AZ

ATƏT Bakı ilə İrəvan arasında sülhə necə töhfə verə bilər?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər "Azərbaycan və Ermənsitan arasında davam edən siyasi prosesi, sülh prespektivlərini, əsas təhlükəsizlik və humanitar narahatlıqları" müzakirə ediblər.

"Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir. Biz ATƏT olaraq tərəflərlə daha çox işləməyə və humanitar məsələləri dəstəkləməyə hazırıq. Biz həmçinin müsbət impuls yaratmağa və nəticələr əldə etməyə yönələn bütün milli və beynəlxalq səyləri və təşəbbüsləri dəstəkləyirik", - o deyib.

ATƏT sədri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasıan da toxunub: "Delimitasiya ilə bağlı irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır".

Maraqlıdır, ATƏT Azərbaycan və Ermənistanın razılığı ilə sülhün bərqərar olunmasına töfhə verə bilər?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, ATƏT-nin bu prosesdə vəzifəsi Ermənistanı sülhə təşviq etmək ola bilər:

“1992-ci ildə Qarabağ münaqişəsinin nizamlanması prosesini ATƏM öz üzərinə götürdü. Təəssüflər olsun ki, otuz il ərzində ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) Qarabağ münaqişəsinin nizamlanmasına heç bir töfhə vermədi.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Ermənistanı dəstəkləyirdilər və bu münaqişədə yalnız öz maraqlarını güdürdülər. Ona görə də Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etmək qərarına gəldi. Bu gün Azərbaycan öz gücü ilə nəinki öz torpaqlarında, hətta bütöv bir regionda ədaləti və sabitliyi bərqərar etdi. 

O ki qaldı indiki dövrdə ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan sülh prosesinə töfhə verməsinə, ATƏT-nin bu prosesdə vəzifəsi yalnız Ermənistanı sülhə təşviq etmək olmalıdır. Çünki bu prosesə əngəl yaradan yeganə ölkə Ermənistandır.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipi təqdim edib. Bu prinsiplər beynəlxalq hüququn normalarına əsaslanır. Bu baxımdan ATƏT Azərbaycanın mövqeyini nəzərə almalı və Ermənistana sülh prosesində aktiv olması üçün təzyiq etməlidir”.

ATƏT-nin Minsk qrupunun rəsmi olaraq nə zaman ləvğ olunacağına gəlincə, O.Qasımov bunun heç bir əhəmiyyətinin olmadığını bildirib: 

“44 günlük Vətən müharibəsindən sonra ATƏT-nin Minsk qrupunun həmsədrləri regiona yalnız bir dəfə səfər ediblər. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev onlara Azərbaycan-Ermənistan sülh prosesinə dəstək üçün xüsusi gündəlik irəli sürmələrini təklif etmişdi. Halbuki həmsədrlər bu istiqamətdə addım atmadılar.

Ümumiyyətlə, heç bir fəaliyyəti olmayan ATƏT-nin Minsk qrupunun rəsmi olaraq ləvğ olmasının heç bir əhəmiyyəti yoxdur. Onu da nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları heç bir vasitəçi olmadan ikitərəfli qaydada aparılır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
cebheinfo.az

1Mənbələr