Brent markalı neftin qiymətləri 2025-ci ildə 60-65 dollar aralığınadək enə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "BKS Mir İnvestisiyaları" fond bazarı eksperti Lyudmila Rokotyanskaya gazeta.ru-ya müsahibəsində bildirib.
"2025-ci ildə neft qiymətlərinin 60-65 dollar diapazonuna düşməsi mümkündür. Bunun əsas səbəbi qlobal bazarda təklifin artmasıdır. OPEC+ təşkilatına daxil olmayan ölkələrin hasilatı artırması və 2025-2026-cı illər üçün neftə olan tələbatın zəif artacağına dair pessimist proqnozlar bazara təzyiq göstərir. Bundan əlavə, Tramp administrasiyasının tarif siyasəti qlobal iqtisadi artımla bağlı narahatlıqları artırır ki, bu da enerji daşıyıcılarına olan tələbatın azalması riskini yaradır", deyə Rokotyanskaya qeyd edib.
O, neft bazarının müxtəlif faktorların təsirinə məruz qaldığını və onların proqnozlaşdırılmasının çətin olduğunu vurğulayıb. Ekspertə görə, burada əsas rol geosiyasətə məxsusdur - məsələn, İrana qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalı qiymətlərə təsir edə bilər. Həmçinin ABŞ-ın strateji neft ehtiyatları faktoru da nəzərə alınmalıdır - əgər qiymətlər ABŞ istehsalçıları üçün həddindən artıq aşağı düşərsə, Vaşinqton ehtiyatlarını artırmaq qərarına gələ bilər.
Rokotyanskaya əlavə edib ki, 2025-2026-cı illərdə dolların məzənnəsi də vacib amildir, çünki neft və digər xammal əsasən bu valyuta ilə ticarət olunur. Əgər dollar zəifləyərsə, bu, neftin bahalaşmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Rusiyaya zəif neft bazarı mənfi təsir göstərəcək, çünki ölkəyə qarşı tətbiq olunan sanksiyalar ixrac xərclərini artırır. Nəticədə bu, rublun dəyərinin azalmasına gətirib çıxara bilər.
Qeyd edək ki, 10 mart tarixinə "Brent" markalı neftin bir barreli 70 dollardan baha olub.
Paşa Məmmədli