AZ

Səhv tərcümələr, ya tərcümə səhvləri?!

Dostlar, yəqin mənimlə razılaşarsız ki, xarici dildə yazılmış əsərlərin Azərbaycan dilinə tərcüməsində qüsurlar çoxdur və bəzən lap çoxdur. Və bunlar qaçılmazdır, çünki, bədii əsərin tərcüməsi sadə texniki iş deyil, mürəkkəb yaradıcılıq prosesidir.

Tərcüməçi yalnız əsəri hərfi tərcümə etmir, müəllifin və əsərin ruhunu saxlamaqla, faktiki olaraq, yeni bir əsər yaradır. Odur ki, tərcümələr əsərin səviyyəsindən, müəllifin dilindən asılı olduğu qədər də, tərcüməçinin peşəkarlığından, hər iki dili yaxşı bilməsindən və istedadından asılıdır.

Təbii ki, bunları bədii əsərin adı haqqında demək olmaz. Əsərin adı mümkün qədər hərfi tərcümə olunmalı, amma eyni zamanda əsərin məzmunu əks etdirməlidir. Bu nöqteyi-nəzərdən tərcüməsini qüsurlu hesab etdiyim bir neçə əsərin adını dostlarla müzakirə etmək istərdim. Məsələn, götürək fransız yazıçısı Viktor Hüqonun dünyaca məşhur “Səfillər”əsərini. Fransızca roman "Les Misérables" adlanır, ruscaya "nesçastnıe", azərbaycancaya isə, "yazıqlar, bədbəxtlər" kimi tərcümə olunur. Deməli, romanın adı əvvəlcədən nə rusca, nə də azərbaycanca düzgün tərcümə olunub. Doğrudur, hazırda rusca işlədilən "otverjennıe" adı əsərin ruhuna və məzmununa uyğun gəlir. Azərbaycanca işlədilən "səfillər" ifadəsi isə, uyğun gəlmir, hətta özündə mənfi məna daşıyır. Axı, Jan Val Jan, Kozetta, Qavroş səfillər deyil, faktiki olaraq, cəmiyyət tərəfindən atılmış, “iqnor edilmiş” adamlardır...

Düşünürəm ki, eyni sözləri rus yazıçısı Lev Tolstoyun “Voyna i Mir” əsri haqqında da demık olar. Əsərin adı Azərbaycan dilində “Hərb və Sülh” kimi gedir. Doğrudur, lakonik və pafosludur. Amma “voyna” sözü bizim dilimizə daha çox “müharibə” kimi tərcümə olunur. Məsələn, biz “dünya müharibəsi” və “vətən müharibəsi” deyirik, “dünya hərbi”, ya “vətən hərbi” ifadələrini isə, işlətmirik. Bu, “dərdin yarısı”dır, əsas problem “mir” sözndədir. “Mir” sözü Azərbaycan dilinə əsasən “dünya”, “sivil dünya”, “aləm” kimi tərcümə olunur. Yalnız ikinci mənada “sülh”, “əmin-amanlıq” deməkdir. Deməli, romanın adı əvvəlcədən düzgün tərcümə olunmayıb. Çünki əsərdə də söhbət “sülh”dən yox, “sivil dünya”dan, “rus dünyası”ndan gedir. Deməli, “Müharibə və Dünya” daha düzgün olardı...

Və Mopassanın Azərbaycan dilində “Gombul”, rus dilində “Pışka” hekayəsi. Niyə mən dünyaca məşhur romanlardan hekayəyə keçdim?! Əvvəla, “Gombul” ədəbiyyat tarixində 1-ci onluğa düşən hekayələrdən birirdir. Sonra, Mopassan bu hekayə ilə Floberin və Turgenevin ədəbiyyat məclisindən dünya ədəbiyyatına gəlib. “Gombul” adı isə nəinki qüsurlu tərcümədir, hətta hekayənin məzmununa, baş qəhrəmanın ruhuna uyğun gəlmir. Hekayənin adı fransızca “Boule de Suif” (rusca “şarik masla), azərbaycanca “yağ kürəciyi”) kimi gedir. Təbii ki, burda hərfi tərcümənin yeri deyildir. Amma azərbaycanca “Gombul” tərcüməsi yerinə düşmür. “Gombul” ifadəsi bizdə qadın haqqında deyilmir, hətta təhqir kimi səslənir. Hekayədə də söhbət gombul yox, əndamlı, fiquralı qadından gedir. Bəli, burda rus dilində “pışka” ifadəsi yerinə düşür. Deməli, azərbaycan dilində də “gombul” yox, “toppuş” olmalı idi. Axı, biz kök, qəşəng qadına “toppuş” deyirik...

Qalib ARİF

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
visiontv.az

1Mənbələr