Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev son bir ildə nazirlikdəki vakant vəzifələrin sayının 33 min artaraq 172 minə çatdığını açıqlayıb. Bu açıq vəzifələrin 145 mini yüksək rütbəli polis əməkdaşlarından ibarət olduğunu deyən Kolokoltsev kadr çatışmazlığının polis qüvvələrinin fəaliyyətini ciddi şəkildə çətinləşdirdiyini vurğulayıb.
Hafta.az-ın yazdığına görə, son 5 ildə gündəlik növbətçi patrulların sayının dörddə bir azaldığını bildirən nazir, xüsusilə də məhəllə polisində böyük şəxsi heyət itkisinin olduğunu bildirib. Kolokoltsev təkcə ötən il stajı 10 il və daha çox olan məhəllə polislərinin yarısının vəzifəsini tərk etdiyini bildirərək, bu bölmədə işləmək üçün bölgəni yaxından tanımağı, vətəndaşlarla daim ünsiyyətdə olmağı tələb etdiyini xatırladıb.
Nazirliyin açıqladığı məlumatlara görə, Rusiyada cinayət axtarış bölmələrində 23,9 faiz, patrul qruplarında 31,4 faiz, narkotiklərlə mübarizə bölmələrində 24,7 faiz və ibtidai istintaq bölmələrində 22,7 faiz kadr çatışmazlığı var.
Moskva da daxil olmaqla bir çox şəhərlərdə polis bölmələrində polis işçilərinin yarıdan çoxunun yxa çıxdığını deyən nazir, işçilərin 40 faizinin pensiya hüquqlarını belə gözləmədən vəzifələrindən getdiyini vurğulayıb.