən personaj "Bundan sonra da futbolçular davamlı olaraq bugünkü Abasovu görə bilərlərmi" - deyə, ona ünvanlanan növbəti suala cavabında futbolçulara açıq mesaj verməsilə yadda qaldı:

"Xeyir, mövsümün əvvəli belə olmayacaq".

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29

1Mənbələr

Şərh ()
Bağla