AZ

Qərbi Azərbaycanımız -Xatirələrdə yaşayan Dərələyəz...

Vaxtilə dörd bir yanımızı sarmış düşmənlərimiz marıqda yataraq ölkəmizin zəiflədiyi bir vaxtda-Azərbaycan xanlıqlara bölünəndə işğalçı orduları ilə hücum çəkərək onu beş hissəyə parçalamışlar. Həmin işğallardan sonra dilimizdə yeni ifadələr yaranmışdır-Cənubi Azərbaycan, Şimali Azərbaycan, Qərbi Azərbaycan. Gürcüstan ərazisinə keçirilmiş Borçalı mahalı və Rusiya ərazisinə daxil edilmiş Dəmir qapı Dərbənd mahalı. Qərbi Azərbaycandan qovulanların övladları, nəvə-nəticələri indi də ölkəmizin müxtəlif rayonlarına səpələnmiş halda   yaşamaqdadır. İran və Rusiya imperiyalarının parçaladığı Azərbaycan torpaqları dediyimiz kimi, xalqımızın əlindən silah gücünə alınmışdır. Lakin o yerlərdə doğulub yaşamış və deportasiya olunmuş ata-babalarımız doğma yurdlarını heç vaxt unutmamış, yurd-yuvalarına qayıtmağın həsrəti ilə yaşamışlar. Bu ayrılıq, doğma yurda qovuşmaq həsrəti tariximizdə, ədəbiyyatımızda, folklorumuzda mədəniyyətimizdə də ifadə edilmişdir.

Dədə Ələsgər ermənilərin 1918-ci ildə törətdikləri  soyqırımı vaxtında müvəqqəti olaraq Göyçədən ayrı düşür. Qoca aşıq həsrətə dözmür, “Dağlar” şeirində deyir:

Həsənnənə, Həsənbaba qoşadır,

Xoşbulaq yaylağı xoş tamaşadır,

Arsız aşıq elsiz niyə yaşadı?

Ölsün Ələsgərtək qulların, dağlar!

Əslən dərələyəzli olan istedadlı şairmiz Tofiq Yusif şeirlərində "yeraz" kəlməsinə narazılığını öz küskünlüyü ilə ifşa edirdi:

Qaçqınam, köçkünəm, ya hər nəyəmsə,

Öz doğma yurdumdan didərginəmsə,

Vətəndən Vətənə mən sürgünəmsə,

Nə olar, deyirsiz "yerazdı" deyin!

1948-ci idə Dərələyəzdən zorla deportasiya olunmuş Mehdi Mehdiyev riyaziyyat müəllimi olsa da el içində aşıq kimi tanınırdı. Ümummilli Liderimiz Heydər Əliyev Aşıq Mehdinin şeirlərini bəyənir, təqdir edirdi. Xüsusilə onun oxuduğu “416-nın əsgəriyəm mən” şeiri dahi rəhbərin xoşuna gəlirdi. Aşıq Mehdi Dərələyəzdən köçüb Tərtər rayonunun Səhləbad kəndində məskunlaşsa da hər il doğulduğu Əzizbəyov rayonunun Herher kəndinə, Göyçəyə, Gorusa, Vediyə gəzməyə, müqəddəs torpağı ziyarətə gedirdi. Qayıdanda o yerlərə şeirlər həsr edirdi. 1990-cı illərdə şair-aşıqda pessimist fikir yaranmışdı ki, dədə-baba yurduna yol birdəfəlik bağlandı. Ona görə də ümidsizlik onun yaradıcılığına da sirayət etmişdi. Şeirlərinin birində dərin təəssüf hissi ilə yazmışdı:

Bizim oylağımız o cənnət yerlər

Heyif ki,  Xaçoya, Vanoya qaldı.

Aşıq Mehdinin filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı dərələyəzli mərhum Həsən Mirzə ilə “Dərələyəzdə” deyişməsi oxucuda qiymətli bir epopeya təsiri bağışlayır.

Dərələyəzlilər doğma torpağa o qədər bağlı idilər ki, söhbət o yerlərdən düşəndə kövrəlir, qəhərlənirdilər. Onlar Dərələyəzdə çölməklərdə bişirilən yeməklərdən, ərik, üzüm, alma, armud qaxlarından, baldırğan və çaşır şorabalarından, sərin sulu bulaqlardan, dağlardan, meşələrdən elə həvəslə danışırdılar ki...Ov həvəskarları kəklik, alapaxta, ceyran, cüyür ovundan maraqlı söhbətlər edərdilər.

Əslən Herher kəndindən olan Hüseyn Manafov II Dünya müharibəsində göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmiş, sıravilikdən zabit rütbəsinə qədər yüksəlmişdi. Pəhləvan cüssəli, yaraşıqlı idi. Rayonda hamı onu tanıyır, hörmət bəsləyirdi. Tədbirlərə dəvət edir, yuxarı başda yer verirdilər. Torpağını sevən, yurdunu unutmayan, onu müqəddəs sayan bir adam idi. Həyat yoldaşına yüksək əmək nailiyyətlərinə görə o zaman Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Adlı-sanlı pambıqçı idi, haqqında mahnı da bəstələnmişdi. 1960-cı illərdə Sara Qədimova, Şövkət Ələkbərova, Məmmədbağır Bağırzadə, Zeynəb Xanlarova və başqaları “Maral” mahnısını şövqlə ifa edirdilər.

Hüseyn dayı hər il ailəsini maşına yığaraq Dərələyəzə gedərdi. Ömrünün son illərində xəstəlikdən əziyyət çəkdiyindən ata-baba yurduna gedə bilmirdi. Bir gün bacısı oğlu Valid (hazırda Bərdə Rayon İcra Hakimiyyətində işləyir) onlara gəlib Dərələyəzə gedəcəyini deyir və soruşur ki, ürəyin nə istəyirsə oradan  gətirim. Hüseyn dayı kənddən aralıda “tək armud”    deyilən ağacdan meyvə dərib gətirməsini tapşırır. Valid isə gedib oraları gəzib-dolaşandan sonra geri qayıdır. Gorusa çatanda dayısının tapşırığı yadına düşür. Çox uzaqlaşdığına görə geri qayıtmağa ərinir və bazardan üç kilo armud alır. Düşünür ki, əşi, nə biləcək armud armuddu da. Gun günortadan keçəndən sonra Səhləbada çatır. Birbaşa dayısıgilə yollanır. Hal-əhval tutandan sonra Valid kirimişcə armudları dayısına uzadır. Kişi birini götürüb bircə dişlək alır, dərhal da üzünü turşudur. "Bu, "tək armud"dan deyil"-deyib meyvəni qaba qoyur.

Dərələyəzlilər indi də o yerlərin nemətlərinin dadından-duzundan danışırlar. İnşallah, doğma yurdlara qayıtmağın vaxtı yetişir. Dövlətimizin başçısı bu istiqamətdə fəal siyasət yeridir və yaxın zamanda konkret nəticəsini görəcəyik. Dərələyəzlilər 76 il əvvəl təzyiqlərlə qovulduqları yurdlarına əbədilik dönəcəklər.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
ikisahil.az

3Mənbələr