AZ

Bir ailənin rənglər dünyası

Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda mərhum fırça ustaları – Odtəkin və Valentina Ağababayevlərin, eləcə də onların övladları və nəvələrinin əsərlərindən ibarət sərgi açılıb. 

Ailə sərgisinin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, İncəsənət Muzeyinin di­rektoru Şirin Məlikova və başqaları çıxış edərək, məşhur Ağababayevlər nəslini təmsil edən rəssamların yaradıcılığı, ay­rı-ayrı əsərlərinin özünəməxsus cəhətləri barədə danışıblar. 

Qeyd edək ki, bu, Ağababayevlərin 2-ci ailə sərgisidir. İlk sərgi 2001-ci ildə olub. Ekspozisiyada ata – Əməkdar rəs­sam Odtəkin, ana Valentina, qız övladı Tatyana Ağababayevanın əsərləri nüma­yiş etdirilir. Tatyananın 3 qardaşı da bu sənətlə məşğul olub. Hazırda oğul övlad­ları ənənəni davam etdirirlər. 

Bakıda anadan olmuş Odtəkin Ağa­babayev Əzim Əzimzadə adına Rəssam­lıq Məktəbini, sonra isə V.Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Elə gələcək həyat yoldaşı – “minvodlu” Valentina ilə də orada tanış olub. Sonra Bakıya kö­çüblər. Azərbaycanın sənətsevər xalqı, rəngarəng təbiəti həmişə onlara ilham və təkan verib. Ən müxtəlif janrlarda əsərlər yaradıb, mükafatlar qazanıb və tanınıblar.

Odtəkin Ağababayevin yaradıcılıq səfərləri zamanı kətana köçürdüyü Azər­baycan təbiəti mənzərələri, Qarabağ, Xo­calı, Neft Daşları mövzularında rəsmlər, görkəmli şəxsiyyətlərin portretləri ondan qalan yadigarlardır. Məşhur rəssamlar Qorxmaz Əfəndiyev, Cavad Mircavadov­la yaxın dost olub. Onun 60 illik ömür-gün dostuna və müqəddəs ailə dəyərlərinə sevgisi özünü “Valentina və Odtəkin” əsə­rində layiqli əksini tapıb. 

Valentina xanımın isə “Sarsılmaz dostluq”, “Uşaqlara sülh lazımdır!”, “İn­cəsənət əbədidir!” adlı plakat nümunələri məşhur olub. Onun rəngkarlıq janrında çəkdiyi əsərlər də cəlbedicidir, xoş ovqat yaradır. Valentina Ağababayevanın incə, lirik, analıq xoşbəxtliyini, sevgililəri, tə­biətin gözəlliklərini vəsf edən əsərləri­ni genişmiqyaslı beynəlxalq biennale, simpozium və sərgilərdə mütəxəssislər və sənətsevərlər hər zaman bəyəniblər. Onun dəzgah rəngkarlığına aid maraqlı əsərləri “Şəhərdə ağaclar”, “Uşaqlar və it”, “İki qadın”, “Ailə” və s. müxtəlif mövzu­lu kompozisiyalardan ibarətdir.

Tatyana Ağababayeva əsasən batika – parça bəzəmək üsulu ilə məşğul olur. Əzim Əzimzadə adına Azərbaycan Rəs­samlıq Məktəbini və Vera Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbini (indiki Baron Ştiqlist adına Sankt-Peter­burq Dövlət Rəssamlıq-Sənaye Akade­miyasını) bitirib. İlk dəfə ciddi, peşəkar sərgilərdə 22 yaşından iştirak etməyə başlayıb. Moskvada Manejdə sərgilənən “Qız raketka ilə” və “Sübh tezdən” adlı ilk işləri Azərbaycan və SSRİ Mədəniy­yət nazirlikləri tərəfindən alınıb. 35 ildir ki, Rəsasamlar İttifaqının üzvüdür. Mos­kvada, Parisdə, Nijni Novqorodda əsər­ləri maraqla qarşılanıb, Kuala-Lumpurda keçirilmiş beynəlxalq sərgi və konfransda Azərbaycanı uğurla təmsil edib. Malayzi­yada məruzə ilə çıxış edib. Azərbaycan­da inkişafı istiqamətində önəmli rolu olan rəssamlardan biridir. O, ölkəmizdə sənə­tin bu növündə yüzlərlə əsər yaratmış ye­ganə sənətkardır. Bakıda 5 fərdi sərgisi olub. İki ay öncə keçirilmiş “Dünya ətra­fında. Sərhədsiz incəsənət” beynəlxalq festivalında oğlu ilə 2-ci və 3-cü yerlərə layiq görülən əsərləri sərgilənib. Elə bu son sərgidə Tatyana xanımın neçə-neçə cazibədar batiki nümayiş olunur. “Xəzə­rin qoruyucu mələyi”, “Barama qurdu al­leqoriyası”, “Dəfnə”, eləcə də “Əks olun­muş dünya" triptixi və s. bu qəbildəndir.

Ekspozisiya ilə tanışlıq hər kəsdə xoş təəssürat yaradıb. Rəssam-sənətşünas Ziyadxan Balaşov “XQ”-yə müsahibəsin­də dedi:

– Ağababayevlər, sözün əsl mənasın­da, nümunəvi sənətçilərdir. Beynəlxalq Ailə Günü ərəfəsində onların ailə sərgisi­nin nümayiş etdirilməsini təqdirəlayiq hal sayıram. Baba və nənənin, övladları və nəvələrinin işlərini maraqla izlədim. Bu, nəsillərin estafeti olmaqla, sənətə möh­kəm bağlılığı göstərən örnəkdir. 

Əli NƏCƏFXANLI,
Elşən AĞALAR (foto)
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
xalqqazeti.az

1Mənbələr