“Son illərdə hamımızı narahat edən məsələlərdən biri olan nikahın pozulması halları, aliment və ailə mübahisələrinin artması çoxlu sayda məhkəmə qətnamələrinin, icra sənədlərinin ortaya çıxmasına səbəb olur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.
Nazir müavini deyib ki, icra qurumlarının artan iş yükü fonunda nazirlik daha effektiv çalışmaq üçün bütün mümkün vasitələrdən istifadə edir: “Amma hesab edirik ki, Ədliyyə Nazirliyi bu məsələnin öhdəsindən tək gəlməkdə müəyyən çətinlik çəkir. Məhkəmə qərarlarının artan tendensiyası göstərir ki, daha çox sayda məhkəmə qərarlarını qəbul və icra etməklə problem həll olunmur. Bir cəmiyyətdə artıq Ali Məhkəməyə qədər gedən məhkəmə aktları, qərarları mübahisə olunur, bəzən insanların bir-biri ilə prinsip apararaq yuxarı instansiya məhkəmələrinə şikayət etməsi məhkəmələrin iş yükünu artırır. Bəzən görürsən ki, bir nikahın pozulması faktı özlüyündə bir neçə mübahisəni ortaya çıxarır. Bir nikahın pozulmasından yeni aliment mübahisəsi, əmlak bölgüsü və uşaqla ünsiyyət mübahisəsi ortaya çıxır”.
Nuranə Daxilqızı