EN

Almaniya: BSW parlament seçkilərində səslərin yenidən sayılması üçün məhkəməyə müraciət edib

Berlin, 11 mart, AZƏRTAC

Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərində 5 faizlik baryeri keçə bilmədiyi üçün parlamentdə yer almayan Sahra Vaqenknext İttifaqı (BSW) səsvermənin nəticələrinin şübhəli olması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

AZƏRTAC “Tagesschau” yayım xidmətinə istinadla bildirir ki, partiya seçkilərdə 4,972 faiz səs topladığını, lakin bəzi səslərin səhvən digər partiyalara yazıldığını və ya etibarsız sayıldığını iddia edir. BSW seçicilərin iradəsinə hörmət göstərilməli olduğunu və mümkün səhvlərin düzəldilməsi üçün rəsmi yekun nəticənin elan edilməsindən əvvəl ümummilli səviyyədə yenidən sayımın aparılmasının vacibliyini bildirib.

Partiya, həmçinin xaricdə yaşayan 230 min seçicidən bir çoxunun qısa müddətə görə səs verə bilmədiyini və bunun nəticəyə təsir edə biləcəyini vurğulayıb. Eləcə də bəzi seçki məntəqələrində BSW ilə “Bündnis Deutschland” (Almaniya İttifaqı) partiyasının səhv salına biləcəyi də iddialar arasında yer alıb.

Seçkilərin rəsmi yekun nəticəsi martın 15-də elan ediləcək. Yalnız bundan sonra nəticəyə etiraz edilə və məhkəmədə iddia qaldırıla bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
15
1
azertag.az

2Sources