AZ

Şuşaya yola salınan növbəti köç karvanını təcili yardım avtomobilləri müşayiət edib » Medical Media



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə yola salınan növbəti köç karvanını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşları müşayiət ediblər. 

Respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. 

Şuşaya qayıdan ailələrin tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq yolboyu köç karvanını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları müşayiət ediblər. 

Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərə köçürülən əhali müvafiq tibb mütəxəssisləri tərəfindən müayinələrdən keçirilib.

Tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Abşeron, Bərdə, Ağcabədi, Qax, Qəbələ Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.

İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün ixtisaslı həkim-mütəxəssislər tərəfindən, o cümlədən kliniki-laborator, instrumental müayinələr təşkil edilib. 

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən icbari tibbi sığorta hesabına ödənişsiz əsaslarla icra olunur. 

Müayinələrin aparılmasında əsas məqsəd köçürülən əhalinin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Xatırladaq ki, Şuşaya ilk köç karvanı 10 may tarixində yola salınıb, köç edən  20 ailəni (88 nəfər) təcili yardım briqadaları müşayiət edib və köç edən ailələrdən 10 nəfərə yaranmış zərurətə uyğun tibbi xidmətlər göstərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
3
medicalmedia.az

4Mənbələr