Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən amillərdəndir. 1998-ci ildə keçirilən Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etmələrini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevin siyasətini son 21 ildən artıq dövrdə bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu yöndə atdığı addımlar, qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasına xidmət edən Dövlət proqramları dövlət qadın siyasətində yeni bir mərhələnin təməlini qoyub. Bu sırada dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il fevralın 6-da imzaladığı Fərman ilə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan hər bir addım Azərbaycanın bugününə və gələcəyinə, kiçik dövlət kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə, qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermələrinə yönəlib.
Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikinə diqqəti yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar. Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb ki, son 5 ildə bayramlarımızı zəfər ruhunda qeyd edirik. 30 il işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində sahibinə qovuşması dövlətimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü, qüdrəti ilə yanaşı, gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.
Təbii ki, bu missiyanın yerinə yetirilməsində kiçik dövlət olan ailə mühüm rol oynayır. Kiçik dövlətdə ananın rolu böyükdür. Bu gün bizlərə Zəfər sevincini yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin anaları qarşısında baş əyirik. Bu gün hər bir ana 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə son qoyulmasında, azərbaycanlıların yenilməz, məğrur xalq kimi dünyaya təqdimatında onların yetişdirdikləri vətənpərvər oğulların öz payının, rolunun olmasından qürurludur.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artmasına dəyərli töhfələr verdi. Bu gün çoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Birinci xanımın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycana yeni dostlar qazandırır. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada ölkəmizin təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.
Millət vəkili bildirib ki, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət strukturlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Qadınlarımız ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə isə 26 qadın deputat seçilmişdir. Göründüyü kimi, bu sahədə də dinamika getdikcə artır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında da qadınlar çoxluq təşkil edir.
6Sources
-
sia.azQadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər - Vüqar Rəhimzadə ( 15914681)
-
az.trend.azQadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər - Vüqar Rəhimzadə ( 15913893)
-
olaylar.azVüqar Rəhimzadə: Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər ( 15913801)
-
news365.azQadınlarımız çox böyük nüfuza malikdirlər Vüqar Rəhimzadə ( 15913711)
-
demokrat.azVüqar Rəhimzadə: Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər ( 15913477)
-
ikisahil.azVüqar Rəhimzadə: Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər ( 15912947)