EN

Azərbaycanın turizm sektorunu öldürən məhz bu məmurlardır...

Ölkədə peşəkar kadrlar hazırlamaq əvəzinə, olan peşəkarları da qaralayıb kənara atdılar

Azərbaycan Dövlət Turizm Agentliyində (DTA) bir sıra vəzifəli şəxslərin istintaqa cəlb olunduğu bildirilir.

Yerli saytların məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxlayıb. Onun barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Bu məlumata hələlik agentlik və adıçəkilən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Elə martın 4-də prezidentin sərəncamı ilə DTA-nın sədri Fuad Nağıyevə "işində yol verdiyi nöqsanlara görə" şiddətli töhmət elan edilmişdi.

Agentliyin bir sıra vəzifəli şəxslərinin vəzifələrindən uzaqlaşdırıldığı deyilir.

2018-ci il aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb

Sözügedən dövlət qurumu əslində 2001-ci ildə yaranıb. Yeddi il əvvəl isə nazirliyin tabeliyindən çıxıb, müstəqil quruma çevrilib. Turizm siyasətini qurmaq üçün cəmi 2-3 il kifayətdir. Artıq 24 ildir dövlətin turizm sektorunu idarə edən, yönəldən, ona dövlətin qatqısını verən qurum var, amma bu sahədə heç bir irəliləyiş yoxdur. Əslində ölkədə daxili və xarici turizm potensialı kifayət qədər böyükdür. Sadəcə bunu reallaşdırmaq lazımdır. Lakin bacarmırıq.

Avstrya Avropa ölkəsi olsa da, ərazisi və əhalisi Azərbaycanla həcm və miqdar baxımından üst-üstə düşür. Amma Avstriyada turizmdən Azərbaycanın dövlət büdcəsindən çox - bizim pulla 45 milyard manat gəlir götürürlər. Neft ölkəsi olan Norveçdə ildə 17 milyard manat turizmdən gəlir əldə edilir. Norveçdə bir turist ölkəyə bir ton neftdən daha çox və səmərəli gəlir gətirir. Çunki bir ton neft yananda həm də ətraf mühitə zərər verir, bir turistin verdiyi töhfə isə bir ton neft qədər olsa da, neft qədər ətraf mühitə zərər vermir.

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və bu say 1,85 milyon nəfər olub. Amma ötən il Gürcüstana 5 milyondan çox, Ermənistana isə 2,2 milyondan çox turist gəlib.

Görəsən Azərbaycan nədən digər qonşularından bu qədər geri qalır, öz potensialını reallaşdıra bilmir? Buna səbəb nədir?

"Livanda Dünya Kulinariya Assosiyasiyasının və Dünya İslam Kulinariyası Assosiyasiyasının Prezidenti seçildim. Ora ermənilərin, ASALA-nın oturduğu yerdi. Səfir Abbasqulu bəy yanımızdaydı. Birinci məsələ kimi Lənkəranın dünya mətbəx paytaxtı olması məsələsini gündəmə gətirdik. Tədbir sanki Azərbaycanda keçirilirdi. İkinci gün ermənilərə qarşı yazılmış “Dolma məsələsi - bütün şübhələrə son” kitabını 18 ölkə qarşısında təqdim etdik. Onları ingilis, rus dilində payladıq. Burada da dünya kubokunu udduq. Martın 14-ü mənim ad günüm idi. 15,16,17-si axşamlarında bütün tədbirlər sanki Azərbaycanın idi. Martın 18-i də Novruz bayramı başlayırdı, biz geri qayıtdıq. Sizcə, erməninin biri bunu etsəydi, Ermənistanda ona münasibət necə olardı?

Nailiyyətlər ölkəmizə aid idi. Komandamızı belə təbrik etdilər. Martın 17-də zəng edib dedilər ki, muştuluğumu verin, sizi işdən çıxardıblar. Ən azından bu, dünyaya böyük mesaj idi ki, bizim üçün o qələbələrin, kitabların, ermənilərə qarşı duruşun mahiyyəti yoxdur. Mənə qarşı edilən haqsızlıqları keçmək olur. Dünyada həmişə ayrı-ayrı adamlara qarşı səhvlər, haqsızlıqlar olur. Bunu həzm etmək mümkündür.

