“Həyat yoldaşımla ayrılığıma səbəb qısqanclıq idi”.
Bu sözləri məşhur müğənni Afət Fərmanqızı “Cebheinfo.az”-a həyat yoldaşı ilə barışmasından danışarkən deyib. O, ilk olaraq ayrılma səbəblərindən danışıb:
“Özəl günlərdə sənət yoldaşlarımla bayramlaşanda bir-birimizə ürək və öpmək smaylikləri göndərməyimiz həyat yoldaşımın qısqanclığına səbəb oldu. Mən bunun adi şeylər olduğunu desəm də, o, bunlara etiraz edirdi. Yəni aramızdakı problemlər belə başladı. Həmçinin, Moskva və digər şəhərlərdəki toylarda tamaşaçıların arasında oxumaq üçün səhnədən aşağı düşəndə aparıcı oğlan və ya müğənninin əlindən tutub düşməyim qısqanclıqla qarşılanırdı. Hətta həyat yoldaşım həmin görüntüləri gördükdən sonra əlimi tutan aparıcılara zəng edərək onlara əsəbiləşirdi. Mən bunları öyrəndikdə isə artıq onun çörəyimlə oynadığını gördüm”.
Sənətçi bu qısqanclıqlara dözmədiyini etiraf edib:
“Çünki qısqanclıq bir yerə qədər olar. Üstəlik, geyimlərimə də qarışmağa başlamışdı. Halbuki, mən həmişə abırlı paltarlar geyinmişəm. Düzdür, bəzi paltarlarımda bir az dekoltelər olurdu. Onlar da səhnə üçün normal sayılır. Ancaq həyat yoldaşım ona da qarışırdı. Mən də ona əsəbiləşərək “Sən onsuz da məni səhnədə görüb, tanımısan” deyirdim.
Nəticədə, bu qısqanclıqlardan bezdim və ayrıldım. Bir gün eşitdim ki, Moskvada qaldığım evin qapısına gəlib. Lakin söz-söhbətə səbəb olmamaq üçün evə getmədim və bir həftə oteldə qaldım. O, bir müddət sonra yenidən evimə gəldi. Mən yenə də oteldə idim. Amma evim ola-ola oteldə qalmaqdan bezmişdim. Ona görə də bezdim, “Instagram”da canlı yayım açdım və onu biabır etmək istədim. Elə həmin dəqiqə mənə zəng etdi və “Canlı yayım açacağına, bu sözləri deyəcəyinə inanmazdım” deyərək evin qarşısından çıxdı getdi. Beləliklə, o zaman tamamilə ayrıldıq”. Lakin Afət Fərmanqızı artıq həyat yoldaşı ilə barışdığını və aralarında problem olmadığını söyləyib:
“Bir neçə ay bundan əvvəl məni toya dəvət etmişdilər, həyat yoldaşım da həmin toyda idi. Ortaq bir dostumuz mənim yanıma gələrək, onun toyda olduğunu dedi. Uzun zaman sonra toyda yenidən danışdıq və bir müddət sonra barışdıq. Həyat yoldaşım mənim işlərimə və geyimimə qarışmayacağına dair söz verib. Təxminən 1-2 ay olar ki, barışmışıq. Hazırda yaxşı anlaşırıq və aramızda hansısa problem yoxdur”.