AZ

Qərbdə kommunizm fırtınası: “SSRİ-ni dağıdanlar sovetləşirlər”

ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinə rüsumları kəskin artırıb. Elektrik avtomobillərinə 100, günəş panellərinə isə 50 faiz rüsum tədbiq ediləcək. Yəni, məsələn, əvvəl 50 min dollarlıq maşına 12500 dollar rüsum ödənilirdisə, indi elə qiyməti qədər ödəniləcək.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, günəş panelləri 50, avtomobillər isə 100 bahalaşacaq:

“ABŞ hökuməti bu addımı daxili bazarı qorumaq, Çinlə mübarizə kimi qələmə verir. İşin maraqlı tərəfi budur ki, ABŞ-nin indiki administrasiyası – Demokratlar Partiyası dünyada yaşıl gündəm və iqlim dəyişikliyi kimi mövzuları dəstəkləyir, bu məsələləri dünyanın əsas prioriteti elan edib. Əgər əsas məsələ ekologiya və iqlimdirsə, bu sahədə pozitiv dəyişikliklərə xidmət etməli olan elektrik avtomobilləri və günəş panellərinə niyə ağır rüsum qoyub qiymətini artırasan? Demək, iqlim və ekologiya bəhanədir, məqsəd maraqlardır, biznesdir, puldur.

Ümumiyyətlə, ABŞ və Qərbi Avropanı inkişaf etdirən, orada rifah yaradan, iqtisadi və elmi yüksəlişə aparan yol iqtisadi liberalizm, azad bazar, rəqabətli mühit olub. Təəssüf ki, SSRİ dağılandan, dünyada tək və rəqibsiz güc olandan sonra kollektiv Qərb iqtisadi liberalizmdəm sosializm və dövlət iqtisadiyyatının başqa bir forması olan “over-regulation”, yəni “aşırı tənzimləmə” modelinə keçərək, dövlətin iqtisadiyyata müdaxiləsinin yeni formalarını yaratdı.

Bu gün kollektiv Qərbin ən böyük problemi “solaxaylaşma”sıdır, kapitalizmin bütün təməl prinsiplərinin pozulmasıdır, dövlətin iqtisadiyyata kəskin müdaxiləsi, sistemin təməlini təşkil edən özəl mülkiyyətin tapdanmasıdır. Sol-sosialist ideyalar elə Avropada yaranıb, kökü orada qoyulub. Bu, zamanına görə çox mütərəqqi, “vəhşi kapitalizm”dən liberal iqtisadi modelə keçidi tezləşdirən, işçilərin hüququnu qoruyan ideologiya idi. Sonra SSRİ yarandı, kommunizm kabusu artdı, Qərb SSRİ-ni görüb marksizm, aşırı sol və ya sosializmdən imtina etdi. Çünki rəqibi SSRİ bu ideyalar üzərinə hekayə qurmuşdu”.

Natiq Cəfərli qeyd edib ki, o dövrlərdə ABŞ-də makkartizm, Qərbi Avropada anti-sovetizm, yəni SSRİ-yə qarşı liberal iqtisadi model yaranıb və sonda qalib gəlib:

“SSRİ dağılan kimi addım-addım geri dönməyə başladılar, liberalizmi unudub sollaşdılar, SSRİ kimi senzura, dövlət tənzimləmə mexanizmləri yaratdılar. Yəni bu gün qalib gəldikləri SSRİ-nin yolu ilə gedirlər, faciəvi mənzərədir.

İqtisadiyyatda “over-regulation” Qərbi sovetləşdirir, bu yol isə uğurlu ola bilməz. İqtisadiyyatda əsl liberalizm yenidən hakim olmalıdır, bu baş versə, siyasətdə əsl liberallar önə çıxacaq. Psevdo-liberalların çox vacib iqlim dəyişikliyi və ekologiya kimi mövzuları öz dar maraqları çərçivəsində istismar etmələri çox eybəcər görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
teleqraf.com

1Mənbələr