Buradan dünya təşkilatlarına məktub yazıb məni ləkələməyə çalışdılar. İki il məhkəmələrdə qaldım. Bunlar Milli Kulinariya Assosiyasiyasına qarşı xüsusi yeni bir ictimai təşkilat yaratdılar. Ermənilərin 2016-cı ildə “Sputnik Armeniya”da verdikləri məqsədlərə çatdılar. Mərkəz məhv olundu. Mənim yerimə mütəxəssis deyil, çox yaxşı yazıçı, jurnalistin, qeyri-mütəxəssisin təyin olunması Milli Kulinariya Mərkəzini məhv etmək üçün idi. İndi də mərkəzdə rəhbərlik edən iqtisadçıdır, yəni sahə adamları deyil". Bunu mediaya açıqlamasında Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov deyir.

Yalniz bu fakt kifayətdir ki, Azərbaycan dövlətinin turizm siyasətini yerinə yetirən qurumun fəaliyyəti haqqında adamda aydın təsəvvür yaransın.

Azərbaycanda turizmin inkişaf dövrünün 1994-cü illərdən başlandığını iddia etmək olar. Həmin vaxt ölkədə otellər tikilməyə başladı. Biz dörd-beşulduz otellər tikməyə daha çox üstünluk verdik. Daha aşağı ranqli müştərilər nəzərə alınmadı və bazarın bu seqmenti son illərə qədər tamamilə itirilmis vəziyyətdə qaldı. Əhalinin və ölkəyə gələn turistlərin hamısı milyonçu deyil ki, gedib gecəsi 500-1000 manata və daha baha qiymətə başa gələn otellərdə qalsın. Bəs aşağı gəlirli əhalinin turizm ehtiyaclarını kim ödəməlidir? Aşağı gəlirli əhali seqmenti ilə iş qurulmadı. Hazırda da bu seqmentlə iş səmərəli qurulmayıb. Halbuki, bu seqmentdə ciddi tələbat var.

İkincisi, ölkədə otellərin və restoranların sayı nə qədər çox olsa da, bu obyektlərdə çalışan mütəxəssis yox dərəcəsindədir. Ona görə də əksər obyektlərdə xidmət çox aşağı səviyyədədir. Xaricdən dəvət olunan mütəxəssislər isə ölkənin milli xüsusiyyətlərini bilmir və ona görə də kobud səhvlər buraxırlar. Bu da biznesə öz mənfi təsirini göstərir. Digər tərəfdən, ərəbə Dubayda xidmət edən personalın Bakıda da ona xidmət göstərməsi ərəb turist üçün maraqlı görünmür. Üstəgəl, bütün turizm obyektlərində idxal qidalarına üstünlük verilir. İngilis Londonda gördüyü qidaların eynisini Bakıda görürsə, bu onun üçün çox maraqsız olur. Heç olmasa turizim obyektlərində milli mətbəximiz işləməlidir ki, xaricdən gələn turist üçun bu maraq doğursun. Məsələn, ingilis üçün kabab, qutab, plov və s. daha maraqlıdur, nəinki sendivic. Çünki o, Bakıdakindan da keyfiyyətli sendivici Londonda hər gün yeyə bilər.

Bütün bu strategiyanı işləyib hazırlayan və həyata keçirən peşəkar komandaya - yerli mütəxəssislərə ciddi ehtiyac var. Bu mütəxəssislərin hazırlanmasında isə Azərbaycan Dövlət Turizm Agentliyi ön planda olmalı idi. Lakin çox təəssüflər olsun ki, biz bunun şahidi ola bilmirik. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi, ölkədə az sayda olan mütəxəssisləri də müxtəlif intriqalar fonunda Agentlik ləkələyərək prosesdən kənarlaşdırır. Ona görə də Azərbaycan Dövlət Turizm Agentliyinin fəaliyyəti nəzərdən keçrilərək yenidən qurulmalıdır.

Ölkənin turizm sektorunun bir bəlasi da inhisarçılıqdır. Ona görə də ildən-ilə çarpayıların sayı artsa da, qiymət ucuzlaşmaq əvəzinə bahalaşır. Rəqabət mühitində isə çarpayıların sayı ilə qiymətlər tərs mütənasib olur. Yəni çarpayı sayı artdıqca qiymətlər ucuzlaşır. Turizm sahəsində bu mexanizmin işləməsi üçun mütləq rəqabət mühiti yaradılmalıdır. Əks təqdirdə çarpayıların sayı on dəfə də artsa, bu, qiymətlərə təsir etməyəcək. Qiymətlərin ucuzlaşması isə inkişaf üçün əsas faktorlardan biridir.

Akif NƏSİRLİ

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources