Berlin, 12 mart, AZƏRTAC
Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərinin qalibi olan Xristian Birlik partiyaları Sosial Demokrat Partiyası (SPD) ilə koalisiya danışıqlarını aprelin 14-də başlayan həftədə tamamlamaq istəyir. Koalisiya danışıqları martın 14-də başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Birlikdə yer alan Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) Fridrix Mertsin Kansler seçilməsini aprelin 23-nə planlaşdırıb. Əslində Fridrix Metrs Pasxa bayramına qədər Kansler seçilmək istəyirdi ki, bu da seçkidən təxminən 50 gün sonra demək idi. Müqayisə üçün, 2021-ci ildə koalisiyanın formalaşdırılması 73 gün, 2017-ci ildə isə 171 gün çəkmişdi. Bu il Pasxa bayramı bazar gününı - aprelin 20-nə düşdüyündən seçkinin planlaşdırılan tarixi Pasxadan sonraya təsadüf edir.
Koalisiya danışıqları ilə əlaqədar 19 işçi qrup yaradılıb. İşçi qrupları martın 24-dək öz hesabatlarını rəhbərliyə təqdim etməlidir. Yeni Bundestaqın ilk iclası isə martın 25-də keçiriləcək. CDU-nun rəhbər orqanının 10-11 aprel tarixlərində koalisiya müqaviləsinə rəsmi razılıq verməsi planlaşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin