ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici tərəfdaşlara təxminən 2 milyard dollar yardım ödənişlərinin bərpasını ləğv etmək cəhdini təmin etməyib.
“Report” xəbər verir ki, bu barədə məhkəmə sənədlərində qeyd olunub.
Bildirilib ki, Ali Məhkəmənin beş hakimi, o cümlədən sədr Con Roberts imtinaya səs verib, dörd hakim isə bunun əleyhinə çıxıb. Söhbət Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) xətti ilə artıq göstərilmiş xidmətlər və işlər üçün ödənişlərdən gedirdi.
Xatırladaq ki, yanvarın 25-də “Politico” qəzeti dövlət katibi Marko Rubionun xarici yardım proqramlarının, demək olar, hamısının maliyyələşdirilməsini 90 gün müddətinə dərhal dayandırmağı tapşırdığını yazmışdı. Fevralın sonunda Kolumbiya Dairəsi Federal Məhkəməsi xarici dövlətlərə yardımın bərpasını iki gündən az müddətə təmin etməyi qərara almışdı, lakin Tramp administrasiyası bu qərarı ləğv etməyə cəhd göstərmişdi.