EN

Cim Retkliff Ruben Amorimin işinə qiymət verdi

“Mançester Yunayted”in həmsahibi Cim Retkilff “qırmızı şeytanlar”ın portuqal baş məşqçisi Ruben Amorimin işini qiymətləndirib.

Arena.az BBC-yə istinadən, britaniyalı milyarderin müvafiq qənaətini təqdim edir:

“Rubenin ixtiyarında olan komandaya baxsaq, mən düşünürəm ki, o, həqiqətən yaxşı iş görür. Fikrimcə, Ruben – görkəmli gənc məşqçidir. O, əla çalışdırıcıdır, mən isə onun burada uzun müddətə qalacağını düşünürəm.

Siz, onun nəyə qadir olduğunu başa düşməyə başlayırsınız, güman edirəm ki, bunu “Arsenal”a qarşı kiçik oyunda (1:1) gördünüz. “Arsenal”la oyunda ehtiyat oyunçular skamyasındakı neçə oyunçunu tanıdınız? Onlardan neçəsi nə vaxtsa “Mançester Yunayted”in futbol köynəyini geyiniblər? Bizim, birinci komandanın əsl oyunçularından heyətimizdə son 10-11 adam qalıb. Ruben gözəl iş görür.

Böyük məşqçilərin əksəri kimi, o, duyğusal simadır. Ruben mükəmməl deyil, amma mən Rubenin böyük tərəfdarıyam. O, paltardəyişmə otağının, futbol görüşlərində tamamilə qələbə tərəfdarı olan adamlarla dolu olmasını istəyir. O, yüz faiz müvafiq yanaşması olmayan adamlara dözmək fikrində deyil”, deyə Cim Retkliff vurğulayıb.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. Lissabon “Sportinq”ində Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub. Amorim “Mançester Yunayted”in sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. İngiltərə nəhəngi portuqal mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
Ruben Amorim “Mançester Yunayted”in sükanı arxasında 26 oyuna çıxıb, 11 qələbə, 5 heçə-heçə, 10 məğlubiyyət yaşayıb. Topların fərqi isə 47:47 nisbətindədir.

Chosen
20
arena.az

1Sources