Fevral ayında İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən III Xəzər İqtisadi Forumunda çıxış edən baş nazir Əli Əsədov Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti barədə də danışıb. O bildirmişdi ki, Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma lazımdır.
Xəzərin ekoloji problemlərinin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin vahid yanaşması necə olmalıdır? Bu istiqamətdə hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Əgər biz Xəzərin ekologiyasından danışırıqsa, bizə vahid yanaşma lazımdır:
“Xəzəryanı dövlətlərin hamısı elə fəaliyyət göstərməlidir ki, Xəzərin suyunun təmizlənməsinə, Xəzərin biomüxtəlifliyinin qorunmasına, Xəzərdəki ekoloji sistemin bərpa olunmasına töhfə versin”.
Ekspert qeyd edib ki, Xəzər dənizinə müxtəlif çirkləndiricilər axıdılır:
“Xəzər beş dövlət tərəfindən əhatə olunmuş böyük bir su hövzəsidir. Bu ölkələrdən axan çaylar Xəzər dənizinə tökülür. Xəzərə tökülən çaylar içərisində ən böyükləri Volqa, Ural və Kür çaylarıdır. Xəzərə gələn suyun 80 faizi Volqa çayının payına düşür.
Bu o deməkdir ki, həmin çaylar vasitəsi ilə Xəzərə həm də müəyyən çirkləndiricilər axıdılır. Xüsusi ilə Volqa çayı hövzəsində yerləşən iri sənaye obyektlərində, iri şəhərlərin əksəriyyətində su təmizləmə qurğuları yaxşı işləmir. Bunları Ural çayı hövzəsinə aid etmək olar. Ona görə də bunun qarşısının alınması üçün işlər görmək lazımdır”.
Davud