
Son günlərdə ölkə ərazisində güclü qar və çovğun müşahidə edilir. Belə havalarda orqanizmin immun sistemini gücləndirmək və soyuqdəymədən qorunmaq üçün düzgün qidalanmaq vacibdir.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi qidalar soyuq aylarda bədəni isti saxlamaqla yanaşı, sağlamlığımızı da qorumağa kömək edir.
Soyuq havalarda hansı qidaları yeməliyik?
Zülalla zəngin qidalar – Ət, balıq, yumurta və paxlalılar orqanizmin enerji istehsalını artırır və uzun müddət toxluq hissi yaradır. Bu, soyuqda bədənin daha çox enerji sərf etməsinin qarşısını alır.
İsti şorbalar və bulyonlar – Toyuq və ya sümük suyu bulyonu həm isinməyə, həm də immun sistemini gücləndirməyə kömək edir. Soğan, sarımsaq kimi təbii antibiotiklərlə birlikdə daha təsirli olur.
Vitamin C mənbələri – Portağal, mandarin, kivi, itburnu çayı kimi qidalar immuniteti gücləndirir və soyuqdəymənin qarşısını alır.
Təbii yağlar və qoz-fındıq – Zeytun yağı, kərə yağı, fındıq, badam, qoz bədəni isti saxlayan sağlam yağ mənbələridir.
Bal və zəncəfil – Bal boğazı qoruyur, zəncəfil isə qan dövranını sürətləndirərək isinməyə kömək edir. Zəncəfilli çay içmək həm bədəni qızdırır, həm də xəstəliklərdən qoruyur.
Darçın və zəfəranlı içkilər – Darçınlı süd və ya zəfəranlı çay qan dövranını yaxşılaşdırır, isti saxlayır və stresə qarşı mübarizə aparır.
Bəs hansı qida və içkilərdən uzaq durmalıyıq?
- Şəkərli və qazlı içkilər;
- Çox yağlı və ağır yeməklər;
- Spirtli içkilər müvəqqəti istilik hissi yaratsa da, əslində, bədəni daha çox soyudur. (Musavat.com)