EN

Rusiya qisas üçün Ermənistandan istifadə edə bilər – Türk politoloq təhlükəli ssenarini açdı

Olaylar.az xəbər verir ki, Globalinfo.az gündəm mövzuları türkiyəli politoloq Hüsaməddin İnaçla müzakirə edib. 

Həmin müsahibəni təqdim edirik:

- Hüsaməddin bəy, bəzi ekspertlərin fikrincə, Suriya hökuməti və YPG arasında əldə olunan anlaşma terror təşkilatı tərəfindən vaxt qazanma məqsədi daşıyır. Suriyada PYD/YPG təhlükəsinin aradan qaldırılması mümkün görünürmü?

- Bu razılaşma ilə Suriyanın şimal-şərqində YPG və PKK-nın mövcudluğu faktiki olaraq qanuniləşdirilir və YPG-nin varlığı gücləndirilir. Səkkiz maddəlik razılaşmaya baxdığımızda YPG/PKK-nın varlığı qəbul edilir və bu strukturun Suriya milli ordusu və Suriya dövlət qurumları ilə inteqrasiyası təmin edilir. Halbuki Türkiyənin istədiyi və ya olması gərəkən YPG/PKK-nın inteqrasiyası deyil, onların tamamilə tərksilah edilməsidir. Amma bu razılaşma onların varlığını gücləndirir, qanuniləşdirir və orada mövcudluğunu daimi edir. Bu baxımdan bu müqavilə həm də Türkiyə əleyhinə olan bir razılaşmadır. Bu həm də zaman qazanmaq üçün atılan bir addımdır. 8-ci maddədə yazılıb ki, icra komitələri yaradılacaq və onlar mövcud müqaviləyə uyğun olaraq bir il ərzində alt komitələr kimi fəaliyyət göstərəcəklər. Bununla YPG/PKK əslində məqsədinə nail oldu. Bu qurum öz qüvvələrinə, yəni Suriya milli ordusuna qatılsa belə, burada qalacaq və təəssüf ki, Suriya üçün ən pis ssenari reallaşacaq. Suriya unitar dövlət olmaqdan çıxaraq federal dövlətə çevriləcək. Təbii ki, federal dövlət olmaq o deməkdir ki, Suriya xalqı artıq suveren xalq olmayacaq və ölkənin gələcəyində söz sahibi olmayacaq. Və bu onu göstərir ki, region ölkələri və əslində imperialist güclər tərəfindən idarə edilən marionet struktur olacaq. Bundan sonra Suriyanı ABŞ-ı, İsrail və İran idarə edəcək. Suriya xalqı bu gedişlə Suriyanı idarə edə bilməyəcək. Təəssüf ki, bu mənada PKK-nın lehinə olan bir razılaşma olduğunu söyləməliyik. Bundan sonra Türkiyə PKK-YPG-dən gələn təhdidlərə qarşı bölgədə əməliyyat keçirə bilməyəcək. Türkiyə təhlükəsizliyinə təhdid hiss etdikdə əməliyyata başlasa, onlar Suriyanın qanuni gücü olduqlarını deyəcəklər. Bu baxımdan İraqın şimalındakı kürd quruluşa bənzər bir quruluş mövcud olduğu müddətcə Türkiyənin orada əməliyyat keçirməsi mümkün deyil. Bu razılaşma ilə PKK-YPG də özünə qarşı mümkün əməliyyatlardan xilas olacaq.

- Bu razılaşmanın arxasında ABŞ-ın dayandığı deyilir, doğrudurmu?

- Sözügedən razılaşma ən çox ABŞ və İsrailin maraqlarına xidmət edir, yəni belə bir ehtimal var. Çünki burada mövcud hökumətin ABŞ-ın əvvəllər Əsəd rejiminə tətbiq etdiyi "Sezar Qanunu" adlanan iqtisadi embarqoların ləğvinə ehtiyacı var. HTŞ-nin terror siyahısından çıxarılmasına ehtiyac var. Mövcud dövlətin beynəlxalq ictimaiyyət tərəfindən tanınması kimi prioritet məsələ var. Ona görə də fikrimcə, Suriya hökuməti bu prioritetlərə nail olmaq üçün belə bir razılaşmaya məcbur edilmiş kimi görünür.

husamettin

Hüsaməddin İnaç

- Əgər belədirsə, ABŞ-ın Suriyada hədəfi və ya məqsədi nədir?

- ABŞ-ın Suriyada məqsədi zəif hökumət və ya dövlət strukturu olmayan federasiya yaratmaqla İsrailin təhlükəsizliyini təmin etməkdir. ABŞ-ın istədiyi Suriya və Yaxın Şərqdə İsrailin təhlükəsizliyini təmin edəcək şəkildə zəif, böyük dövlətlərin oyuncağına çevrilmiş federasiyalar qurmaqdır. Təəssüf ki, əldə edilən son razılaşma ilə Suriya belə bir dövlətə çevrilməyə doğru gedir.

- Dünya siyasəti yenidən ikiqütblü düzənə doğru yön alıb. ABŞ ilə yaxınlaşma nəticəsində Rusiyanın yenidən güclənməsi Cənubi Qafqazda qüvvələr nisbətinə necə təsir edəcək?

- Dünya siyasətinin ikiqütblü olması, ABŞ-la Rusiya arasında razılaşma və konsensus təəssüf ki, Türkiyə və Azərbaycanın zərərinə olan bir prosesdir. Bu, Rusiyanın irəlidə dünya səhnəsinə "şərəfli" və daha təsirli şəkildə qayıtmasına rəvac verəcək. Təbii ki, konkret olaraq nəzərdən keçirdikdə, Cənubi Qafqazda Rusiya ilə eyni cəbhədə görünsək də, bunun qarşıdakı dövrdə, xüsusən də Azərbaycanla yekun sülh razılaşmasını dalana dirəyən Ermənistanın əlinə fürsət verəcək. Ermənistan indiyədək ABŞ, Fransa və digər Avropa ölkələrinə arxalanaraq yekun razılaşmadan yayınmağa çalışıb. İndi Rusiya regionda yenidən güclənərsə, Avropa və ABŞ-dan qisas almaq üçün Ermənistandan istifadə etməyə cəhd edə bilər. Xüsusilə Türkiyənin bölgədə daha köklü yer tutmasının qarşısını alacaq. Çünki Rusiyanın anlayışına görə, Türkiyənin Cənubi Qafqazda olması NATO-nun orada olması deməkdir. Ona görə də bu prizmadan baxanda təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülhlə Cənubi Qafqazda əldə edilə biləcək sabitliyin və nizamın bir az da əngəllənəcəyi və ləngiyəcəyi bir dövr yaşaya bilərik. Bu, təbii ki, digər cəbhələrdə də özünü göstərəcək. Bu, Rusiyanın Suriya, Liviya və Şərqi Aralıq dənizində mövcudluğunu gücləndirəcək. Və bu bölgələrdə, xüsusən də Türkiyə və Rusiyanın fərqli cəbhələrdə olduğu yerlərdə, rəqabətin artmasına səbəb olacağı və Türkiyənin istədiyini əldə etməkdə bir az çətinlik çəkəcəyini düşünürəm. Təəssüf ki, görünən odur ki, Cənubi Qafqazda sülh ciddi anlamda ləngiyəcək. Bu, təbii ki, Rusiyanın ən böyük müttəfiqi olan və müdaxilə etdiyi hər bölgəni qana qərq edən İran kimi terroru dəstəkləyən və qeyri-sabitlik yaradan bir gücün yenidən bölgədə fəallaşmasına şərait yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
42
1
olaylar.az

2Sources