EN

Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür.

1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb.

Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1 177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkənin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.

Chosen
33
24
aznews.az

10Sources