EN

Azərbaycanın Avropada yeri və rolu artır



"Azərbaycanın Avropa məkanında yeri və rolu hər ötən gün bir qədər də artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktorlardan biri olması qoca qitəyə daxil olan dövlətlərin yüksək səviyyəli rəsmilərinin Bakıya olan səfərləri fonunda aydın görünür. Elə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın da bu günlərdə Azərbaycana etmiş olduğu səfər deyilənlərin təsdiqidir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, 90-cı illərin əvvəllərindən qurulan Azərbaycan-Şimali Makedoniya diplomatik əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Deputat qeyd edib ki, iki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir:

"Ötən gün Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata verdiyi birgə bəyanatda dövlət başçımızın qeyd etdiyi kimi son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi: "Bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik". Birgə bəyanatda dövlət başçımız onu da diqqətə çatdırdı ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Göründüyü kimi Avropada Azərbaycan qazına maraq kifayət qədər böyükdür və bu marağın artması Azərbaycanın regionda möqelərini möhkəmləndirməklə yanaşı, eyni zamanda ölkəmizə əlavə dividentlər gətirir".

Millət vəkili qeyd edib ki, Şimali Makedoniya Prezidentinin səfəri ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək:

"Çünki mövcud imkanlar və potensial bu əlaqələri bir qədər də genişləndirməyə zərurət yaradır. Elə Şimali Makedoniya Prezidenti də qeyd etdi ki, bu səfər təkcə qaz təchizatında önəmli rol oynamayacaq, eyni zamanda iqtisadi sahədə də əməkdaşlıq üçün də imkanlar yaranacaq".

Süleyman
Chosen
31
newscenter.az

1Sources