EN

Cənubi Koreyada müxalif deputatlar Prezidentin impiçmenti tələbi ilə aksiyalara başlayıblar

Pekin, 11 mart, AZƏRTAC

Cənubi Koreyada müxalifətdən olan bir qrup deputat ölkənin konstitusiya məhkəməsindən Prezident Yun Sok Yolun impiçmetini təsdiq tələbi ilə aclıq aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, əsas müxalif qüvvə olan Demokratiya Partiyasının deputatlarının daxil olduğu qrup Milli Assambleyanın önündə saçlarını keçəl qırxdıraraq aksiya təşkil ediblər. Deputatlar dekabrın 3-də ölkədə elan edilmiş hərbi vəziyyətlə əlaqədar qiyama cəhd ittihamı ilə başlanan cinayət işi çərçivəsində saxlanılmış Prezident Yun Sok Yolun sərbəst buraxılmasına da etiraz edərək, məhkəmədən ölkə başçısının dərhal həbs olunması barədə qərar verməsini tələb edirlər. “Yun Sok Yol dərhal həbsxanaya qayıtmalıdır!”, “Qiyamın təşkilatçısı Yunu dərhal həbs edin!” şüarlarını səsləndiriblər. Prokurorluğun məhkəmənin Prezidentin həbsdən azad edilməsi qərarından apellyasiya şikayəti verməməsinə hiddətlənən aksiya iştirakçıları baş prokuror Şim Vu Cunqun istefasını, hakim Xalıq Gücü Partiyasının buraxılmasını da tələb edirlər. Müxalifətdən olan bəzi deputatlar isə paytaxt Seulun mərkəzi hissələrindən sayılan Kvanhvamun meydanında çadırlar quraraq, aksiya keçiriblər. Aksiyaların hər gün keçiriləcəyi bildirilir.

Hakim partiyanın deputatları isə bu cür aksiyaları gərəksiz hesab edərək, müxalifəti mənasız impiçment kampaniyasını dayandırmağa və xalqa xidmət etməyə çağırıblar. Onlar hərbi vəziyyətdən sonra parlamentin qərarı ilə Prezident və baş nazir də daxil olmaqla yüksək vəzifəli şəxslərin vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmasının ölkə iqtisadiyyatına milyardlarla ziyan vura biləcəyini düşünürlər.

Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prokurorluq kifayət qədər dəlil olduğu üçün Prezidenti ölkədə qiyamın təşkilində təqsirli bilərək, rəsmi ittiham elan edib. Martın 7-də Seul məhkəməsi Prezident Yun Sok Yolun həbsdən azad olunması ilə bağlı müraciətinə baxaraq təsdiqləyib. Bununla belə, cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Dekabrın 14-də müxalifətin üstünlük təşkil etdiyi parlament Yun Sok Yol haqqında impiçment qərarı qəbul edib. Konstitusiya Məhkəməsi yaxın günlərdə impiçmentə dair yekun qərar verəcək. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.

İmpiçmentin elanından sonra narazı tərəfin iğtişaşlar törədə biləcəyi ehtimalı ilə əlaqədar paytaxt Seulda təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkənin təxminən hər 10 polisindən biri, başqa sözlə 12 min polis əməkdaşı paytaxtda asayişi qorumaq və mümkün təxribatların qarşısını almaq üçün cəlb olunub. Təxminən 5 min polis əməkdaşı konstitusiya məhkəməsinin ətrafında, qalanları isə şəhərin müxtəlif yerlərində naryaddadır. Bundan başqa, dövlət qurumlarının, eləcə də ABŞ, Yaponiya, Çin, Rusiya və bir neçə ölkənin səfirlik binalarının mühafizəsi gücləndirilib.

Prezident səlahiyyətlərini icra edən Çoy Sanq Mok müvafiq qurumları qanunsuz aksiyalara, iğtişaşlara qarşı ciddi tədbirlər görməyə çağırıb: "Beynəlxalq ictimaiyyətin gözü Cənubi Koreyadadır. Mən ictimaiyyəti fərqliliklərə baxmayaraq, qarşılıqlı hörmət və anlayışa əsaslanan yetkin şüur nümayiş etdirməyə çağırıram”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
30
azertag.az

1Sources